“Ölkədəki hakimiyyət dəyişikliyi ABŞ-dən maliyyələşdirilib”

olkedeki-hakimiyyet-deyisikliyi-abs-den-maliyyelesdirilib
Oxunma sayı: 3268

Amerika xalqının pulu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyasından bildiriblər.

“Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür. USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Bu bəyanatdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) brifinqi keçirilib və orada bildirilib ki, Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə USAID proqramı çərçivəsində Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda olublar.

DTX iddia edir ki, onlar hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim keçiblər.

Bundan əlavə, Gürcüstan DTX sentyabrın 26-29-da Tbilisidəki IBIS hotelində keçirilən təlimlərin materiallarının bir hissəsini dərc edərək, yuxarıda qeyd olunan ittihamları sübut etdiklərini bildirib.

DTX-nin məlumatına görə, Serbiya vətəndaşları Sinişa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç sentyabrın 25-də Gürcüstana gəliblər. Ötən cümə günü onlar DTX-yə dindirilməyə çağırılıblar. Onlara qarşı heç bir ittiham irəli sürülməyib və sentyabrın 30-da Serbiya vətəndaşları Gürcüstan ərazisini tərk ediblər.

Eyni zamanda, DTX onların cinayət məsuliyyətindən yayınmaq üçün ölkədə olmalarının əsl səbəbini gizlətməyə çalışdıqlarını iddia edir.

“Qeyd etmək lazımdır ki, onların ifadələri istintaqın əldə etdiyi sübutlarla ziddiyyət təşkil edir və bu ziddiyyət bir neçə detal üzrədir”, - bəyanatda bildirilir.

DTX iddia edir ki, bu şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş inqilabi hadisələrlə əlaqəlidirlər və müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə analoji proseslərlə bağlı olublar. Onlar CANVAS təşkilatının hakim halqasını təmsil edirlər, Sinişa Sikman və Slobodan Cinoviç isə Serbiyada “Otpor” təşkilatının – Gürcüstanın “Kmara” təşkilatının analoqu olan təşkilatın keçmiş üzvləridir.

Gürcüstan DTX-nin bəyanatının bir hissəsini aşağıda təqdim edirik:

“İctimaiyyətə xatırlatmaq istərdik ki, özəyi “Otpor” təşkilatı olan CANVAS təşkilatı bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda planlaşdırılan inqilabi ssenariyə gənclər qruplarını hazırlamaq üçün istifadə olunur. Sözügedən təşkilatların xarici ölkələrdəki inqilabi proseslərdə iştirak etməkdə və zorakı etiraz aksiyalarının təşkili üzrə təlimlərdə müəyyən praktiki təcrübəsi var.

Adları çəkilən şəxslərin Gürcüstana gəlişinin göstərilmiş səbəbi mədəniyyət sahəsində çalışanlar üçün strateji qeyri-zorakı mübarizə mövzusunda təlim keçmək olub, lakin istintaq onların Gürcüstana gəlişinin məqsədinin təkcə bu olmadığını müəyyən edib.

O cümlədən bu şəxslərin səfərinin əsl məqsədinin cari ilin oktyabr-dekabr aylarında Gürcüstanda həyata keçirilməsi planlaşdırılan destruktiv və qanunsuz əməllərin özəyinə çevrilməli olan həmin gənclər və nüfuzlu qeyri-hökumət təşkilatları ilə ünsiyyət qurmaq və onlara təlimlər keçmək olduğu aşkar edilib.

26-29 sentyabr 2023-cü il tarixləri arasında Tbilisidəki IBIS hotelində hökumətin zorla devrilməsi proseslərinə yenidən hazırlıq keçirilib. Bu şəxslərə hədəf qruplara, yəni hakimiyyət orqanlarına, kilsəyə, Dövlət Təhlükəsizliyi Xidmətinə və digər idarələrə qarşı necə hərəkət etməli olduqları, həmçinin piketlərin və süni tıxacların yaradılması yolları, inzibati binalara girişin qarşısında çadırların qurulması üsulları, dövlət strukturlarında gərginlik yaradılması yolları öyrədilib. Dinləyicilər gözlənilən həbslər prosesinə hazırlanıb və bu cür durumda müqavimət üsulları, aksiya iştirakçılarının maliyyələşdirilməsi, parlament binasına basqın, radiostansiyaların bağlanması və hakimiyyətin ələ keçirilməsi, qanunla seçilmiş hökumətin devrilməsi kimi proseslərə öyrədilib, bu zaman Serbiyada baş vermiş bir sıra inqilabi proseslərin müqayisəli təhlili nümunə göstərilib”.

Gürcüstan DTX ilk dəfə iki həftə əvvəl oktyabr-dekabr aylarında ölkədə vətəndaş iğtişaşları və zorakılıqla hakimiyyət dəyişikliyinin planlaşdırıldığı barədə açıqlama verib. Həmçinin qeyd olunub ki, bu müddət təsadüfi seçilməyib, çünki bu zaman Gürcüstanın Aİ-yə namizəd statusu almaq üçün tövsiyələrin yerinə yetirilməsini qiymətləndirən Avropa Komissiyasının aralıq və yekun hesabatları dərc edilməlidir.

DTX planın hazırlanmasında iştirak edənlər arasında Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzenin və Ukraynada döyüşən “Gürcü legionu”nun komandiri Mamuka Mamulaşvilinin adını çəkib.

Eyni zamanda, DTX bəyan edib ki, Ukraynadakı “Avromaydan”a bənzər planın həyata keçirilməsi xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb.

“Bəyanatın (Gürcüstan DTX-nin – red.) yeganə məqsədi fəal insanları qorxutmaqdır”, - o vaxt “Canvas Georgia” təşkilatının direktoru Georgi Meladze feysbukda yazmışdı. O qeyd etmişdi ki, heç bir çevriliş planlaşdırmır. Meladzenin sözlərinə görə, “Canvas” yalnız qeyri-zorakı vətəndaş kampaniyaları üzərində işləyir.

“İndiki Gürcüstan hökuməti öz daxili siyasi problemlərini həll etmək üçün növbəti dəfə Ukraynanı şeytanlaşdırmağa çalışır. Ukrayna dövləti Gürcüstanın daxili işlərinə qarışmayıb, qarışmır və qarışmağı da planlaşdırmır”, - Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.