Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda sərginin proqramı, iştirakçı ölkələr və təşkilatlar, eləcə də tədbir çərçivəsində nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Mətbuat konfransında çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, hazırda əsas məqsədlərdən biri yeni ədəbi mühitin formalaşdırılması, ədəbiyyatın sənayeləşməsi və kitab prosesinin təkmilləşdirilməsidir: “Nə yaxşı ki, bu çətin missiya bizim payımıza, bizim dövrümüzə düşüb. Ona görə ki, bu günə qədər ədəbi prosesdə, ədəbiyyatın sənayeləşməsində yazıçının, naşirin, kitab sahibinin hüquq və vəzifələri sona qədər tənzimlənməyib. Mədəniyyət Nazirliyinin həyata keçirdiyi islahatlarla birlikdə qanunvericilik məsələləri, hüquq anlayışları və iqtisadi münasibətlər də tənzimlənməlidir. Düşünürəm ki, həyata keçirdiyimiz addımlardan sonra iqtisadi münasibətlər dövlətçilik zəminində təşkilatlanacaq və tənzimlənəcək. Bu da tamamilə yeni bir mühitin, yeni bir ədəbi həyatın formalaşması deməkdir.
Azərbaycan ədəbiyyatının tarixi çox qədimdir. Sadəcə, ədəbiyyat özü-özünə mövcud ola bilmir və müəyyən siyasi dönəmlərdə bu və ya digər formada dəyişməyə, aşınmaya məruz qalıb. XX əsr ədəbiyyatını xatırladıqda Cümhuriyyət dövrü ədəbiyyatı, sovet dövrü ədəbiyyatı və müstəqillik dövrü ədəbiyyatı tədqiqatçıları ilə üz-üzə qalırıq.
Yeni texnologiyalar, elektron yaddaş, təbii ki, ola bilsin ki, bir müddət aktual olacaq. Amma qədim ninnilər, holavarlar, qımqımalar mənə elə gəlir ki, elektron yaddaş vasitəsilə sizə ötürülə bilməz. Bu, mütləq laylay vasitəsilə ananın övladına ötürdüyü energetik müstəvidə yaşadılacaq.
Düşünürəm ki, kitab da belədir. Əminəm ki, kitab heç vaxt yaddaşdan çıxmayacaq, unudulmayacaq. Kitab həmişə yaşayacaq”.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə isə çıxışında sərginin təşkili, kitab və mütaliə mədəniyyətinin təşviqi ilə bağlı məsələlərə toxunub: “Mən xüsusilə bu il xarici iştirakçıların sayının artmasını qeyd etmək istəyirəm. Bu il Bakı Beynəlxalq Kitab Sərgisində 32 xarici ölkə iştirak edir. Əmin olun ki, dünyada kifayət qədər məşhur olan bir çox beynəlxalq kitab sərgilərində bu qədər xarici tərəfdaş iştirak etmir. Bakı Kitab Sərgisinə kifayət qədər ciddi maraq var.
Kitab sərgisində iştirak edən digər tərəfdaşlarımız da var. Onlar ümumilikdə 148 təşkilatın tərkibində təmsil olunacaqlar. Xüsusi vurğulamaq istəyirəm ki, ötən il sərgidə iştirak edən ölkələr bu il də təmsil olunacaqlar. Bununla yanaşı, yeni iştirakçılarımız da var. Məsələn, ABŞ, İngiltərə, Polşa və Səudiyyə Ərəbistanı bu il sərgidə stendlə iştirak edəcəklər”.
Vasif Qurbanzadə sərginin ziyarətçiləri üçün nəqliyyat imkanlarına da toxunub: “Ötən il sərgiyə gedən avtobuslar metronun “Koroğlu”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarından hərəkət edirdi. Lakin yollardakı tıxaclar səbəbindən bəzən bir saat yarım, hətta iki saata çatan gecikmələr olurdu. Bu da sərnişinlər üçün müəyyən çətinliklər yaradırdı.
Buna görə də bu il sərnişindaşımada dəyişiklik etmək qərarına gəldik. Sərgi günlərində avtobuslar yalnız metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə hərəkət edəcək. Beləliklə, sərnişin axını bir istiqamətdə cəmləşdiriləcək və avtobusların daha qısa intervallarla hərəkəti təmin olunacaq. Məqsəd ziyarətçilərin sərgi məkanına daha rahat və vaxtında çatmasına şərait yaratmaqdır”.
Qeyd edək ki, sərgi Bakı Ekspo Mərkəzində “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil olunacaq.
***

Azərbaycanda gənc ədiblər üçün beş atelye yaradılacaq.
Bu barədə XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə məlumat verib.
“Gənc ədiblərin yetişdirilməsi məqsədilə nəsr, dramaturgiya, klassik poeziya, müasir poeziya və uşaq ədəbiyyatı üzrə beş atelye olacaq. Hazırda atelyelərin əsasnaməsi hazırlanır. Layihənin yaxın zamanda fəaliyyətə başlaması nəzərdə tutulur. Atelyelərin fəaliyyəti gənc müəlliflərin yetişdirilməsinə, onların yaradıcılıq imkanlarının inkişafına və müxtəlif ədəbi istiqamətlər üzrə təcrübə qazanmalarına xidmət edəcək. Layihə ilə bağlı əlavə məlumatların kitab sərgisi çərçivəsində keçiriləcək tədbirlərdə açıqlanması gözlənilir”,- o bildirib.
Lamiyə Məmmədova