Murovdağ tunelində işlər nə yerdədir? - Fotolar

murovdag-tunelinde-isler-ne-yerdedir
Oxunma sayı: 3631

Ümumi uzunluğu 23.4 km olan Murovdağ tunelində 14 km qazma işləri tamamlanıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 13-cü km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 260 m-ə qədər artır.

Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23.4 km) inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.

Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolunun tikintisi də icra olunmaqdadır.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.