Nuranı telefonda təhqir edən kim idi? - DİN-dən açıqlama

nurani-telefonda-tehqir-eden-kim-idi
Oxunma sayı: 3047

Müğənni Nura Suri cinayətkar tərəfindən narahat olunduğunu iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Suri qeyd edib ki, həmin şəxs onu axşam saatlarında telefon zəngləri və ismarışlarla narahat edib: “Dayanmadan zəng edirdi. Adətən tanımadığım nömrələrdən gələn zəngləri açmıram. Çox təkid etdiyindən açdım. Ayıq adamın səsinə oxşamırdı, çox güman, sərxoş və ya narkotik vasitənin təsiri altında idi. Məni təhqir edir, hədələyirdi. Dəstəyi asdım. Sonra vatsap vasitəsilə səslər göndərməyə, məni təhqir etməyə başladı”.

Surinin sözlərinə görə, son günlər bir qrup şəxs qadın müğənnilərə zəng edir, ismarış yazır və onlardan pul tələb edir, əks halda haqlarında rüsvayedici məlumatlar yayacaqları ilə təhdid edirlər.

Müğənni bildirib ki, elə gecə saatlarında Daxili İşlər Nazirliyinin (DİN) feysbuk hesabına ismarış yazıb: “Müraciətimi qeydə aldılar, səhərisi gün Bakı Şəhər Baş Polis İdarəsindən zəng etdilər. Məndən gəlib ərizə yazmağımı xahiş etdilər. Ərizəni yazdım. Orada onun cinayətkar olduğunu öyrəndim”.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, müğənni Aynurə Suri naməlum şəxsin ona zəng edərək təhqir etməsi ilə bağlı sosial şəbəkə vasitəsilə DİN-ə müraciət edib:

“Müraciət Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. Müəyyən olunub ki, ona zəng edən şəxs paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdur. Araşdırma zamanı məlum olub ki, M.Məmmədov bir neçə gün öncə oğurluq cinayəti törətdiyinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə başladılmış cinayət işinin istintaqı davam edir. Buna baxmayaraq, Aynurə Surinin müraciəti əsasında araşdırma davam etdirilir”.