Braziliya yığmasının ulduz futbolçusu Neymar milli komandadakı karyerasını başa vurduğunu elan edib.
“Qafqazinfo” “Goal” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Selesao”dakı zamanının bitdiyini bildirərək beynəlxalq karyerasına nöqtə qoyub.
Cənubi Amerika Kubokunda Venesuelanın “USV” klubu üzərində qazanılan 4:2 hesablı qələbədən sonra müsahibə verən “Santos”un ulduzu bu bəyanatla çıxış edib:
“Mənim milli komandadakı hekayəm sona çatdı. Mən orada tarix yazdım və çox xoşbəxt idim. Bu forma üçün qanımı və canımı verdim, sarı forma uğrunda həmişə mübarizə apardım, gücümü əsirgəmədim, lakin artıq bunu etmək istəmirəm”.
Qeyd edək ki, Neymarın milli komandadan gedişi ilə bağlı şayiələr DÇ-2026-nın 1/8 finalında Norveçə qarşı gözlənilməz 1:2 hesablı məğlubiyyətdən sonra intensivləşmişdi. O zaman hücumçu gedişinə işarə vursa da, rəsmi açıqlama verməmişdi.
Xatırladaq ki, o, “Selesao” formasını 130 dəfə geyinərək ölkə tarixində ikinci ən çox oyun keçirən futbolçu olub. 80 qolla Braziliya millisinin bütün zamanların ən yaxşı bombardiri olan hücumçu, həmçinin 59 məhsuldar ötürmə ilə yadda qalıb. Fərdi nailiyyətlərlə yanaşı, o, 2013-cü ildə Konfederasiyalar Kubokunun, 2016-cı ildə isə Olimpiya Oyunlarının çempionu olub.
Son xəbərlər
Son Xəbərlər