Nəsimi rayonunda 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü münasibətilə “Azərbaycanın Suverenliyi - Milli İradəmizin Təntənəsi” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin, BSU-nun, Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü münasibətilə “Azərbaycanın Suverenliyi - Milli İradəmizin Təntənəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov, millət vəkili Sevinc Fətəliyeva, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
BSU-nun rektoru Anar Nağıyev Azərbaycanın tarixi inkişafını, 2020-ci il azadlıq mübarizəsi nəticəsində suverenliyin bərpasını və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O, “Konstitusiya və Suverenlik ili” çərçivəsində Avropada – Albaniya və Bolqarıstanda “Azərbaycan: regional lider və etibarlı tərəfdaş” mövzusunda əcnəbi tələbələr üçün mühazirələr oxunduğunu qeyd edib.
Nəsimi RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov çıxış edərək vurğulayıb ki, Suverenlik gününün qeyd olunması Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin, milli iradəsinin və əzminin rəmzidir. Natiq çıxışına davam edərək bildirib ki, bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tam əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tariximizə hələ neçə-neçə zəfər dolu səhifələr yazılacaqdır. Xüsusilə vurğulandı ki, bu gün əldə olunmuş nailiyyətlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub və Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.







Son xəbərlər
Son Xəbərlər