Növbə kimindir?

novbe-kimindir
Oxunma sayı: 726

Azərbaycanda son günlər yaşı 65-i ötmüş dövlət qulluqçularının təqaüdə çıxarılmaları gündəmin əsas mövzusuna çevrilib. Hər gün ölkə KİV-lərini bir neçə nazirlik və ya dövlət qurumunun işçilərinə “əlvida” deyərək, onları evlərinə yollamaları barədə xəbərlər oxuyuruq. Bəs görəsən, işçilərini yaşlandıqlarına görə təqaüdə yollayan nazir və ya rəhbər işçilərin özlərinin necə, hələ vaxtları yetişməyib ki?

“Qafqazinfo”nun apardığı kiçik araşdırmanın nəticəsinə və müşahidələrimizə görə, hazırda ölkədə cavan rəhbər kadrlarla yanaşı yaşlı kadrlar da fəaliyyət göstərirlər. Düzdür, onların arasında yaşı 65-i hələki haqlamayanları olsalar da, bu yaşa bir neçə “bayram” qalanları, hətta bir neçə il adlayanları da var.

Elə başlayaq ölkənin qocaman kadrlarından sayılan Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə I vitse-prezidenti Xoşbəxt Yusifzadədən. Xoşbəxt müəllim 1930-cu il yanvarın 14-də doğulub və 81 yaşı var.

Azərbaycanın Baş naziri Artur Rasi-zadə isə 26 fevral 1935-ci ildə anadan olub. Belə olan halda da baş nazirimizin 76 yaşının olduğu heç kimə gizli qalmır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də anadan olub. Beləliklə onun 73 yaşı var.

Ombudsman Elmira Süleymanova da 17 iyul 1937-ci ildə anadan olub və hörmətli müvəkkilimizin də 75 yaşına yenicə qədəm qoyduğu məlum olur.

Baş nazirin müavini Abid Şərifov isə 6 yanvar 1940-cı il təvəllüdlüdür. Abid müəllimin düz dörd ayın tamamında 72 yaşı olacaq.

Bakının meri Hacıbala Abutalıbov da “65-i keçənlər” siyahısındadır. 13 may 1944-cü ildə anadan olan cənab merin də 67 yaşı var.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 5 sentyabr 1944-cü ildə dünyaya gəlib. Hesablayanda komitə sədrinin də 67 yaşı olduğunu öyrənirik.

Ölkədə yaşı 65-i keçən 17 min müəllimi ixtisara salacağını bəyan edən Təhsil naziri Misir Mərdanovun da 65 yaşı tamam olmaq üzrədir. 1946-cı ilin oktyabrın 3-də anadan olan nazirimiz bir aydan sonra “65-lər”in siyahısına düşəcək.

Yuxarıda qeyd etdiyimiz kimi, yaşı 65-ə bir neçə bayram qalan məmurlarımız da az deyil.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 64 (1947), Daxili İşlər naziri Ramil Usubovun (1948) 63, Müdafiə Sənayesi naziri Yavər Camalovun 62 (1949), Səhiyyə naziri Oqtay Şirəliyev və Müdafiə naziri Səfər Əbiyevin (1950) 61, Nəqliyyat naziri Ziya Məmmədovun 59 (1952) yaşları var.

Nigar Məmmədli