Neftçalada FHN işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

neftcalada-fhn-iscilerinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 381

Neftçala rayonunda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dəyirmi masada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP-ın Neftçala rayon təşkilatının sədri və Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı M. Seyidov bildirib ki, bu il Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edən qurumlardan biri olan Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyi qeyd olunur. Bu əlamətdar tarix yalnız bir nazirliyin fəaliyyəti ilə deyil, eyni zamanda dövlətimizin təhlükəsizlik, insan həyatının qorunması və dayanıqlı inkişaf siyasətinin bariz nümunəsi kimi dəyərləndirilir. Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bütün sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sisteminin formalaşmasında da əsas istiqamət olub. Məhz bu möhkəm siyasi təməl üzərində 2005-ci ildə Fövqəladə Hallar Nazirliyi yaradılıb və qısa müddət ərzində müasir texnologiyalara əsaslanan, peşəkar kadr potensialına malik çevik və güclü bir qurum kimi formalaşıb.

RİH-in başçısı qeyd edib ki, Prezident İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində FHN ən müasir texnika və avadanlıqlarla təchiz olunub, beynəlxalq standartlara cavab verən struktur kimi fəaliyyət göstərir. FHN-in şəxsi heyəti hər zaman peşəkarlıq, fədakarlıq və vətənpərvərlik nümayiş etdirərək ən çətin anlarda vətəndaşların yanında olub, minlərlə insanın həyatının xilas edilməsinə, çoxsaylı faciələrin qarşısının alınmasına nail olublar.

Tədbirdə digər çıxış edənlər FHN-in yaranma tarixi və keçdiyi inkişaf yolundan bəhs ediblər. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup Fövqəladə Hallar Nazirliyinin əməkdaşı fəxri fərmanlarla təltif olunublar.