Niyazi Bayramov Fransanın Azərbaycandakı səfiri ilə görüşdü - Video

niyazi-bayramov-fransanin-azerbaycandaki-sefiri-ile-gorusdu
Oxunma sayı: 1809

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Ann Buayonla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Niyazi Bayramov qonağı salamlayaraq, Gəncə şəhərinin iqtisadi, sənaye, elm, təhsil və digər sahələri haqqında məlumat verib. Bildirib ki, ölkə üzrə ikinci ən böyük sənaye şəhəri olan Gəncədə hazırda, “Azəralüminium” ASC, Gəncə Avtomobil Zavodu, “Gəncə Şərab - 2” və digər müəssisələr fəaliyyət göstərir. Bununla yanaşı, "Azərbazalt" MMC-nin sifarişi ilə Gəncədə orqanik gübrə istehsalı zavodu inşa edilir. Zavodda Göygöl rayonunun 10,8 hektar ərazisi olan Çaykənd yatağından çıxarılan bazalt emal ediləcək. Şəhər rəhbəri, gələcəkdə zavodda istehsal olunacaq məhsulun Avropa bazarına da ixracının nəzərdə tutululduğunu diqqətə çatdırıb. Eyni zamanda, Niyazi Bayramov bildirib ki, bugün “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın “SDF Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanıb.

Söhbət zamanı, o da bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir.

 Ann Buayon səmimi qarşılanmaya görə və ətraflı məlumat üçün Niyazi Bayramova öz minnətdarlığını bildirib. O, ölkəmizdə diplomatik fəaliyyətinin başladığı müddətdə ilk rəsmi səfərinin məhz Gəncə şəhərinə etdiyini diqqətə çatdırıb. Səfər çərçivəsində “Azəralümünium” ASC, Gəncə Dövlət Universitetinə, Azərbaycan Dövlət Aqrar Universitetinə ziyarət edəcəyini bildirib.

Görüşdən sonra xanım Ann Buayon Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə törədilən terror barədə geniş məlumat verilib.