“Reklam lövhəsi” deyib keçməyək, yazılanı icra edək... - Video

reklam-lovhesi-deyib-kecmeyek-yazilani-icra-edek
Oxunma sayı: 400

Baş Prokurorluğun təşəbbüsü ilə Bakı Metopoliteninin (xüsusilə gənclərin-tələbələrin) çox istifadə etdiyi stansiyalarda, habelə paytaxtın mərkəzi küçələrində, Avtovağzal Kompleksində,  Dənizkənarı Milli Parkda aidiyyəti qurumların yaxından dəstəyi ilə “Narkotiklərə Yox De” adlı məlumat lövhələri quraşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Bəhruz Qədirli “Real Tv”yə müsahibəsində  bildirib ki, lövhələri əhalinin sıx olduğu nöqtələrdə yerləşdirməkdə əsas məqsəd insanların xüsusilə gənclərin maariflənməsi və narkotikin sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat almasıdır.

“Dünya ölkələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşib. Bu sahədə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir. Prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək məhkəmə məsuliyyətinə verilir.

Sonuncu dəfə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nda bir sıra qurumların üzərinə müxtəlif vəzifələrin həlli qoyulub. Burada təşkilatı və beynəlxalq tədbirlərin həyata keçirilməsi ilə yanaşı, eyni zamanda maarifləndirmə tədbirləri də vəzifə kimi qoyulub”, - deyə Bəhruz Qədirli qeyd edib.