Müğənnilərin şou proqram dərdi - Səhnəyə 50 manata çıxan var

mugennilerin-sou-proqram-derdi
Oxunma sayı: 7729

İncəsənət nümayəndələrinin restorandakı şou proqramlarında hər gün çıxış edən müğənnilərə dırnaqarası baxması tez-tez müzakirələrə səbəb olur. Hər gün çıxış üçün statusundan asılı olaraq bəzi müğənnilərə 50 manat, bəzilərinə isə 100 manat verilir. Elə məsələ də kiçik görünən məbləğdədir. Şou proqramlarına qatılmayan müğənnilər isə həmkarlarını “ sənətini 50 manata satır” deyə eyham vururlar.

“Qafqazinfo” olaraq məsələni aydınlaşdırmaq üçün şou-proqramlardan imtina edən və bu proqramlarda çıxış edən bir neçə tanınmış simalara müraciət etdik.

Müğənni Niyam Salami şou proqramlara hər gün çıxan məşhurlar sırasındadır. Sənətçi qeyd edir ki, belə məclislərdən pul qazanıb sənətinə qoyur:

“Hə, mən şou proqramlara gedirəm. Çünki mən bütöv toy ifa etmirəm. Yalnız yarım saatlıq səhnə alıram. Şou proqramlara kim pis baxırsa, bu həmin adamın öz problemi və qərarıdır. Ac qalası deyilik ki? Proqramlara gedib, pul qazanıb sənətimizə qoyuruq”.

Prodüser Təranə Səmədova sıfırdan sənətə başlayan bir müğənninin şou proqramlarda çıxış etməyinə mülayim baxır. 

Prodüser “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni lazımı səviyyədə tanındıqdan sonra şou proqramlardan imtina etməlidir.

“Müğənnilərin əksəriyyəti ilə sıfırdan başlayıram. Sıfırdan başlayan müğənni istər-istəməz şou proqramda çıxış etməlidir. Yəni, dama-dama göl olar. Ordan qazandıqları ilə layihələr edə bilər. Bu insanın siması şou proqramda çıxış edən zaman daha artıq tanınır. Müəyyən müddət ərzində 50-70 manata səhnəyə çıxdıqdan sonra tələbat artır. Tələbat lazımı səviyyəyə çatdıqda toylardan gəlir əldə edir.

Bu gəlirlərdən sonra şou proqramlardan imtina edirik. Proqram toy qiymətlərinə xələl gətirir. Yəni, müğənninin hər addımı xərcdi. Geyim, mahnı və.s daxildir. Müəyyən zamana kimi şou proqramlara çıxışa normal baxıram. Müəyyən həddən sonra isə narazıyam. Müğənni belə əl çatan olmalı deyil”.

Şou proqram aparıcısı Lalə Əlimuxtarova isə tanınmış müğənnilərin 150-200 manata səhnədə çıxış etdiyini vurğulayıb:

“Necə olur ki, müğənnilər yeni sənətə başlayanda şou proqramlara gedirlər, pul qazanırlar. Sonra isə “mənim statusuma xələ gətirir”- deyə imtina edirlər. Ümumiyyətlə, harda olursan ol insana zəhmətiylə pul qazanmaq xələl gətirmir. Mən özüm restoranlardan birində şou proqram aparıcısıyam. Bizdə Niyam Salami, Rəhim Rəhimli, Yaşar Cəlilov kimi məşhurlar çıxış edir. Mən başa düşmürəm. Necə yəni şou proqram müğənnilərin adına xələl gətirir, toy xələl gətirmir? Onda toylardandan imtina etsinlər.

 

Müğənnilərə belə bir sual ünvanlayın. Şou proqramlarda onlara min manat versələr çıxış etməyəcəklər? Deməli, burada pul rol oynayır. Qiymətlərlə bağlı çox danışmaq istəmirəm. 50 manata səhnəyə çıxan müğənni yoxdur. Tanınmışlar 150-200 manata səhnəyə çıxır. Bu da gündəlik gəlir üçün normaldır.Bunu anormal sayanlarınların özü anormaldır”.

Müğənni Sevda Yəhyayeva “Qafqazinfo”ya açıqlamasında şou proqramlarda çıxış etmədiyini deyib:

“Uzun müddətdir ki, şou proqramlarda çıxış etmirəm”.

Müğənni Elnarə Xəlilova açıqlamasında bildirib ki, yaradıcılığında yenilikləri göstərmək üçün iki yoldan biri şou proqramlardır:

“Hər kəsə məlumdur ki, toy mərasimlərinə getmirəm, yəni toy biznesindən uzağam. Yalnız yaxından tanıdığım, auditoriyasına bələd olduğum toylara gedirəm, o da tək-tük hallarda… Konsert məsələsi bir ayrı mövzudur. Bir sözlə, Azərbaycanda müğənninin konsert verməsi çətindir. Normal şərtlər altında konsert edən müğənniyə qonorara verilir, bizdə isə müğənni bütün varını-yoxunu ortaya qoyub konsert verir, üstəlik hələ borca da düşür. Demək, insanların məni görməsi üçün yeganə məkan şou proqramlar qalır.

Şou proqramlara gedirəm, onu da seçərək. Daha dəqiq desək, məkana gələn insan bilir ki, məni görəcək və ya məni görmək üçün həmin məkana gəlir. Yaradıcılığımızdakı yenilikləri görmək üçün iki yol var, efirlər və şou proqramlar”.

Müğənni Yaşar Cəlilov da şou proqramlarda səhnə alan müğənnilər sırasındadır.

“Müğənni sənətini səhnədə təqdim etməlidi. Şou proqram səhnəsi də belə səhnələrdəndir ki, müğənniyə sənətini təqdim etməyə imkan verir.Həmin səhnədə yüzlərlə adam sənətçini görür, bəyənir və ifalarını eşidir.Normal bir haldır. Yaşar Cəlilova harda tələbat varsa, orada da çıxış edir”.

 

Elvin Elxan