“Məni qorumadın, kəndim...” –Zakir Sadatlı

meni-qorumadin-kendim-zakir-sadatli-
Oxunma sayı: 939







TƏRCÜMEYİ – HALIMIN ÜÇ QARĞIŞDA

ÜZÜ VƏ ASTARI

Birinci qarğış: “Qolların qələm olsun!..”


Qələmin ucunu ürəyimin qanına batırıb yazmayanda xəttim pis düşür.
Söz ağlıma batmayanda fikrin rəngi-ruhundan gözüm su içmir. Bu zalım cümlələr var ha, mənə çox qan uddurur. Onları yola gətirənəcən anadan əmdiyim süd burnumdan gəlir.
İndi özümə tuşladığım ən böyük silah QƏLƏMdir.
“Qolların qələm olsun!” – demişdilər... Oldu!

***

İkinci qarğış: “Dilin lal olsun!..”

Dindirən olmasa, özüm haqqımda çox şey deyərəm...
Nə qədər ki, uşaq idim, böyüklər kimi fikirləşirdim – böyüyəndən sonra başladım uşaq kimi düşünməyə. Yəqin elə buna görə də, ürəyimlə bildiklərimi ağlımın qəlibinə sala bilmirəm. Onlar öz aralarında “lal dili” danışırlar.

“Dilin lal olsun!” – demişdilər... Oldu!

***

Üçüncü qarğış: “Ürəyinə qızıl güllə dəysin!..”
Həyatın qıpqırmızı yalanları ən çox ürəyimi dəlib keçir. Qızıldan qiymətli bildiyim fikirlər indi o yaraların içində yaşayır. Ürəyimdəki o “qızıl güllələr”in parıltısını görən adamlar adım səslənən yerə “qızıl kimi oğlandı!” nidasını qoyurlar. İndi-indi ağlım kəsir ki, qızıl güllə DƏYƏRdir, dəymək deyil.

Nə demişdilərsə, o da oldu!


Nooldu... döndü vələdin,
And içdin din düzə, yalana...
Bir quzun itdi...mələdin,
“İtkinim!” - deyib balana-
Niyə aramadın, kəndim?!

Dərd telimi darayan gün
“Ana!” deyib zarıyan gün
Ağlamaqdan səsim batıb,
Göz yaşlarım quruyan gün
Niyə qurumadın, kəndim?!

Bici, axmağı qorudun,
Evi, daxmanı qorudun
Mərci, paxlanı qorudun
Məni qorumadın, kəndim...

Day qoyma ağıl başıma
Day səpmə noğul başıma...
Kül mənim oğul başıma,
Məndən yarımadın, kəndim!..