“Mənə qarşı müharibə elan edilib”

mene-qarsi-muharibe-elan-edilib
Oxunma sayı: 748


“AZƏRROS” analitik-informasiya agentliyinin əməkdaşları Moskvada tanınmış ssenarist, dramaturq, rejissor və prodüser Rüstəm İbrahimbəyovla görüşüb. Azərbaycan və dünya mədəniyyətinin görkəmli xadimi son vaxtlar KIV-də onun adının hallandırıldığı məsələlərlə bağlı sualları cavablandırıb.


- Rüstəm bəy, Sizin ətrafınızda yaranan situasiya barədə, xüsusilə də “Yeni Azərbaycan” qəzetinin hücumları barədə nə deyə bilərsiniz?

- Həqiqətən son vaxtlar mənə qarşı Azərbaycan hakimiyyətinin təşkil etdiyi çirkin və yalan informasiyalarla hücuma keçiblər. Əslində mənə qarşı Prezident Administrasiyasının məmurları və hakim partiya funksionerlərinin iştirak etdiyi informasiya müharibəsi elan edilib. Bir neçə il əvvəl ölkədəki situasiyaya tənqidi münasibətimə görə mən respublika parlamentinin xüsusi iclasında müzakirəyə, daha doğrusu mühakiməyə çıxarılmışdım. Ancaq onda da, bu gün də mənə qarşı hücumlar dəf edilir və müstəqil ictimai təşkilatlar və nüfuzlu ziyalılar tərəfindən asan təkzib edilir. Ölkə rəhbərliyinin mənə və yaradıcılarından biri olduğum Azərbaycan Ziyalılar Forumuna qarşı belə aqressiv düşmən münasibətinin səbəbi nədir? Səbəb çoxdur. İyirmi il müddətində, Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən Azərbaycan Kinematorrafçılar İttifaqının rəhbəri kimi mən ölkə rəhbərliyindən milli kinematoqrafiyanın problemlərinə diqqət tələb edirəm. 2007-ci ildə prezident İlham Əliyevlə görüşümdən sonra ilk baxışdan situasiyanın düzəldilməsinə yönələn fərman verildi. Ancaq beş il keçdi və fərmanda nəzərdə tutulanların heç biri həyata keçirilmədi. Mən və həmkarlarım öz peşəkar və vətəndaş borcumuza uyğun hərəkət edərək hakimiyyətdən milli kinematoqrafiya qarşısında öz öhdəliklərini yerinə yetirməyi tələb edirdim. Buna mənim “Zerkalo” qəzetində dərc edilən Azərbaycandakı bugünkü situasiyanı kəskin tənqid edən “Zəng kimin üçün çalınır” yazımı misal göstərmək olar. Fürsətdən istifadə edərək bu məqalə çıxandan sonra məni dəstəkləyən hər kəsə, ilk növbədə sizin analitik-informasiya portalında geniş ictimai rezonansa səbəb olan müsahibəsi dərc edilən Söyün Sadıqova minnətdarlığımı bildirmək istəyirəm.

- Sizcə, bundan sonra situasiya necə inkişaf edəcək?

- Bizim yaxın tarixin təcrübəsi göstərir ki, hakimiyyətin bu cür qarşıdurmasının sonu müxtəlif olur. Ancaq gəlin yaxşıya ümid edək. Mənim ictimai fəaliyyətimə gəldikdə, mən və həmfikirlərimin heç bir siyasi ambisiyası yoxdur, hakimiyyətə can atmırıq. Biz yalnız ölkədə baş verənlər barədə həqiqəti demək kimi vətəndaş haqqımızı qoruyuruq. Hələ ki, biz buna nail ola bilirik. Mən əminəm ki, bizim fəaliyyətimiz ölkəyə və hakimiyyətin bəzi sağlam düşüncəli nümayəndələrinə də lazımdır.

- Sizə qarşı başlanan bütün bu çirkin kampaniya yəqin çoxlu vaxt və enerji alır. Bu Sizin işinizdə, yaradıcı fəaliyyətinizdə əks olunur?

- Ümid edirəm ki, yox. Bu yaxınlarda “Sığınacaq” adlı pyesimi başa çatdırmışam. Orada baş verən hadisələrin birbaşa Bakı ilə əlaqəsi yoxdur; bu, ümumbəşəri tarixçədi, bizim günlərdə baş verən pritça. Xalqımızın tarixi qəhrəmanlığına - Azərbaycan Demokratik Respublikasının yaradılmasına həsr edilən ssenari üzərində işləyirəm. Mənə elə gəlir ki, bu gün 1918-1920-ci ilərdə baş verənlərin əhəmiyyəti şüurlu şəkildə azaldılır. Ancaq məhz onda, fikirlərin mürəkkəb mübarizəsində bizim dövlətçilik və milli ideologiyanın təməli qoyulub. Hadisələrin bizim xalqın xeyrinə inkişaf etməsinə türk ordusu böyük təsir edib. Azərbaycanda olduğu dörd ay müddətində Bakını azad edib və milli silahlı qüvvələr yaradıb, bu zaman minlərlə əsgərini itirib. Təəssüf ki, bütün bu möhtəşəm hadisələr nə tarixi əbədiyyatda, nə də kinoda indiyə qədər layiqincə əks olunub. Nəsrləri yazmaqda davam edirəm. Bu günlərdə Amerikada mənim çoxdankı “Günəş kələfi” romanım çıxıb. Həmin nəşriyyat yarım ildən sonra müxtəlif vaxtlarda yazdığım povest və hekayələrin məcmuəsini buraxacaq. Bioqrafik xarakterli kitab barədə düşünürəm, zəruri materialları toplayıb sistemləşdirirəm. Ümumiyyətlə, planlarım çoxdur; faktiki olaraq hər gün işləyirəm və bu da mənim üçün, yaxın adamlarımla ünsiyyət istisna olmaqla, hər şeydən vacibdir.

- “Zəng kimin üçün çalınır” məqalənizdə Siz Qarabağ münaqişəsi ilə məşğul olacaq analitik mərkəzin olmadığı barədə söz açırdınız. Siz özünüz onu necə görürsünüz?

- İstənilən mürəkkəb situasiyanın hərtərəfli qiymətləndirilməsinə əsaslanan və bu situasiyadan çıxmaq yollarını seçmək metodologiyasını təklif edən proqnozlaşdırma elmi mövcuddur. Qarabağ münaqişəsinə uyğun olaraq hər şey konfliktoloji modelin yaradılmasından başlamalıdır; təəssüf ki, bu olmayıb və bu gün qəbul edilən qərarlar subyektiv, elmi cəhətdən əsaslandırılmamış xarakter daşıyır. Ümumiyyətlə, Azərbaycanda elmə sosial tələbat yoxdur. Çoxdan sübut olunub ki, əgər dövlət elmə büdcənin 2%-dən az hissəsini xərcləyirsə, elm ölkə həyatına təsirini itirir. Azərbaycanda təhsilin necə dəhşətli vəziyyətdə olduğunu bilirik. Bunlar da qarşılıqlı əlaqəli şeylərdir. Bütün dünyada beynəlxalq universitetlər, eyni zamanda dünyanın ən yaxşı alimlərinin çalışdığı böyük elm mərkəzləridir. Bakıda belə universitetin yaradılması təhsil və elmdə bir çox problemlərin həllinə yardım edə bilərdi. Ancaq bunun əvəzinə yüz milyonlarla manat hər il gül bayramlarına xərclənir.

- Qarabağ probleminin görüntüsü Sizin yaradıcılıqda əks olunurmu?

- Təəssüf ki, mən nadir hallarda miqyaslı əsərlərin yaradılması ilə məşğul oluram. Bu fikrin tərəfdarıyam ki, okeanda suyun tərkibini öyrənmək üçün onun dadına baxmaq vacib deyil. Mikroskop altında bir damlasını nəzərdən keçirmək yetər. Adətən, mən kiçik görünən tarixçəni danışıram, ancaq orada həyatı və zamanı tam həcmdə əks etdirməyə çalışıram. Mənim onlarla beynəlxalq festivallarda, o cümlədən Berlin və Karlovı-Varı festivallarında nümayiş etdirilən “Ailə” adlı filmim var. Film ailə problemlərinə həsr olunub, azərbaycanlı ailənin “Bakı qırğınları” adlanan hadisələrdə erməni ailəsinin necə xilas edilməsindən söhbət gedir. Ancaq hadisələrin gedişində geniş tarixi panorama yaranır, 1990-cı ildə bu faciəli hadisələrin əsl təşkilatçıları üzə çıxarılır. Bu yaxınlarda Qarabağ problemi ilə bağlı olan daha bir ssenarini tamamladım. Gələcək filmin əsasını Sumqayıt hadisələri təşkil edir. Ancaq Azərbaycanın Mədəniyyət Nazirliyini bu mövzu maraqlandırmadı.

- Sizin adınızın ətrafında başlanan kampaniya Azərbaycanı şərti olaraq iki düşərgəyə bölüb. Birinci düşərgədə sizi ölkədəki situasiyanı tənqid etməkdə günahlandıranlar, o birində Sizi fəal müdafiə edənlərdir. Bu situasiyanı necə şərh edərdiniz?

- Mənim həyatımda bu ilk belə hadisə deyil. 1969-cu ildə mənim ssenarim əsasında “Bir cənub şəhərində” filmi çəkilmişdi. Azərbaycan KP MK-nın mətbu orqanı olan “Bakinski raboçi” qəzetində tərifləyici, MK-ya məxsus “Kommunist” qəzetində darmadağın edən məqalə dərc edildi. Tamaşaçılar da bölündü: bir qismi bizi öz xalqımızı biabır etməkdə günahlandırırdı, o biriləri dəstəkləyirdi. Təbii ki, əgər sən hakimiyyəti tənqid edirsənsə, ona xidmət edənlər tərəfindən tərif gözləməyə dəyməz. Belələri çoxdu və özlərini çox fəal aparır. Ona görə də həqiqət tərəfdarlarının az olduğu təəssüratı yaranır. Ancaq susan çoxluq da var - onlar baş verənlərə tənqidi yanaşır, ancaq bu barədə açıq danışmağa cəsarət etmir.

- Siz əslində eyni vaxtda həm Moskvada, həm də Bakıda yaşayırsınız. Moskvadakı icmaların Sizin ətrafınızda baş verənlərə reaksiyası necədir?

- Mən 2003-cü ildə Ümumrusiya Azərbaycan Konqresini yaradanlardan biriyəm. Bu zamana artıq Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (“AzərRos”) mövcud idi. Ancaq milli-mədəni muxtariyyətin fəaliyyətində müəyyən məhdudiyyətlər var: o, siyasi fəaliyyətlə məşğul ola bilməz. Biz hesab edirdik ki, ikinci təşkilatın yaranması bir-birinin fəaliyyətini tamamlayan tandem yaradacaq. Təəssüf ki, Azərbaycan Konqresində dərhal “AzərRos”a qarşı ehtiyatlı, qısqanc münasibət yarandı. Mən bunu düzgün hesab etmədim və çox ciddi işlər aparan bu təşkilata üzv olmaq qərarına gəldim. Çətin günlərdə “AzərRos”dan aldığım dəstəyə görə minnətdaram. Ümumrusiya Azərbaycan Konqresinə gəldikdə, bu təşkilat susmaqda davam edir.

- “İbrus” teatrı həm Moskvada, həm də Bakıda mövcuddur. Bakı tamaşaçısı Moskva tamaşaçısından nə ilə fərqlənir? Yaradıcılıq mənasında Siz harada özünüzü daha rahat hiss edirsiniz? Sizin yaradıcılığınıza daha çox harda anlayış görürsünüz?

- Azərbaycanda çox mürəkkəb mədəni situasiya mövcuddur. Məsələn, Bakıdakı yüz kitab mağazasından cəmi bir neçəsi qalıb, respublikanın başqa yerlərində, ümumiyyətlə, yoxdur. Satılan kitablardan yalnız 50%-i Azərbaycan dilindədir. Tamaşaçılarla da bağlı böyük problem var - həm kino, həm də teatrda. Azərbaycan dilində pyes baş-altı nümayişlik tamaşaçı toplayır. Rusdilli 20-30 tamaşalıq bəs edir, təbii ki, rus dilində olan tamaşalarda. Moskvada tamaşa bir neçə il oynanıla bilər. Moskva - teatr şəhəridir. Bizim teatr Rusiya boyu qastrollara gedir və hər yerdə, ən müxtəlif şəhərlərdə zallar tamaşaçı ilə dolu olur. Biz Tümendə, Nijni Novqoroda, Saranskda, Omskda, Mahaçqalada oynamışıq. Qastrol səfəri ilə hara getməyimizdən asılı olmayaraq mənim tamaşaçılarla görüşlərim olur. Onların mənə verdikləri suallardan bəlli olur ki, zalda oturan adamlar mənim yaradıcılığımla tanışdır. Azərbaycanda müsahibə verəndə bəzən məlum olur ki, hətta jurnalistlər ən yaxşı Azərbaycan filmləri və tamaşalarını görməyib, tanınmış yazıçıların əsərlərini oxumayıb. Hakimiyyət bununla məşğul olmalıdır, hüquqi dövlətdə yaşamağa can atan ziyalılarla mübarizə aparmamaldır. /azadliq.info/