***
Düzdür, “Qara qulaq ağ bim”dən əvvəl “Mumu”nun faciəsindən xəbərdar idim. Lakin “Mumu” mənə itin daxılı çırpıntılarını, öz sahibinin xiffətini çəkmək kimi kövrək, ona sədaqət nümayiş etdirmək kimi prinsipial xüsusiyyətlərini göstərə bilməmişdi. Açığı, bədbəxt Gerasimə daha çox yazığım gəlmişdi, nəinki onun boğub öldürdüyü itə. “Bim” isə mənim itlər barədə təsəvvürlərimi tamamilə dəyişdi... İllər ötdükcə anladım ki, doğrudan da qorxulu olan itlər yox, elə adamların özləriymiş! Seyid Əzimin sarkazmındakı yaramaz mollanın it təqdimatı da əlbəttəki ədalətsizdir, uyğunsuzdur – İt bizlərdən biri deyil! O, safdır, hiyləsizdir, xəyanətlərdən, pisliklərdən uzaqdır! İt paxıl olmur, mərdiməzarlıq etmir, söz aparıb, söz gətirmir, başqasının işinə qarışmır, ev yıxmır, ailə dağıtmır, başı girməyən yerə bədənini soxmur, fahişəlik etmir, oğraşlığa sürüklənmir, priton işlətmir, 10 yaşlı qızcığazı xəlvətə salıb zorlamır, 700 qram kartofu 1 kilo adı ilə satmır, rüşvət almır, cibə girmir, qumar oynamır, narkotikadan uzaqdır, alkaqol qəbul etmir, yollarda çoxsaylı insan təlafatı ilə nəticələnən qəzalar törətmir, iki sot torpaq üstündə adam öldürmür, qaynatasının evinə gedib 5 nəfərin yatdığı otağa “limonka” atmır, quruca bir söz üstündə 20 yaşlı gəncin ürəyinə 9 dəfə bıcaq vurmur, sələm vermir, adamları faizə otuzdurmur, terrorçu olmur, “Allahu əkbər” deyib, baş kəsmir, İŞİD-ə qoşulub vəhşiliyin ən müxtlif formalarını nümayiş etdirmir, başqasının torpağını işğal etmir, soyqırım törətmir, ...mir, ...mur, ...mır, ...mür... Topu yox, topxanası yox, müharibədən, qandan-qadadan kənardır - İt tər-təmiz varlıqdır –
bizlərdən biri deyil!
***
İtlərdən təsadüfən söz açmadım. Bakı Bulvarındakı bir günlük müşahidəmdən doğdu bu yazı. Dünən Bulvarda gördüklərim əslində üzücü idi, təəssüfümü doğururdu, amma həqiqət idi, gerçəyin natural formasının aydın nümayişi idi. Hə, it bu yazıya bilavasitə dəxli olan fiqurdur. Hətta bu yazıda onun haqqı da var - mənə nələrin dəyişdiyini, adamların bir-birindən nə qədər uzaq düşdüyünü göstərdiyinə görə...
Adamlar adamlardan o ki var çəkiblər. Adamların qarşılaşdığı bütün pisliklər ancaq adamlardan gəlir - Adam adama düşmən kəsilib! Daha adamlar bir-birinə ürək qızdırmır. Allahın yaratdığı bu ali varlıq - bəşəriyyətin şüurlu kəsimi getdikcə dili-ağızı olmayan heyvanlara meyil salır, onlara qucaq açır, onlara istilik verir. Dünən bulvarda qarşılaşdığım mənzərə məndə buna əşhədu əminlik yaratdı. “Qafqazinfo”nun baş direktoru Elbrus Ərudla demək olar ki, hər gün Bulvara gəzintiyə çıxırıq. Bu dəfə o, itini də özü ilə gətirmişdi. Adı Tonidir. O, alman cinsi olsa da Krımda anadan olub. Elbrus onu bir neçə ay əvvəl sifarişlə Azərbaycana gətizdirib. Toni hələ 6 aylıq olsa da, boylu-buxunludur, yüksək enerjiyə malikdır.
“Ay maşallah, ay maşallah...”. Bulvarda təmizlik işlərilə məşğul olan bir qadın Tonini görən kimi, elə belə də dedi. Açığı, ikimiz də təəccübləndik: İtə də maşallah deyərlər?
- Nə? Maşallah?
- Hə! O da Allahın yaratdığı canlıdır də, maşallah deməyib, bəs nə deyəsən?
Xadimə qadın Toninin su içmək istədiyini hiss edərək su kranının altındakı içinə yuyucu məhlul atılmış vedrəsini kənara çəkdi – “Buyur iç!” Xadimə qadının bütün diqqəti Toniyə yönəlmişdi. Bizim dediklərimizə əhəmiyyət belə vermədən Toninin suyu necə səliqə ilə içdiyinə tamaşa edir, dodağının altında nəsə pıçıldayırdı...
Təzəcə yola düzəlmişdik. Dənizin kənarı ilə qol-qola gəzən cütlüyün reksiyası da xadimə qadının münasibətindən fərqlənmədi. Orta yaşlı xanım itə heyran olduğunu gizlətmədi:
- Caaaaan, sən nə qəşəngsən. Adın nədir sənin? Sən buralıya oxşamırsan, haralardan gətiriblər səni?
Xanım dayanmadan Toniyə sual verir, əli ilə onun boynunu, sinəsini sığallayırdı.
- Adı Tonidir, altı aylıqdır. Krımdan gətiriblər...
Elbrus suallara cavab versə də xanım deyəsən onu, heç eşitmədi də. Hətta nədənsə mənə elə gəldi ki, bu xanım suallarına Toninin özününün cavab verəcəyini gözləyirdi, onun danışmağını istəyirdi... O, iki əlilə Toninin sifətindən tutub, onu öz üzünə yaxınlaşdırmışdı. Burnunu burnuna sürtür, gah gülür, gah da Toninin gözlərinin içindən nəsə oxumağa çalışırdı. Ona elə diqqətlə, səmimiyyətlə baxırdı ki... Unutmuşdu hər şeyi – bayaqdan qol-qola gəzdiyi adamı, ona kənardan tamaşa edənləri hiss etmirdi elə bil... Mənsə içimdəki suallara bircə-bircə cavab tapırdım: Bu qadın adamlardan yorulub! Bu qadın adamların yalanlarından, qeybətindən, şər-şəbədəsindən usanıb! Ürək qızdırmağa, sirrini bölüşməyə həmdən tapa bilmir. Bayaqdan onunla qoşa addımlayan adama da inanmır, yalan danışdığına əmindir. Çiyin-çiyinə olsalar da düşüncələri, duğuları yanındakı adamdan uzaqdadır... Amma Toniyə inanır, ondan təhlükə gəlməyəcəyinə əmindir. Bilir ki, xəyanətlərdən uzaqdır, sədaqətlidir, etibarlıdır...
***

Düçüncələrə qərq olmuşdum. O xanımın Tonidən uzaqlaşdığını hiss etmədim. Necə getdi, necə ayrıldı, görə bilmədim. Bir də başımı qaldırdım ki, Toninin yanında balaca bir uşaq var. Qorxmurdu, əlini Toninin ağzında gəzdirir, üzünü sığallayır, hətta onu möhkəm-möhkəm qucaqlayırdı da. Toni də bu vəziyyətdən xeyli məmnun görünürdü. Oynamaq, atlanmaq, oyan-buyana qaçmaq istəyirdi... Deyəsən bu uşaq da anlayırdı ki, dünyanın ən etibarlı və saf varlığı ilə üz-üzədir. Toni onun valideynlərindən baxçaya qəbul üçün pul istəməyəcəkdi. O, bu uşağa istifadə müddəti bitmiş “kaşalar” satmayacaqdı, onu qaçırıb əvəzində atasından milyonlar tələb etməyəcəkdi, ...di, ...dı, ...di, ...dı! Bu körpə bəlkə də fərqindəydi ki, həyatında daha heç vaxt bu qədər təmiz, səmimi və etibarlı varlıqla qarşılaşmayacaq. Gələcəkdə hansı işin sahibi olmasından, hansı imkanlara yiyələncəyindən asılı olmayaraq, Toni ona malına, puluna, var-dövlətinə görə qiymət verməyəcək. O böyüdükcə adamlar onu vuracaq, ayağından çəkəcək, paxıllıq edəcək, həyatını müzakirəyə çıxaracaq, evinin, ailəsinin işinə qarışacaqlar... Bəlkə də onu öldürəcəklər, maşınla vurub yolun bir kənarına atacaqlar, məişət zəminində baş vermiş mübahisə zamanı balta ilə vurub başını parça-parça edəcəklər, ya da qumar oynamağı öyrədəcəklər, narkotik maddələr təklif edəcəklər, oğurluğa sürükləyib sonra da həbs edəcəklər və beləcə adamlar qıracaq onun həyatını... Toni isə bütün bunlardan uzaq varlıqdır, adamın həyatını məhv etməz!
Beləcə Bayraq Meydanından “Morvaqzal”a qədər qarşımıza çıxan adamların hamısı Toninin yanında ayaq saxladı. Bir-birilərinin yanından düz ötən, Allahın salamını beə almayan, ətrafdakılara əhəmiyyət verməyən, hansısa dərdini gözlərinin dərinliklərində gizlədən, çiyinlərində ağır bir yük daşıyırmış kimi ikiqat qalan adamların hamısı Toniylə görüşdülər... Bir qızcığaz onu necə bağrına basırdı, bir görsəydiz...
***
Elbrusun telefonuna zəng gəldi. Millət vəkili Əli Hüseynli idi. Hansısa yazı barədə fikirlərini bildirməyə zəng etmişdi. Danışıb qurtaran kimi Elbrus telefonunda nəsə axtarmağa başladı:
- Yenə? Əşi onu qoy bir kənara söhbətimizi edək...
- Dayan, Əli müəllim Tonini görmək istəyir. Yaddaşda şəkilləri var, ona göndərirəm...
Bir qədərdən sonra telefona cavab mesajı gəldi. Bu dəfə Əli Hüseynli öz pişiyinin şəklini göndərmişdi...
Qarşıda millət vəkilləri Cavanşir Paşazadə və Hüseynbala Mirələmovla da raslaşdıq. Diqqət yenə də Tonidəydi.. Və artıq əmin oldum ki, adamların hansı zümrəyə, hansı sosial qrupa aidliyindən asılı olmayaraq, bu dilsiz-ağıssız varlığa münasibət eynidir. Bulvarda təmizlik işlərilə məşğul olan xadimə qadının Toniyə münasibətilə deputatların ona diqqəti arasında heç bir fərq görmədim. Fərq ancaq bu admların geyimlərində idi. Onlar bahalı kostyumda, o qadın isə arxasında “Bulvar - təmizlik” yazılmış uniformada...
***
Adamların hansı hala düşdüyünü gözlərimlə gördüm – Adamlar bir-birindən uzaqlaşır! Ətrafdakılara, qarşıdan gələnlərə, “dönər” satan, çay verənlərə potensial cinayətkar kimi baxır, onları pislik daşıyıcısı hesab edirlər... Təbbi ki, çay satanlar da müştərilərinə belə yanaşır - Qarşılıqlıdr! Bulvarın düz ortasındaca dayanıb ucadan qışqırsaydım ki, SÜLHƏ GƏLİN, EY İNSANLAR, YOXSA DÜNYA MƏHV OLAR, yenə nəsə dəyişməyəcəkdi. Bunu çoxdan deyiblər, yazıblar və hətta oxuyublar da. Amma dünya hələ də od-alov içindədir, günahsız körpələrin qanına boyanıb... Bax elə ona görə də hamı Toniyə qucaq açır!..
***
Gəzintini başa vurub yeraltı avtomobil dayancağına düşdüm. 10 manatlıq əskinazı aparata salıb qalığını gözləyəndə məlum oldu ki, texniki problem yaranıb. Bir qədər aralıda dayanan nəzarətçini köməyə çağırsam da o, heç başını da qaldırmaq istəmədi. Bir də səslədim, nəzarətçi yerindən tərpənmədi. Əsəbimdən ucadan qışqırdım: “Ay qaqaş, mənim adım Tonidir!” Nəzarətçi iti addımlarla aparata yaxınlaşıb pulun qalığını çıxardı. Mən də, nəzarətçi də çaş-baş vəziyyətdə idik. Mən onun Toni adından niyə çəkindiyini düşünür, o isə Toninin kim ola biləcəyini...
Maşını dayanacaqdan çəxararkən hiss etdim ki, nəzarətçi hələ də fikir içindədir. Gözlərini mənə zilləmişdi. Onun yanından ötəndə pəncərəni açıb elə beləcə də dedim: “Mən adamam!”/Azerfax/
Nicat Dağlar