“Nə qədər ki, küçədəki qadınlar, həyatımızdakı qadınlardan çoxdu...”

ne-qeder-ki-kucedeki-qadinlar-heyatimizdaki-qadinlardan-coxdu
Oxunma sayı: 957


Azərbaycanın istedadlı şair və publisisti Elnur Astanbəylinin ilk şeirlər kitabı işıq üzü görüb. Kitab “Almadan küsən” adlanır.
Kitaba müəllifin yaradıcılığının ilk illərinə aid xalq və sonrakı illərinə aid modern şeirləri daxil edilib.

“Apostrof” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Şahvələd Çobanoğludur.


«Almadan küsən» kitabını Bakıdakı “Akademkitab” və “Əli və Nino” kitab dükanlarından, metronun «Elmlər Akademiyası» stansiyasının girişindəki kitab köşkündən almaq olar. Qiyməti 4 manatdır.


“Qafqazinfo” istedadlı şairin yeni kitabılnda əksini tapan bir neçə şeiri oxuculara təqdim edir.

Şəbnəm

(tərkedişlərin şeiri)

qarşımızda boş qədəhlər
yan masada mənasız qəhqəhələr
telefonun çalır fərqində deyilsən
ilk günlər mən də beləydim, Şəbnəm,
amma darıxma… keçəcək

bilirəm
mən indi sənə nə desəm boş
nə desəm vızzz…
ayıbdı kənardan baxırlar bizə
sıxıldım artıq… bir üzün gülsün, qız!
bir üzün gülsün… gözlərin gülsün
bəsdi durduğun boynubükülü
bəsdi pərişan zülflərin üzünə tökülü
bilirəm sən indi eşitmirsən məni
bilirəm çox uzaqlarda xəyalın
yeməyinə dağılır siqaretin külü
amma sən fərqində deyilsən
ilk günlər mən də beləydim, Şəbnəm,
amma darıxma… keçəcək

ən uc masada bir cüt sevgili
hərdən baxışların sancılır ora
içində bir az həsəd bir az əsəb
sevgi də bundan ibarət zatən
bir az həsəddən bir az əsəbdən
fəlsəfə vaxtı deyil bilirəm
ağlama deyirəm
ağlamıram deyirsən
oysa gözlərin bulud kimi -
fərqində deyilsən
ilk günlər mən də beləydim, Şəbnəm,
amma darıxma… keçəcək!

Dekabr, 2009

***

Ayrılıq yeməyi

hər şey hələ də hər şeydən xəbərsiz
pırıl-pırıl yanan
restoran işıqlarının müşaiyəti ilə baş verdi
öncə o çəkib getdi
və arxasınca nə vardısa
çəkib apardı masadan
çörək qırıntılarını
əzik-üzük salfetləri
boş araq şüşəsini
siqaret kötüklərini
diş çöplərini
hamısının yerində
bir hüzn buraxdı bir ağrı
bir səssizlik bir kədər
indi ödəyə biləcəksənmi
bütün bunların hesabını
varmı üstündə sevgi o qədər?!.

Noyabr 2010


***

Murdar

(sevimli pişiyə)

düş, Murdar, qucağımdan düş
mən indi sənlə oynayacaq halda deyiləm
nə küçə itlərinin hürüşməsi
nə qonşu qızlarının gülüşməsi
məni mutlu etməyə yetməz
düş, Murdar, qucağımdan düş,
mən indi heç kimə lazım deyiləm!

mən indi heç kimə lazım deyiləm
telefonum ondan qapalı
gözlərim ondan kədərli
fikrim ondan qarışıq
emailimdə bir təzə məktub belə yox
köhnə məktubları isə oxuyacaq halda deyiləm
düş, Murdar, qucağımdan düş,
mən indi səninlə oynayacaq halda deyiləm

mən indi kimisə yola salmaq
kimisə qarşılamaq istəyirəm
kiminsə qəlbinə dəymək
kimisə bağışlamaq istəyirəm
sevmək istəyirəm, başa düşürsən,
sevilmək istəyirəm
sevib atmaq istəyirəm, başa düşürsən,
sevilib atılmaq istəyirəm
amma bu imkansız indi
indi mən heç kimə lazım deyiləm

bilirsənmi, Murdar,
bu gün mən çox düşündüm
düşündüm və bir daha əmin oldum ki,
əgər sən bu xaraba ölkədə
saxtakar müəllim, rüşvətxor həkim,
ələbaxan polis, ədalətsiz hakim,
buyruqqulu məmur, yaltaq şair deyilsənsə,
deməli, heç kimə lazım deyilsən!
amma qızımın gözləri qoymur məni
saxtakar, rüşvətxor, yaltaq olmağa
çox düşündüm, Murdar,
bir az da sən məni düşün, düş…

düş, Murdar, qucağımdan düş,
kədər öldürür məni,
əllərimi qoynumda çarpazlamaq istəyirəm,
mane olursan, düş…


may, 2008


***

Subyektiv

nə qədər ki küçədəki qadınlar
həyatımızdakı qadınlardan çoxdu,
deməli,
dünyada “ilahi ədalət” deyilən şey
yoxdu yoxdu yoxdu!

avqust, 2007

***

Kişi işi

biz –
kişilər
hamımız
beləyik:
anası
gözəl
olan
cocuqları
daha çox
sevərik

2005