Ümid Partiyasının sədri İqbal Ağazadənin “Qafqazinfo”ya müsahibəsi
- Seçkidən sonrakı vəziyyəti necə dəyərləndirirsiniz?
- Əlimdə 25 məntəqənin protokolu var. Bu protokollara əsasən seçkinin qalibiyik. Rəqəmlərin hamısı Mərkəzi Seçki Komissiyasının saytında saxta yazılıb. Seçkinin nəticələri mənim üçün gözlənilən deyildi, çünki mən seçicilərlə işləmişdim, qalib gələcəyimi bilirdim və qalib gəlmişəm. Bu protokolları nə mən, nə də mənim tərəfdarlarım tərtib edib. Protokolları tərtib edən məntəqə seçki komissiyalarıdır. Məntəqə seçki komissiyalarının üzvləri protokollara qol çəkib mənə təhvil veriblər. Mərkəzi Seçki Komissiyasının protokolları dəyişdirib, başqa nəticələr yazması barədə hüquqi addımlarımızı atacağıq. Bunun üçün dairənin yekun protokolunu gözləyirik.
- Hansı addımları atacaqsınız?
- İşimizi bir neçə istiqamətdə qururuq. Əvvəla onu deyim ki, bu məsələdə iki dəhşətli fakt var. Hərbçilərin olmadığı heç biri məntəqədə 1240 səsi heç bir namizəd almayıb. Yalnız bir dairədə bu səsi Araz Əlizadəyə yazıblar. Kimsə mülki məntəqədən bu qədər səs almayıb. O məntəqənin protokolunu bizə verməmişdilər. Bununla bağlı əlimizdə videomaterial var. Dörd mülki şəxslə bir yerdə məntəqə sədri protokolu verməyib. İkinci fakt yenə də 26- cı məntəqəyə aiddir. Respublikanın heç bir ərazisində əhalinin 99 faizi seçkilərdə iştirak etməyib. Amma 26- cı məntəqədə 1330 seçicidən 1315-i seçkidə iştirak edib və onun 1093-ü guya Araz Əlizadəyə səs verib. Maraqlı faktlardan biri də odur ki, 26-cı məntəqənin sədri dairənin katibinin qızıdır. 18-ci məntəqə isə dairə sədrinin qızının məntəqəsidir. Saxtakarlığın nümunələrinin harda olması artıq göz önündədir. Və bu iki məntəqənin fantastik nəticəsi hətta MSK-nın saxta elan etdiyi protokoldan kənar yazdığı səslərlə belə ləğv olunacağı təqdirdə, seçkinin nəticələri dəyişir. Birinci tələbimiz odur ki, bu iki məntəqənin nəticələri mütləq mənada ləğv olunmalıdır. Bununla bağlı şikayətimiz MSK-ya təqdim olunacaq. Bu məntəqələrin nəticəsini ləğv etmək üçün əlimizdə olan hüquqi əsaslar yetərlidir. Hüquqi və məhkəmə səviyyəsində qaldıracağımız məsələlər var. Çünki əlimizdə olan 25 protokolun nəticəsindən fərqli MSK başqa nəticələr elan edib. Bundan əlavə, 21-ci məntəqədə cəmi 75 seçici seçkidə iştirak edib. 48 səs mən almışam, 4 səs isə Araz Əlizadə. Araz Əlizadəyə götürüb 273 səs yazıblar. Yaxud da bir məntəqədə 702 səs almışam, Araz Əlizadə isə 11 səs alıb. Araz Əlizadəyə dəyişdirib 328 səs yazıblar. Araz Əlizadə 29- cu məntəqədə 3 səs alıb, götürüb yazıblar 152 səs. Amma mən 147 səs almışam, 147-si də qalıb.
25 məntəqənin ən azı 18-də nəticələr bu cürdür. Bəzən məlumat çatdıran tərəflər belə hesab edirlər ki, bunlar yalnız sözdür. Biz sözlə danışmırıq, əlimizdə protokollar var.
- Açıqlama vermişdiniz ki, vəziyyət çətindir...
- Mənim üçün yox, MSK və DSK üçün vəziyyət çox çətindir. 25 məntəqənin protokolu əlimdədirsə, buna kimsə cavab verməlidir. Demək olar ki, bütün məntəqələrlə bağlı əlimizdə videomateriallar var. Biz səs saymağa qədər heç bir qanun pozuntusu ilə rastlaşmamışıq. Qanun pozuntuları protokol əldə etməkdə oldu. Ona qədər korrupsiyaya da cəhd etdilər, imkan vermədik, başqa metodlara da əl atdılar, imkan vermədik. Şəfaf seçki keçirdik. Protokol yazılma anında isə, hər şey dəyişdi. Biz bacardığımız qədər 25 məntəqədən protokolları aldıq. Səs sayma ilə bağlı əlimizdə videomaterial var. Bizə verilən protokolun yekunu ilə videodakı yekunlar eynidir, amma MSK-nın saytında ayrıdır.
- Sosial şəbəkədə deyirlər ki, “125” lərin ayağı İqbal Ağazadəyə düşərli olmadı. Bir yer belə qazana bilmədilər.
- “125”lər bir düşüncədir, Azərbaycanın demokratikləşməsi üçün prosesdir. Falçılıqmı edirik, ayağı düşmədi deyirlər. “125”lər çox layiqli bir layihədir. Bundan sonra da bu xətt davam edəcək.
- Mandatdan kənar qalmağınızı Eldar Mahmudovun işdən çıxarılması ilə bağlıyırlar. Siz necə düşünürsünüz?
- Vallah məni bu ölkədə kimlə əlaqələndirməyiblər ki. Nə qədər adam var , hamıyla məni əlaqələndiriblər. Amma zaman keçib üstündən xətt çəkiblər. Zaman keçəcək yenə də hər şey öz yerini alacaq. Mən heç kimlə bu və ya digər şəkildə bağlı deyiləm. Bu yaradıcılıqdır, hekayədir. İnsanlar öz hekayələrinə inanmaq istəyirlər. Mən də şərait yaradıram, inansınlar. Siyasi fəaliyyətim kifayət qədər açıq və şəffafdır. Azərbaycan dövlətçiliyi, milli maraqları üçün həmişə açıq siyasət yürütmüşəm. Mənim şəxslərlə münasbətimdə nə problem, nə də bağlılıq var.
- Seçkiyə az qalmış müavininiz Ramin Hacılı barədə mətbuatda bir sıra ittihamlar irəli sürüldü. Seçkiöncəsi baş verən bu durumun seçkinin nəticələrinə təsiri ola bilərmi?
- Seçkinin nəticələrini saxtalaşdırmağamı? Nəticələr mənim xeyrimədir. Söhbət seçkinin nəticələrinin saxtalaşdırılmasından gedirsə, bunu o tərəfdən soruşmaq lazımdır ki, nə təsir etdi ki, bunu belə etdiniz? Mənim cavab verəcəyim sual odur ki, əlimdə olan 25 məntəqənin protokollarına əsasən seçkinin nəticəsinin qalibiyəm. Hər halda hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası məsələni araşdırmaq üçün müəyyən cəhdlər edəcək.
- Ölkədə növbəti seçki prezident seçkisidir. Partiya bu seçkilərdə iştirak edəcəkmi?
- Əlbəttə, iştirak edəcək. Biz düşüncəmizi, xəttimizi heç bir halda dəyişməyəcəyik. Çünki biz bunlara inanaraq yola çıxmışıq. Biz barışdan, insanları qucaqlamaqdan imtina etmək barədə heç düşünmürük. Çünki bu bizim düşüncəmizin gəldiyi qənaətdir. Biz Azərbaycanın demokratikləşməsini Avropaya inteqrasiyada, beynəlxalq birliklə münasibətdə, ölkə daxilində isə həmrəylikdə, masa arxasında problemlərin çözülməsində görürük. Kim düşünürsə ki, İqbal Ağazadə parlamentdə deyil, bu gün yürütdüyü siyasətdən əl çəkəcək, yanlış düşünür. O siyasət mənim harda olmağıma görə deyildi, hansı düşüncəyə malik olmağıma görə idi.
- Bu situasiyada özünüzü necə hiss edirsiniz?
- Normal hiss edirəm. Ola bilsin ki, MSK-nın elan etdiyi saxta nəticələrə görə, nəticə bizi üzə bilər. Amma görürsünüz ki, partiya da işləyir, normal münasibətlər var. Hər kəs gəlib gedir. Bizim xəyal qırıqlığımız yoxdur. Tək mən namizəd deyiləm ki. Partiya sıralarından 17 nəfərin namizədliyi var idi. Onların heç biri də istənilən nəticəni ortaya qoya bilməyib, yəni elan olunmayıb. Amma nəticəsi kifayət qədər uğurlu olan namizədlərimiz var və onların dairələrində də kifayət qədər problem var. Ona görə də proses davam edir, əhvalımız da yaxşıdır. Əgər qalib gəlməsəydik, bəlkə də məğlubiyyət haqqında düşünmək olardı. Amma bu gün o barədə ona görə düşünmürük ki, 17 dairənin hər birində analoji situasiyanın başqa formaları var. Ona görə də onların da qalib gəldiyi məqamlar çoxdur.
Günel Türksoy