“Milli Fəaliyyət Proqramı yeni mərhələnin başlanğıcı olacaq”- Müsahibə

milli-fealiyyet-proqrami-yeni-merhelenin-baslangici-olacaq-musahibe-
Oxunma sayı: 1574

Ötən ilin son günlərində prezidentin sərəncamı ilə insan hüquq və azadlıqları sahəsində Milli Fəaliyyət Proqramı təsdiqləndi. Proqrama münasibət birmənalı olmadı, bir sıra şəxslər mətbuatdakı çıxışlarında tənqidi mövqe sərgilədilər. Tanınmış hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadəyə də zaman-zaman jurnalistlər tərəfindən suallar ünvanlanır, proqramın əhəmiyyəti barədə rəylər istənir. “Qafqazinfo” həmin sualları və cavabları təqdim edir:

- Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra insan hüquqlarının qorunması sahəsində hansı addımları atıb?
- Azərbaycan müstəqillik əldə etdikdən və ölkədə ictimai-siyasi vəziyyət nisbətən stabilləşdikdən sonra Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsinin vacibliyini qeyd edən mərhum prezident Heydər Əliyev bununla bağlı özünün rəhbərliyi ilə komissiya yaratdı. Görülən gərgin işlərdən sonra 1995-ci il noyabr ayının 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Cəmi 158 maddədən ibarət olan Konstitusiyanın 24-71-ci maddələri, daha dəqiq desəm 47 maddəsi insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir.

Azərbaycan Konstitusiyası nəinki Cənubi Qafqaz və keçmiş SSRİ məkanında, həmçinin Avropada olan ən demokratik konstitusiyalardan biri hesab olunur. Konstitusiyadakı maddələrin üçdə biri məhz insan hüquq və azadlıqlarından bəhs edir.

Daha sonra, 1998-ci ildə yenə də Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalandı. 4 ay sonra, 1998-ci ilin iyun ayında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi.

Ölkədə insan hüquqları üzrə müvəkkil, Ombudsman İnstitutu yaradılıb. Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi məqsədi ilə hüquqi sahədə qanunlarına yenidən baxılıb, 2000-ci il sentyabr ayınadək bu qanunlar yenidən işlənərək insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən yeni redaktədə qəbul edilib. Bu qanunların hər biri qəbul edilməzdən öncə Avropa Şurasının ekspertləri ilə müzakirə edilib, onların dəyərli tövsiyə və təklifləri qanunvericilikdə öz əksini tapıb.

Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Proses 2006-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilməsi ilə davam edib.

Nəhayət 2011-ci il dekabr ayının 27-də “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqaramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qeyd etmək olar.


- Siz bir hüquq müdafiəçisi olaraq parlamentdə təmsil olunan şəxs kimi son sərəncamdan – Milli Fəaliyyət Proqramının təsdiq edilməsindən nə gözləyirsiniz?

- Milli Fəaliyyət Proqramının təsdiq edilməsi ilə bağlı cənab prezidentin son sərəncamının 5-ci bəndində birbaşa icra orqanlarına tapşırılır ki, proqramın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər. Bu, vətəndaş cəmiyyəti ilə dövlət icra orqanları arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.

6 fəsildən ibarət olan Milli Fəaliyyət Proqramında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədi ilə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun qəbul edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, informasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizənin artırılması, uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onlara cinayət məsuliyyətinin müəyyən edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, miqrantların hüquqlarının təmin edilməsi, valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdilməsi, əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması, ahılların, əlillərin hüquqlarının təmin edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanması, məişət zorakılığı, qadınlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsi, kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin keçirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, vəkillik institutunun gücləndirilməsi və sair kimi məsələlərin həlli nəzərdə tutulur.
Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş müddəaların çoxu, biz hüquq müdafiəçilərinin çoxdan həll edilməsini istədiyimiz və arzu etdiyimiz müddəalardır. Belə hesab edirəm ki, bu proqramın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları çox yaxından iştirak etməlidirlər.


- Vətəndaş cəmiyyətini təmsil edən ayrı-ayrı şəxslər Milli Fəaliyyət Proqramı təsdiq edilən kimi ona qarşı çıxaraq mətbuatda müsahibələr verdilər...

- Mən başa düşə bilmirəm ki, arzu etdiyimiz müddəaların proqramda əksi kimi və niyə narahat edir. Bu adamlar əllərindən bir iş gəlməyən, bu günədək bir nəfərə belə kömək edə bilməyən, arxasında özündən başqa heç kimsəsi olmayan tək tək QHT-çilər ola bilər. Bəziləri qeyd edir ki, demokratik bir cəmiyyətdə və ölkədə belə proqramlar olmur və təsdiq edilmir.

Qeyd edim ki, BMT-nin ölkələrdə Milli Fəaliyyət Proqramı ilə bağlı “Bələdçi kitabı” mövcuddur və bu, BMT-nin üzvü olan dövlətlər üçün nəzərdə tutulub. Bu gün dünyada elə bir dövlət yoxdur ki, orada insan hüquqlarının pozulmasına rast gəlinməsin. Elə Avropanın özündə tez-tez belə hallara rast gəlirik.

Dövlət öz iradəsini nümayiş etdirərək insan hüquq və azadlıqlarına xidmət edən proqram ortaya qoyubsa bu, alqışlanmalı və təqdir edilməlidir.


- Sizcə, yaxın gələcəyə hesablanmış Milli Fəaliyyət Proqramının “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqəsi, bağlılığı varmı?

- Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Cənab prezident İlham Əliyev qeyd edib ki, ölkədə demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmək mümkün deyil.
Ölkədə siyasi və iqtisadi isalahatların aparılmasının vacibliyini qeyd edən prezident, məncə, Milli Fəaliyyət Proqramını təsdiq etməklə bu islahatların başlandığını nümayiş etdirib. Cənab prezident insan hüquq və azadlıqlarının müdafiəsinin dövlət siyasətinin vacib və mühüm prioritetlərindən biri olduğunu bu sənəd vasitəsi ilə bir daha qabardıb, bu sahədə çatışmazlıqların və nöqsanların aradan qaldırılmasının vacibliyinin bu proqram vasitəsilə həyata keçirilməsinin təməlini qoyub.