Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən “Ramin Nur” şadlıq sarayı “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur.
O, şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov da iş adamıdır. Mediada müxtəlif vaxtlarda onun da adı hallanıb. Hansı ki həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı saytımıza şikayət daxil olmuşdu. Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.
***
“Körpü-Bina-Tikinti” MMC-dən bildirilib ki, “Ramin-Nur” adlı obyekt Xəlil Göyüşov tərəfindən birbaşa idarə olunmur: “İcarə müqaviləsinə əsasən, həmin obyekt başqa şəxsə rəsmi qaydada icarəyə verilib. Obyektin faktiki fəaliyyəti, idarə olunması, göstərilən xidmətlər və qanunvericiliyin tələblərinə əməl edilməsi tam şəkildə icarəçi şəxsin məsuliyyətindədir. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aşkar edilmiş pozuntularla bağlı inzibati tədbirlər və cərimə məhz icarəçi şəxs barəsində tətbiq edilib. Bu məsələlər üzrə Xəlil Göyüşov barəsində hər hansı inzibati və ya hüquqi məsuliyyət müəyyən edilməyib”.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər