Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Birinci Qaralı kəndinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar “Dövlət Suverenliyi Gününün təsis edilməsi ölkəmizin əbədi müstəqilliyinin və suverenliyinin rəmzidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıyan Dövlət Suverenliyi Gününün təsis edilməsi xalqımızın azadlıq və müstəqillik iradəsinin təntənəsidir.
Mirhəsən Seyidov qeyd edib ki, Azərbaycan xalqı üçün müstəqillik və suverenlik sadəcə hüquqi anlayış deyil, eyni zamanda böyük tarixi əhəmiyyətə malik, min illərlə yaşadılan milli azadlıq idealının təcəssümüdür.
RİH başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar dayanacaq quraşdırılması, kənddaxili yolun təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olaraq müraciət edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər