Millət vəkilinin kitabı...

millet-vekilinin-kitabi
Oxunma sayı: 1756


YAZARDAN

“Kimlər ki, gələcək üçün çalışır, onların keçmişi mühakimə etmək haqqı vardır”. Fridrix Nitsşe

Fikir, düşüncə və yaradıcılıq mənasında geriliyimizin səbəblərini illərdir araşdırdığımızda, iki başlıca amilin təsiredici izlərini gördük: yanlış din şüuru və yanlış tarix şüuru. Bu iki natamamlığımız tarix zamanı boyunca ictimai tərəqqiyə doğru istiqamət götürməmizi əngəllədiyi kimi, gələcəkdə də bizləri amansızcasına təqib edəcək, müasir formamızın içində dəyişməz bir geriçilik aurası hər zaman başımızın üzərindən qara bulud kimi asılı qalacaqdır. İslam dininin gözəlliklərini İran dininin cəhaləti ilə əvəz etmiş, Azərbaycanlı kodu altında Türk kimliyini dar bir coğrafi və düşüncə ərazisi ilə məhdudlaşdırmış xalqımızın, milliyyətimizin, cəmiyyəti¬mizin gələcək hədəflərini, düşmənə qarşı müqavimət duyğusunu formalaşdıracaq Dövlət müəssisəsindən başqa, əlahiddə bir dəyəri demək olar ki, ortada yoxdur. Tarixi əxlaq, ənənələr, mental dəyərlər müasirlik modelimizi qurmaqda yardımçı vasitəyə deyil, əsasən əngələ çevrilmişdir. Bu Dövlətin isə bazisində İmanlı və Sağlam Tarix şüuru olan insan amili sabit şəkildə yer almayanda, nəticə Qarabağın itirilməsi olacaqdır, nəticə düşüncə olaraq iranlılaşmış, farsların Şüubiyyə dünyagörüşünün təqlidçisi olan milyonlarla insan yığını olacaqdır.

Biz, artıq ərazi olaraq təsəvvürümüzdə qurduğumuz Bütöv Azərbaycanın əsas komponenti olan insan obrazının İrançı din və düşüncə sistemindən uzaqlaşmayınca, bir uğurlu gələcək formalaşdıra bilməyəcəyinin əminliyini daşıyırıq. Özlüyündə millətimizin qurtuluşu üçün ülvi və zəruri olan belə bir ideyanın riskli, vahiməli nəticələr doğura biləcəyini indidən iki toplum arasında düşüncə fərqliliyimizə baxaraq proqnozlaşdırmaq olar. 1989-cu ildə iki fərqli ideoloji sistem içində yaşayan bir xalq arasında tikanlı məftillərin dağıdılmasından sonra, illərcə şairlərimizin duyğuları ilə tərtib etdiyi əvvəlki mənəvi birlik ideyasını da alt-üst edən daha dərin ayrılığın şahidi olduq. Hamımızın ümidlə baxdığımız İran türkünün özünü Azərbaycan türkü kimi tanıması prosesinin güclənməsi əvəzinə, din faktorunun təsiri ilə Azərbaycan türkünün İranlı kimliyinə bağlanışı prosesinin gücləndiyini müşahidə etdik. Artıq qəbul etməliyik ki, modern milli düşüncəmizin öndəri Məhəmməd Əmin Rəsulzadənin model olaraq gördüyü uzlaşma bağımız olan “Əsrimizin Siyavuşu” Gələcəyimizin Siyavuşu ola bilməyəcəkdir. Çünki İrançı-Şüubiyyəçi düşüncə hər zaman vücudumuzda bir qanqren özəlliyi daşıyacaqdır və bu qanqren ənənə, din, milli mentalitet adları ilə vücudumuzun xəstəliyini sonsuzadək davam etdirəcəkdir. Ona görə də say hesabı ilə ərazini dolduran Bütöv Azərbaycan əhalisi ilə boşuna qürur duymaq yerinə, yeni dünyanın tələblərini, şərtlərini oxumağa, yaşamağa çalışan Ərdəmli Azərbaycan insanı ideyasını önə çəkməyi düşündük. Burada indiyədək xəyallarını yaşadığımız yanlış ideyaların illüziyası ilə sizləri aldatmayacağıq, çünki XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçayla başlayan bir rus işğal faktı ilə yanaşı, modern dünyaya vəsiqə aldığımız, yüzillərlə davam edən ortaçağ cəhalətindən və İran kültür məkanından aralandığımız tarixi şansı geri çevirməyə haqqımız olmadığını düşünürük. Biz artıq tariximizin qədimliyini sübut etmə yarışında başımızı girləməyəcəyik, özümüzün necə gənc, dinamik və günün suallarını cavablandırmağa hazır olan bir cəmiyyətə çevrilmə hədəflərindən danışmağa üstünlük verəcəyik. Fikrimizcə, ərazidə məskunlaşmamızı daha qədimlərə daşıma cəhdləri bizi daha güclü və qədim İran mədəniyyətinin, fəlsəfəsinin, dini ənənələrinin içində əritməyə yönləndirir. Əksinə, bizlər düşüncəmizi, tariximizi bu kültür məkanından qopararaq daha irəlici bir türk kültür dairəsinin güclənməsinə dəstək verən faktora çevrilməliyik.

Ayrı-ayrı elmi-publisistik məqalələri, “Azərbaycan türkünün İman davası” (Ankara, 1997) və “Türk kimliyi və Azərbaycan Vətəni” (An¬kara, 1998) kimi araşdırmalarımızı əslində indiyədək bu prob¬lemlərin çözümünə yönələn cəhdlər kimi qiymətləndirsək də, məsələyə davam edən bir proses kimi baxmaqdayıq. Aradan illər keçəndən sonra vaxt məsafəsini düşünərək, həmin əsərlərdəki görüşlərimizi bir daha təftiş etməyi düşündük və bu görüşlərdə xeyli dəyişikliklər aşkara çıxardıq. Ona görə də həmin əsərlərin ideyası əsasında, qismən formasında və əsasən mahiyyətində xeyli ciddi dəyişikliklər edərək və yeni mənbələrlə zənginləşdirərək, bu kitabı ərsəyə gətirdik. Bu əsərdə birmənalı qarşılanmayacaq, hətta ciddi etirazlar doğuracaq fikirlər, yanaşmalar olduğunu bildiyimizdən, onu yeni nəslin daha anlayışla qarşılayacağını düşünürük. Tarix bir elm deyil, çünki elm hər şeyin isbatını tələb edir. Tarix bir yorumdur, şərhdir, izahdır və bunlar da yorumlayanın, şərh edənin, izah verənin hadisəni subyektiv olaraq necə qavramasını və təqdim etməsini ehtiva edər. Unutmamalıyıq ki, fikirlər, görüşlər həqiqət olmadığına görə dəyişə bilir, dəyişməyənsə həqiqətin özüdür. Ona görə də tarixlə bağlı yazılan fikirlərə, görüşlərə həqiqət möhürü vuraraq yekunlaşdırmaq ciddi qəbul oluna bilməz. Azərbaycanda indiyədək mövcud olan saxta tarix ənənəsinə də məhz bu baxış bucağından yanaşmalıyıq. Təəssüf ki, Azərbaycanda tarix fəlsəfəsi ayrıca bir predmet olaraq tədris olunmadığından və inkişaf etmədiyindən, mənbəşünaslıq, arxivşünaslıq istiqamətində çalışmalar tarix tədqiqatlarının məhsulu kimi önə çəkilmiş, buna müvafiq olaraq da tarixçilik xüsusi bir ixtisas və tədqiqatçı kateqoriyası kimi tanınmışdır. Halbuki tarix bilavasitə fəlsəfənin obyektidir və uzaq-yaxın keçmişin bütün hadisələri fəlsəfi mühakimənin inandırıcılığı ilə dərk oluna bilər.

Biz o düşüncədəyik ki, müstəqil dövlət qurana qədər bir müstəmləkə subyekti olaraq öz tarixi zənginliyimizi qabartmaq üçün hansısa ruhlandırıcı qəhrəman modellərindən, məchul dövlətçilik tarixindən, xüsusi tarixi gün və ya hadisə rituallarından yararlanmaq istəklərimiz anlaşılan və yol verilən sayıla bilərdi. Necə ki, Tomris, Cavanşir, Babək, Səfəvi İsmayıl, mifik Koroğlu, Səttarxan, Xiyabani, Pişəvəri və başqa bu qəbildən olan tarixi-mifoloji personalara sitayişimiz, eləcə də Şumer, Manna, Midiya, Atropaten və başqa dövlət quruluşlarına sahiblənməyimiz anlayışla qarşılanmalıdır. Hazırda bu qəbildən olan hərəkətləri Azərbaycanın cənubunda daha tez-tez müşahidə edirik. Babək qalasına yürüşlər, Şah İsmayılın tutduğu ərazi xəyalları, Təbriz inqilabları haqqında mifə çevrilmiş mətnlər, Zöhtabinin qədimləşdirdiyi tarixə vurğunluq indiki müstəmləkə şərtləri içində milli oyanışı gücləndirmək üçün taktiki baxımdan bəlkə də məqbul sayıla bilər. Lakin müstəqil dövlət quruculuğundan sonra başqasına özümüzü, müstəqil olma haqqımızı isbatlamaq məcburiyyəti yaşamadığımız bir mühitdə reallıq duyğusunu itirməməkdən ötrü tarixə, keçmişə bütün əşyaların və hadisələrin faydalılıq keyfiyyətini axtarmaq niyyəti ilə baş vurmalı, müasir cəmiyyətimizin insanını saxta və yalançı keçmiş nağılları ilə aldatmaqdan uzaqlaşmalıyıq. Gündən-günə tariximizi bir əsr qədim nöqtəyə çəkmək, dünya yaranandan bu coğrafiyada mövcud¬luğumuzu iddia etmək, əsl soykökümüzü, bölgəyə gəliş məq¬sə¬di¬mizi doğru təhlil etməmək bizi, sadəcə, həqiqətdən, gerçək keçmişimizi idrak etməkdən uzaqlaşdırmır, keçmişin mənasız qüruruna qapılaraq və hadisələrin faydasız mübahisəsinə aludə olaraq bu günün prob¬lem¬lərini çözməkdən uzaqlaşmağa bəhanə amilinə çevrilir.

Bütün bu kimi problemlərə yeni və fərqli baxışı nəzərdə tutan bu kitab sırf bir tarix əsəri deyildir. Fəlsəfə və sosiologiya sahələrinə uyğun gələn məqamlar olsa da, ancaq bu qəbildən də sayılmamalıdır. Bu, qaynaqlara, mənbələrə isnad edərək yazılmış elmi-kütləvi üslubda və hər kəsin anlayacağı dildə təqdim olunan fəlsəfi, sosioloji və bir qədər də siyasi dünyagörüşümüzü əks etdirən bir tədqiqat işidir. Xalqımızın gələcəyi ilə bağlı tarixə yönəlik tədqiqatlarda yanlış meto¬dologiyadan qurtulmaq üçün iki istiqamətin daha obyektiv araşdı¬rıl¬ması niyyətini daşıyırıq: birincisi, Azərbaycan türklərinin ümumtürk tarixi kontekstində bilavasitə əraziyə indeksli olmayan etnik tarixinin obyektiv tədqiq olunması və ikincisi, tarixin qədimliyinin deyil, bu gü¬nümüz üçün faydalı məqamların axtarışına üstünlük verilməsi. Əsərin əsas qayəsi budur. 

Bilənlərə Salam olsun!