“Ona ərə getməyə hazıram...” - Oksana

ona-ere-getmeye-haziram
Oxunma sayı: 12838

Rəqqasə Oksana Rəsulovanın “Qafqazinfo”ya müsahibəsi:

- Oksana, biz hələ də Şahrux Xanı Bakıya gətirəcəyiniz günü gözləyirik. Bu dəqiqə bütün Şahrux fanatları onu gözləyir. Həqiqətən aktyorun Bakıya səfəri gözlənilirmi?
- Mən gətirəcəyimi deməmişdim, gətirmək istədiyimi bildirmişdim. Şahrux Xan Azərbaycanı çox sevir. Neçə il öncə ad günündə Şahruxa 40 dəqiqəlik video-rolik çəkmişdim. O hazırladığım videonu sosial şəbəkədə paylaşıb. Otel açılışında onunla bir yerdə idik, bu ikinci görüşümüz idi. “Əli və Nino” əsərini oxuyandan sonra ölkəmizi sevməyə başlayıb. Mənə görüşdə dedi ki, ölkəmizi görməyi çox istəyir. Onun konsertinə böyük maliyyə lazımdır. çünki 300 nəfərlik komanda ilə gələcək. Heç bir sponsor bu işi boynuna götürmür. Sponsor olsaydım, Şahruxu Bakıya gətizdirərdim.

- Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasında qalib oldunuz və orada filmə çəkiləcəyiniz vəd edildi. Film çəkilişləri başlayıb?
- Çəkilişlər başlamayıb. Bu yaxınlarda 3 illik iş vizamı aldım, yarışma yayımlanan “Zee TV” ilə müqavilə bağladım. Hindistanda yağış mövsümüdür, bütün məşhurlar istirahətə gedib. Kanal demişdi ki, qalibi filmdə baş rola çəkəcəyik. Amma heç bir xəbər yoxdur. Film çəkilişləri başlayanda mediaya xəbər verəcəm.

- Yarışmada həm də “Müsabiqənin ən gözəl qızı” titulu qazandınız. Özünüzü gözəl qadın hesab edirsinizmi?
- Hər zaman mənə gözəl olduğumu deyirlər. Ondan sonra üzümdə sızanaq çıxır. Hindistanda da gözəl seçildim. Mən özümü gözəl hesab etmirəm. Gözəl qız görəndə ağzım açıq qalır. Gözəl olmaqla yanaşı gərək ağlın da olsun. İnsanın gözəlliyi ürəyindədir. İnsan gözəl olduğuna bəxti olsun.

- Siz Hindistanda olanda xəbər yayıldı ki, 51 yaşlı məşhur aktyor Salman Xanı sevirsiniz. 
- Mən ömürboyu Salmanı sevmişəm, indi də sevirəm. Onu sevməmək olmaz. Orada özünə də dedim ki, mənim ürəyimin qəhrəmanıdır. Mükəmməl insandır.

- Salman subaydır. Sizə evlənmə təklifi etsə, qəbul edərsiniz?
- Könül, evlilik təklif etsə, qaça-qaça, uça-uça gedərəm. Ciddi deyirəm, ona ərə getməyə hazıram.

- Azərbaycanda barmaqla sayılacaq rəqqasələr var. Məryəm, Fatimə, Sevda, Aytən gəldilər və məşhur oldular. Deyə bilərik ki, sonuncu məşhur olan siz oldunuz. Sanki sizdən sonra isə məşhurlaşan rəqqasə yoxdur. Sizcə, niyə bizdə rəqqasələrin sayı azdır?
- İnsan hər zaman üzərində işləməlidir. İnsan istədiyini əldə etməyə qadirdir. Özümü çalışqan qadın hesab edirəm. Bir gün boş dayanmıram. Hindistanda olanda özümə məqsəd qoydum, 6 min insanın içində qalib oldum. Çox insan rəqqasəliyin asan olduğunu düşünür, deyir ki, hoppanıb düşür. İndi aktrisalıqla məşğulam, rəqqasəlik məni istədiyim digər sahəyə gətirdi. Rəqqasə hisslərini tamaşaçıya çatdırmalıdır. Hind rəqsi çox çətindir, hər insan oynaya bilməz, hind dilini bilmək vacibdir. “Sarı gəlin” layihəsi hazırladım, başqa ölkələrə gedəndə onlara təqdim edirəm. “Azərbaycan maralı” mahnısına rəqs quracam. Xoreqrafiya müəllimim Zülfiyyə xanımla rəqs quracağıq. Deyə bilmərəm ki, milli rəqs üzrə peşəkaram. Mənim də müəllimim var. Çətin peşə olduğu, həm də rəqqasələr birmənalı qarşılanmadığı üçün rəqqasələrin sayı azdır.

- Rəqqasəlikdən söz düşmüşkən. Elə mahnılar var ki, biz “sümüyümə düşmədi”, “mənim havam deyil” deyib rəqs etməkdən imtina edirik. Siz rəqqasələr isə əhval-ruhiyyənizdən asılı olmayaraq oynamalısız. Belə çətin anlarla tez-tez qarşılaşırsınız?
- Getdiyim proqramda, mərasimdə əhval-ruhiyyəmə uyğun rəqs etməyə çalışıram. Çox çətindir. Verilişlərdə demirlər ki, filan rəqsi oyna. Kefim olmayanda həzin musiqilərə qurulan rəqsləri oynayıram. Hissləri gizlətmək olmur. O zaman maskalanıram və halımın pis olmasını tamaşaçıya bildirmirəm.

- Etiraf edək ki, bu sənətə bizim ölkədə ciddi yanaşılmır. Buna səbəb nədir?
- Rəqqasələr ciddi qəbul olunmur, cəmiyyət tərəfindən daş-qalaq edilib, aşağılanıblar. Əgər dövlət bu sənətə qiymət verirsə, rəqqasələr xalq artisti adına layiq görülürlərsə, insanların bizə hörməti olmalıdır
Onu da etiraf edim ki, bəzi rəqqasələr rəqsi ucuzlaşdırırlar, vulqarlaşdırırlar. Onlara görə rəqqasələrə pis gözlə baxılır. Hər zaman deyirlər ki, oriyental rəqs pisdir. Mən isə bu rəqsə heç vaxt pis gözlə yanaşmamışam. Mən Peterburqda olanda orda göbək rəqsi oynayan rəqqasələr var idi, onlar dünya üzrə keçirilən böyük müsabiqələrdə qalib olmuşdular. Rəqqasəlik də peşədir. Oriyental rəqsi pul yığmaqla, əxlaqsız işlər görməklə ucuzlaşdırıblar. 1-2 adama görə bütün rəqqasələri təkləmək lazım deyil.

- Azərbaycanda ailələrin çoxu qızlarının rəqqasə, müğənni olmasına razı olmur. Çünki sənət adamları hər zaman birmənalı qarşılanmır. Oksananın rəqqasə olmaq istəyi evdə necə qarşılandı?
- Mənim rəqqasə olmaq istəyim evimizdə böyük problemlər yaratdı. Məktəbdə əlaçı idim. Aktyorluq təhsili almaq istəyirdim. Amma atam icazə vermədi. Tibb Akademiyasına daxil oldum, ginekologiya ixtisası üzrə təhsil aldım. Dəri zöhrəvi həkimliyini də oxudum. Amma rəqsi atmadım. 1999-2000-ci illərdə universitetlər arasında keçirilən müsabiqələrdə 2-ci və 3-cü yerlərə layiq görüldüm. Akademiyanı qırmızı diplomla bitirmişəm. Atamın qorxusundan əlaçı oldum, həm də istəmədim ki, atam düşünməsin ki, fikrim rəqsdə qalıb, dərs oxumuram. 2001-ci ildə "Çandra Mutxi" rəqs qrupunu yaratdım, bir müddət fasilə versəm də, indi də qrupum fəaliyyət göstərir. Atam da gördü ki, mənimlə bacarmır,rəqqasəlikdən əl çəkmirəm, icazə verdi. Amma hələ də valideynlərim narahatdır. Tanınmış simayam, haqqımda müxtəlif xəbərlər, şayiələr yayılır. Bəzən anamı görən qadınlar onu qıcıqlandırmaq üçün mənim haqqımda qeybət edirlər. Valideynlərim mənə görə əziyyət çəkirlər. Nə qədər ağ vərəq olsan da, şou-biznesdəsənsə, səni qaralamağa çalışırlar.

- Dünyanın digər ölkələrində sənət adamları sosial problemlərə, siyasi proseslərə münasibət bildirirlər. Bizdə isə yalnız Nura Suri bu cür addımlar atır.
- Bizdə sənət adamları bir-birini qırır, şəxsi məsələlərini ortalığa tökürlər. Bizdə bir neçə sənət adamı var ki, bu cür məsələlərə münasibət bildirirlər. Mayda bina yananda çoxları sırf özünü reklam etmək üçün oranı ziyarət etdi. Düzdür, ürəyi xalqa yanan sənət adamları da var. Mən o binaya gedəndə maşından düşə bilmədim. Bir məsələ də var ki, sənət adamı əgər yanan binadan şəkil paylaşırsa, onu qınayırlar ki, özünü reklam edir. Foto paylaşmayanda isə ziyarət etməyə getmədiyini düşünüb tənqid edirlər. Çox çətindir. Qadına şiddətə dair layihələrdə yer almışam.

- Mənə həmişə maraqlıdır, görəsən, niyə Elşad Xose ilə neçə ildir ayrılmağınıza baxmayaraq hələ də bir yerdə onunla yaddaşlarda qalmısız. Elə bil sizin ayrılığınızı heç kim qəbul etmək istəmir. Niyəsə mən bu məqamda sizi Arda Turanla Sinem Kobalın münasibətinə bənzədirəm. Onlar da ayrılıb, amma hamı onlaırn sevgisindən danışır. Daima Elşad Xose adı sizinlə bərabərdir, buna görə narahat deyilsiz?
- İki tanınmış simayıq, bir məclisdə olanda hamının gözü bizdə olur. İnsanlara da bizim münasibətimiz maraqlıdır. Mən jurnalistə deyə bilmərəm ki, bizim haqqımızda yazma. Neçə ildir ki, ayrılmışıq, münasibətimiz yoxdur, birlikdə yaşamırıq. Onu məclisdə görəndə həyəcanlanıram, o da məni görəndə eyni hissləri keçirir. Bizim ailəmiz, sevgimiz olub. Monika Belluci həyat yoldaşından ayrılıb, hələ də onları izləyirəm ki, hansı məkanda birlikdə görüntüləndilər. Mənə maraqlıdır. Başqalarına da mənim həyatım maraqlıdır.

- Münasibətləriniz necədir?
- Münasibətimiz yoxdur, hardasa qarşılaşanda salamlaşırıq.

- Bəlkə, bu barədə çox danışmısız. Gəlin, etiraf edək ki, insan sevgilisindən təzə ayrılanda hisslərini səmimi ifadə etmir. Mütləq başqa cür görünməyə çalışır. İndi isə həmin hadisədən illər keçib, bəlkə, bizə boşanmağınızın səbəbini açıqlayasız? Elşad-Oksana sevgisi necə oldu birdən-birə bitdi?
- Deyirlər ki, məşhur insanlar ailədə yola getmədikləri üçün ayrılırlar. Bizim ayrılığımıza məşhurluğumuz səbəb olmadı. Öz şəxsi problemlərimiz vardı. İkimizin də günahı vardı. indiyə kimi səbəbini açıqlamamışam, açıqlamayacam. Biz ayrılsaq da, sevgimiz uzun müddət yaşadı.

- Yenidən barışıq ola bilərmi?
- Heç vaxt barışıq ola bilməz. Yenidən ailə qurmarıq.

- Hələ də deyirlər ki, Oksana məşhurlaşmaq üçün Xoseyə ərə getdi.
- Mən 2008-ci ildə efirə çıxmışam, məşhurlaşmışam. Elşada isə 2012-ci ildə ərə getmişəm. O qədər əziyyətimi yerə vurmasınlar.

- Açıqlama vermişdiniz ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirməzsiz. Ana olmaq haqda nə düşünürsüz?
- Şəxsi həyata ayırmağa vaxtım yoxdur. Ancaq incəsənətlə məşğul oluram. Pulum bundan çıxır, vəziyyət ağırdır. Qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirmərəm. Nə zaman ailə qursam, ana olacam.

Könül
Fotolar Nuran Məmmədov