“O qədər həyatdolu uşaqdır ki...” - Əlini və ayağını itirən Zəhranı himayə edən Səyyad

o-qeder-heyatdolu-usaqdir-ki
Oxunma sayı: 5822

Bir neçə gün əvvəl Səyyad Sərdarlı adlı şəxsin Zəhraya qayğıkeş münasibətini əks etdirən görüntülər sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanmışdı.

"Qafqazinfo" Oxu.az-a istinadən Zəhra və onun “ata” dediyi Səyyad Sərdarlı ilə reportajı təqdim edir:  

Onlarla Abşeron rayonunun Xırdalan şəhərində görüşəcəyimizi qərarlaşdırdıq.

Ünvana çatanda uzaqdan balaca Zəhranın başını “ata”sının çiyninə qoyaraq, gülümsədiyinin şahidi oluruq.

2019-cu ildə Bakıda gizlənpaç oynayan zaman transformatora girən qızı çoxunuz xatırlayarsınız. 

- Ən çox hansı oyunu sevirsən?

- Gizlənpaç.

... Boşluğa baxır. Daha sonra köks ötürür və gülür.

Elə Zəhranın sağlamlığına məhdudiyyət yaradan da gizlənpaç oynayanda transformatora girməsi olub...

Bəli, Zəhra həmin qızcığazdır. Doqquz yaşı olanda transformatora girib. Nəticədə qolu və ayağı amputasiya olunub.

Baş verən hadisə onun gizlənpaç oyununa sevgisini azaltmayıb.

Onun anası və atası rəhmətə gediblər.

Zəhra Səyyad Sərdarlını özünə doğma bilir. Söhbət əsnasında tez-tez “O, dünyanın ən yaxşı atasıdır”, - deyir.

Səyyad Sərdarlı deyir ki, Zəhranı dörd il bundan qabaq tanıyıb:

“Həmin vaxt sosial şəbəkədə onunla bağlı məlumat və şəkillər gördüm. Axtarıb evlərinə getdim ki, baş çəkim. Onda balaca, solğun qız idi... Yemək üçün xırda-xuruş qida almışdım. Onun yeməsi üçün verdim, götürmədi.

Sonra özüm onları Zəhraya yedirtdim. Ondan sonra davamlı olaraq onlara baş çəkdim. İndi də ayda bir və ya bir neçə dəfə onunla görüşürəm”.  

Qeyd edək ki, artıq Zəhra dördüncü sinfi bitirir. Qızı nənəsi qəyyumluğa götürüb. O, Nizami rayonunun Keşlə yaşayış massivində nənəsi, dayısı, ögey qardaşı, xalası və uşaqları ilə bir evdə yaşayır.

S.Sərdarlı deyir ki, Zəhraya nəyisə yardım məqsədli deyil, sevgi ilə edir:

“Çalışıram ki, o, nə istəsə, alım. Əslində, onun hər hansı bir geyimə, yeməyə ehtiyacı yoxdur. Çünki ac-susuz qalmır. Amma mən istəyirəm, onun xoşladıqlarını alım. On gün əvvəl də getdik, nə istədi, aldıq. Bu gün də çəkilişə gələndə dedim, bu paltarı bəyənmədim, mağazaya girib təzəsini aldıq. Halbuki onu yeni almışdı. Bunu etmək ürəyimdən gəlir.

Xoşum gəlir ki, o, qəşəng paltarlar geyinsin. Məsələn, paltar, aksesuar seçəndə də deyirəm ki, Zəhra, bəyəndin? Əgər o mənə “nə bilim” deyirsə, bilirəm ki, xoşuna gəlmir. Amma “sən də bəyəndinsə, xoşuma gəlir” deyirsə, bilirəm ki, çox bəyənib. Zəhra elə uşaqdır ki, bir paltara, əşyaya yapışıb demir ki, bunu al”.

Balaca qızcığaz video, şəkil çəkdirməyi, gəzməyi çox xoşlayır.

“Atası” deyir ki, dərsləri ilə çox məşğul olmur. Bu zaman qızla bir-birinə baxıb gülürlər.

Həmsöhbətim vurğulayır ki, Zəhranın yaxşı təhsil almasını, əlavə məşğuliyyətinin olmasını çox istəyir:

“O qədər həyatdolu uşaqdır ki... Hazırda işləyirəm və çox zaman ayıra bilmirəm. Əvvəllər tez-tez gedirdim. Bir dəfə mənə yığdılar ki, Zəhra qapını arxadan bağlayıb, açmır. Deyib ki, Səyyad gəlsin, sonra. İnsan doğma övladı üçün necə narahat olarsa, o cür idim.

Mən tez oraya getdim. Danışdıq. Sonra gəzdirdim. Mən elə düşürəm ki, Zəhra mənə Allahın əmanətidir. Telefonda da adını “Əmanətim” yazmışam. Mən illərdir ailəni tanıyıram. Onu gəzməyə aparanda ya nənəsi ilə, ya da xalası qızları ilə aparıram. Artıq Zəhranın üç ad gününü birlikdə qeyd etmişik.

Bu zaman Zəhra: “Sentyabrın 23-də ad günümdür”, - deyir.

S.Sərdarlı deyir ki, əvvəllər Zəhranı restorana aparanda, ya nəyisə alanda heç kimlə danışmırdı, amma indi xeyli danışır (gülür).

Zəhra deyir ki, “atası” onu gəzməyə, restorana aparır:

“Sevdiyim paltarları alır. Qolbaqları da sevirəm”.

Qolundakı qolbağı göstərir: “Bunu da bayaq aldıq. Çox bəyənirəm”.

S.Sərdarlı deyir ki, ehtiyacı olan ailələrə gücü çatdığı qədər yardım edir:

“Xəstə uşaqlarla daha çox maraqlanıram. Çünki onlarda xəstəliklə bərabər, kasıbçılıq da var. Mən sırf bu işlə məşğul deyiləm. Səhifəm var, orada da paylaşım edirəm. Kimsə kömək edəndə ailəyə yönəldirəm”.

Zəhranın uşaq şıltaqlığı ilə parkda oynamağa tələsdiyini görürük. Onu yolundan saxlamır, biz də ondan aldığımız müsbət enerji ilə redaksiyanın yolunu tuturuq...