“Naz elə sevginin özüdür” - Şeir

naz-ele-sevginin-ozudur-seir
Oxunma sayı: 3937

Daşa daş atan qardaş

Şeytan sanıb, daşa daş atan qardaş,
Daşdan iblis olmaz, cin, şeytan olmaz.
Daşın nə günahı, daşa atma daş.
Bununla İblisə bir ziyan olmaz.

Şeytan axtarırsan daşın üstündə,
Şeytansa oturub başın üstündə.
Gözlərdən tökülən yaşın üstündə
Qurulan “cənnət”lər firavan olmaz.

Qəlbində Firona nifrət edərək,
Dünənki Yezidə lənət edərək,
Bu günkü Yezidə biət edərək,
Yaşayan insandan müsəlman olmaz.

Rüşvətlə girdinsə haram yoluna,
Xərcləmə varını İmam yoluna.
Pakdır, haram qatma İslam yoluna,
Rüşvətxor bəndədən pak insan olmaz.

Gözü yaşlı qoyub neçə nakamı
Nahaqqa satdınsa haqqü səlamı,
Sənə demək olmaz Allah adamı,
Allah adamında bu vicdan olmaz.

Rüşvətlə kəsdiyin, sanma, qurbandır,
Boş yerə qıydığın bir yazıq candır.
Ətə bənzəsə də, irindi, qandır,
Haram buyrulubdur qan, qurban olmaz.

Heydər der, əlinə daş alan qardaş,
Daşın nə günahı, daşa atma daş.
Haqqın buyruğusa İblislə savaş,
Qorxudan titrəyən candan can olmaz.

Arkadaş

Türkiye”li dostum Ümit Bilgin”e

Ortak türkçe adına

Göz yaşıyla yetişmişik buluğa,
Yaşamışık dertle soluk-soluğa.
Ağlamasa, hatta masum çocuğa
Ana sütü verilmez ki, arkadaş.

Söz sormayın bana, kalbim gövrektir.
Deyemem ki, dertli başım ne çekti.
Bu patlamış- sofra değil, ürekti,
Her karşıya serilmez ki, arkadaş.

Araz çayı- ayrılığın öyküsü,
Şırıldayıp, okur hasret türküsü.
Şu dağılmış Hudaferin köprüsü
Yüzyıllardır, örülmez ki, arkadaş.

Ha uğraşsak, ha çalışsak, ne fayda?
İnancım yok geçmiş günler kayıda.
Boşalmıştır kemanımın yayı da
Ha çekerem, gerilmez ki, arkadaş.

Bu milletin hakkı Corca giderse,
Rüşvetçıler kalkıb haca giderse,
Konşuları ele borca giderse,
Hakka böyle erilmez ki, arkadaş.

Çoktan geçmiş bu yoldan son akıncı,
Pas ataraq gömürleşmiş kılıncı
Türk yurdunda türklüğüm baş kakıncı
Bu tür ömür sürülmez ki, arkadaş.

İşvə


Şair dostum İlkin Xalıqa.

Qəlbimi işvəylə yandıran nigar
Bütün gözəllərin gözüdür, dostum.
Getdi, mənə qaldı tozu yadigar,
Təsəllim yolların tozudur, dostum.

Gözləri bənzəyir caxmaq daşına,
Kırpılıb qor atır kiprik, qaşına.
Kim nazlı gözlərə olur aşina,
Mənim tək yollarda toz udur, dostum.

Eşqi eşq eyləyən işvədir, nazdır,
Nə qədər bol olsa, yenə də azdır.
İşvədən qaçanlar qəlbi dayazdır,
Naz elə sevginin özüdür, dostum.

Sevdasız ürəklər o qədər dar ki…
Nazın qiymətini hardan anlar ki?
Duzsuz bir yeməyin nə dadı var ki?
İşvə, naz sevginin duzudur, dostum.

Heydər, naz edirsə, o qara telli
Anla ürəyini nazından bəlli.
Sən də bu məntiqdə ara təsəlli,
İşvə sevən qəlbin sözüdür, dostum.

Günəşimsən


Gözünə baxanmasam,
Sanma ki, günahim var.
Dünyamda bir sən varsan,
Bir də ki, Allahım var.

Sən dünyam olan gündən
Dünyam kiçilib artıq.
Gözlərimə görünməz
Səndən başqa yaratıq.

Saçın qara buludum,
Gözün günəşim olub.
Kirpik onun saçağı,
Nuru atəşim olub.

Üzünü çevirəndə
Sanıram düşür gecə.
Arada bax üzümə,
Gündüzsüz qalım, necə?

Sən dünyam olan gündən
Gündüzlərim azalıb.
Işığın da rəngini
Unutmama az qalıb.

Günə həsrət dustağam
Sanki zülmət zindanda.
Işığa baxa bilməz
Məhbəsdəki insan da.

Gözünə baxanmasam,
Heç şaşırma bu işə.
Gözü açıq baxarlar
Yalnız korlar günəşə.

KÖNÜL (qəzəl)

Gözlərim gördü cəmalın, yenə qan oldu könül,
Ürəyim parçalanıb dərdə məkan oldu könül.
* * * * *
Tökdü göz duzlu suyun cıbrığı çıxmış ciyərə,
Ciyərim öylə kabab oldu, yalan oldu könül.
* * * * *
Mən dedim gizli tutam eşqimi tökdün yaşımı,
Gözlərim qanla adın yazdı, əyan oldu könül.
* * * *
Tale uğrunda fələklərlə qumar oynayıram,
Bu ədalətsiz oyunlarda tavan oldu könül.
* * * * *
Tüstülər çıxdı başımdan sanıb atəşgədəyəm,
Mənə məlun dedilər qəhrə nişan oldu könül.
* * * * *
Qəhrini çəkməyə insanda məharət gərəkir.
Hardadır məndə məharət ki, xəzan oldu könül.
* * * * *
Heydərin bağrını neyçün belə qan etmədəsən?
Sənə yetməzmi əzablarla viran oldu könül?