“Qafqazinfo” müsahibəni təqdim edir:
– İqbal bəy, həmişə siyasətdən danışmısınız, bu dəfə söhbət ədəbiyyatdan gedəcək...
– Mən Şərqşünaslıq fakültəsini bitirmişəm. Ədəbiyyat ixtisasımın bir hissəsidir. Fars mütərcimliyi ixtisası ilə yanaşı, həm də filoloqam və filoloq olduğuma görə də təbii ki, ədəbiyyatın müxtəlif dönəmlərini həm universitet illərində tədris eləyiblər, həm də özüm oxumuşam.
– Bəs indi vəziyyət necədir?
– Cavan vaxtı daha çox oxuyardıq, xüsusən orta məktəb illərində. İndi də oxuyuruq, amma hər yaşın öz ədəbiyyatı var, hər yaşın öz zövqü var. Ədəbiyyat bir az da zövq məsələsidir və zövqlər də zaman keçdikcə dəyişir, fərqli şəkildə formalaşır. Ona görə də zövqümə uyğun ədəbiyyat rastıma çıxanda və ya eşidəndə, biləndə əlbəttə ki, çox böyük maraqla oxuyuram.
– Ədəbiyyat adi oxucular üçün zövq məsələsi ola bilər, amma tanınmış bir siyasətçi məncə, bilməlidir ki...
– Mən siyasətçi kimi də oxucuyam. Axı mən ədəbiyyat nümunəsi yaratmamışam.
– Heç şeir də yazmamısınız?
– Xeyr... Hətta bir sətir şeirim də yoxdur.
– Sizin publisistik yazılarınız da var. Həm də dediniz ki, filoloqam...
– Olur ki, siyasi publisistikanın nümunəsi kimi fikirlərimi bölüşürəm, bəzən yazıram. Bunu məşğul olduğum peşə sahəsinin özəllikləri ilə bağlı olaraq, seçiciyə ünvanlanmış, ictimai-siyasi hadisələrdən dolayı çıxan fikirlər olub. Amma bunu ədəbiyyat nümunəsi hesab etmirəm.
Mən filoloq olmağımdan asılı olmayaraq, ədəbiyyatda oxucudan başqa bir şey deyiləm və ona görə də ədəbiyyat mənim üçün zövq məsələsidir. Mənim zövqümü nə oxşaya bilər, bu ayrı məsələdir. Mən ədəbiyyatın qaydalarına professional yanaşmıram, mən ədəbiyyat tənqidçisi də deyiləm ki, bölgülərlə yanaşım. Mənim üçün klassik, romantik, modernist, postmodernist yoxdur.
– Bəs nə var?
– Mənim üçün zövqümü oxşaya biləcək ədəbiyyat nümunəsi var. İnsanların zövqünü müxtəlif yerlərdə müxtəlif şeylər oxşaya bilər. Məsələn, sənin bir yerdə zövqünü Drayzer oxşaya bilər. Tutaq ki, “Kerri Bacı” sənə zövq verə bilər, bir yerdə Tolstoyu oxuya bilərsən, sənə zövq verə bilər, mübarizələrin çətin vaxtında Dostoyevski sənə zövq verə bilər...
– Maraqlıdır, Azərbaycan ədəbiyyatında adama kim zövq verə bilər?
– Məsələn, Anarı oxuya bilərsən, Seyran Səxavəti oxuya bilərsən, Ağa Laçınlının şeirlərini oxuya bilərsən, Füzulini oxuya bilərsən. Mən Füzulini də sevirəm, Seyid Əzimi də sevirəm...
– Çağdaşlardan...
– Müasir ədəbiyyatda da nə qədər cavanlar var, demək olar ki, hamısını oxumuşam. O ayrı məsələdir ki, yadımda nə qalıb, yaddaşımın harasına ilişib. Oxucu olaraq insanın zövqünə uyğun olacaq bir şey mənə elə gəlir ki, daha çox onun halıyla bağlı olur. Məsələn:
Yarın hicrində yenə gözlərim ağlar bu gecə,
Sən sön ey şəm, mənim ağlamağım var bu gecə.
Bu halı yaşamadan bu zövqü yaşamaq olmaz. Ona görə də...
– Deyəsən, klassik ədəbiyyatı daha çox oxuyursunuz...
– Yox... Müasir ədəbiyyatda Aqşin Yeniseyin “Verin əllərinizi saxlayım”, Ağa Laçınlının “Gözünlə barışaram, özünlə barışmaram” çox maraqlıdır. Eyni zamanda, Seymur Baycanın, Aysel Əlizadənin şeirləri və nəsr əsərlərini bəyənirəm.
– Bəs...
– Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”. Bu da bir haldır. Çoxları bu əsəri bəyənməyə bilər. Amma mən bir qaçqınlıq həyatı yaşamışam, həm də torpağı işğal olunan bir azərbaycanlıyam.
Məni Hacı Mailin qəzəli də çəkə bilər. Və yaxud fəlsəfədən danışanda Nəsiminin qəzəlləri yadıma düşə bilər.
İnsanın bir halı da olur ki, dünyadan bezirsən, mübarizədən yorulursan. Onda oxuyursan:
Mən cahan mülkündə, mütləq dоğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim...
Bu da bir haldır. Ona görə deyirəm, ədəbiyyat zövq və hal məsələsidir.
– Bəs musiqi necə?
– Bəzən çox ciddi hesab elədiyin adam sənin pəncərəndən baxanda o qədər qeyri ciddi bir musiqiyə qulaq asır ki, təsəvvür eləyin, adam haqqında təsəvvürlərin dəyişə bilər. Mən tez-tez sosial şəbəkələrdə, insanlarla söhbətdə belə şeylərə rast gəlirəm ki, filankəsi bu cür tanımırdım, amma filankəs gör hansı musiqiyə qulaq asır.
– Allah heç kəs lağ elədiyim mahnıların ümidinə qoymasın.
– Əzizim, bu hal məsələsidir. Sən onun halını anla. Mən hərdən deyirəm ki, yazıçıları, şairləri, sənət adamlarını, söz adamlarını bir az başqa cür qəbul eləyirəm. Onların özəlliklərini, qəribəliklərini başa düşürəm.
Mən hələ bilmirəm ki, o, əlinə qələm alan zaman hansı hala düşüb və onu yazıb. Ömrümdə mən o halı yaşamamışam. Mən o halı yaşamadığım üçün ona qəribə baxmamalıyam. Mənim üçün söz adamı bir az ucada dayanır. Söz adamının cəmiyyət üçün neqativ qəbul olunan hallarının özü də mənim üçün başqa cür qəbul olunur. Mən onu neqativ qəbul eləmirəm. Deyirəm, bəlkə, elə bu hal onu doğurur.
– Belə başa düşdüm ki, sizin üçün ədəbiyyatla bağlı hər şey şərtidir.
– Yadıma düşmüşkən, bir şeyi deyim. Bir dəfə rəhmətlik Məmməd Arazla onun “Dünya sənin...” şeiri barədə söhbət eləyirdim. Tələbəydim, cavan uşağıydım. Şeiri təhlil eləyirdim. Dedim, mənə belə gəlir ki, bu şeir Güney Azərbaycanla Quzey Azərbaycanın taleyindən yazılıb. Yəni nə Güney, nə Quzey qoşa düşməz. Məmməd Araz güldü və mənə dedi ki, İqbal, heç bir şairin, heç bir yazıçının, yazarkən nəyi düşündüyünü heç vaxt heç kim bilməyəcək. Bu oxucu təxəyyülüdür, oxucu özünü necə yaşadır, oxucu özünü harada görür, oxucu özünün halı ilə nəyi necə qəbul edir, oxucu özünü orda tapırsa, halını orda tapırsa, ruhunu, içini orda tapırsa, o şeir onun olur.
– İqbal bəy, o necə ruhdur ki, həm Füzulinin qəzəllərindən zövq alır, həm də Aysel Əlizadənin şeirlərindən. Qəribə deyil?
– Xeyr... Heç bir qəribəliyi yoxdur. İnsan ruhu, insan içi bütün dönəmlərdə stabil qalmır. Sən bütün ruhunla ağlayan ola bilmirsən, sənin güldüyün vaxt da olur. O halda oluram ki, Sabirin bəhri-təvillərini oxuyuram və yaxud da Əli Nəzminin, Əliqulu Qəmküsarı, Hüseyn Cavidi...
Mənim ruhum dinclik istəyir. Mən keçmiş müharibə iştirakçısıyam. Ola bilər ki, müharibə çağırışları, müharibə ədəbiyyatı nümunələri ruhuma uyğun olsun. Bu da çox normaldır. Ona görə də mənim kimi oxumağım dövrümdən, dönəmimdən asılıdır. Həbsxananın ilkin dönəmində heç bir ağır kitab oxuya bilmirdim. Məsələn, fəlsəfi kitablar oxuya bilmirdim.
– Bəs nə oxuyurdunuz?
– İlk dövrlərdə daha çox detektiv oxuyurdum. Çünki o mühitdə adaptasiya olmamışdım və o mühit məni sıxırdı, düşüncələrimi toplaya bilmirdim. Həmin vaxt yüzə qədər detektiv oxudum. Detektiv səni dağıdırdı, detektiv səni fərqli yerlərə aparırdı.
– Söhbət Çingiz Abdullayevin detektivlərindən gedir?
– Çingiz Abdullayevdən də oxudum, rus müəlliflərindən də oxudum. Və maraqlı budur ki, mən əksər vaxtlarda müəllifləri və əsərlərin adlarını yadımda saxlamıram.
– Niyə?
– Çünki mənim üçün o qədər maraqlı olmur. Mənim üçün orada nə yazılıb, o maraqlıdır. Yaddaşımda problem də yoxdur, şikayətçi deyiləm.
– Maraqlıdır, detektivlər sizi həbsxana mühitində adaptə eləyəndən sonra kimləri oxumağa başladınız? Yenə...
– Zaman keçdi, adaptə olunandan sonra Françesko Perrerkonu oxudum, yenidən Şopenhauru oxudum, fəlsəfəni oxudum, daha sonra psixoloji əsərlərə qayıtdım. Yəni halımdan asılıdır. Bu, heç kimə qəribə gəlməsin. Mən Pavarottiyə də qulaq asıram, Co Dasenə də, Britni Eyə də...
– Nadir Qafarzadəyə də qulaq asırsınız?
– Olur ki, əhvalımın bir yaxşı yerində oturmuşam sükan arxasında maşın sürürəm. Hə, bir də görürəm, “Maral-maral” oxuyur, bir az səsini qaldırıram, kefimi də qaldırıram. Qədim kişilər kimi papağım da olsaydı, papağın arxasını qaldırardım, qabağını basardım gözümün üstünə, başlayardım qulaq asmağa. Bu da haldan asılıdır. Amma bir də görərsən ki, halım imkan verməz, mən “Maral-maral”a qulaq asa bilmərəm, əsəbiləşərəm.
– Dostoyevskinin...
– Bir də görürsən, insanın ağlamağa ehtiyacı olur...
– Dostoyevskinin romanlarını da halınızdan asılı olaraq...
– Bəli, o da halımla bağlıdır. Yenə deyirəm, mən ədəbiyyat tənqidçisi deyiləm. Tənqidçi olsaydım, o romanlara tamam başqa aspektdən yanaşardım. Mən niyə ədəbiyyat tənqidçisi kimi danışmalıyam ki... XIX əsr rus ədəbiyyatı burdan gəldi, romantizm belə getdi, postmodernizm ordan gəldi, modernizm burdan gəldi. Heç kim məni belə şeylərlə zorlaya bilməz. Əgər Seyid Əzimin bir qəzəlinə halım uyğundursa, onu heç nə mənim üçün əvəz eləyə bilməz. Əgər bir gün səhərdən-axşama qədər Azərbaycanda gender bərabərliyi barədə düşünmüşəmsə, məni:
Almışıq biz arvadı duz əzməyə,
Almamışıq al geyinib gəzməyə.
Almışıq biz arvadı oğlan doğa,
Almamışıq qız doğa bərbad ola.
bu şeirdən başqa bir şey düşündürə bilməz.
– Mentalitetlə aranız necədir?
– Mentaliteti yaradan xüsusiyyətlərdən biri də folklordur. Əgər milli mentalitet barədə düşünürəmsə, mən gedib folklordan baxıram görüm, bu millət haradan hara gəlib, niyə bizim bu qədər problemlərimiz var? Məsələn, atalar sözlərinə baxıram: “İgidlik ondur, doqquzu qaçmaq”. “Palaza bürün, elnən sürün”. “Soğan olsun, nağd olsun”. Baxıram ki, qüsurlu gələn bu cür folklor nümunələri tərbiyəmizdən yan keçməyib.
– Doğrudan, maraqlı fikirləriniz var.
– Mən peşəmə uyğun olaraq bu cür baxıram. Bir başqası üçün məsələn, sms vacibdir. Sevir. Birinə rast gəlib, qız da buna “yox”deyir. Bu da öz halına uyğun:
Taleyin qisməti rast saldı bizi,
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
O əllər mənimki olmayacqsa,
O gözlər mənimki olmayacaqsa,
Sən Allah özünə öyrətmə məni.
Allah Musa Yaquba, Ramiz Rövşənə ömür versin. Nüsrət Kəsəmənliyə də rəhmət eləsin. Bir dəfə bir yerdə söhbət eləyirdik. Dedim ki, Nüsrət Kəsəmənli görüb sevməyi, əl vurub sevməyi, toxunub sevməyi yazan adamdır. Nüsrət toxunmasa, yaza bilməz, o, hökmən gördüyü adama əlini vurmalıdır və ondan şeir yazmalıdır.
– Nüsrət Kəsəmənlinin belə bir obrazı da vardı.
– Əlbəttə, vardı.
– Amma...
– Musa Yaqubsa şeir yazdığı adamı hökmən görməlidir. Görməsə, yaza bilməz. Amma Musa Nüsrət kimi yaxından yox, bir az uzaqdan görməlidir. Yəni arada məsafə olmalıdır. Ramiz Rövşən isə ruhən iyi hiss etməlidir.
– Artıq qocalıblar.
– Musa Yaqub hər yaşında gözəllikdən zövq almağı bacarır. Qocalıb, amma bu gün də gözəllikdən zövq alır. Musa Yaqubun şeirinə baxırsan:
Bu nə gözəllikdir küçədən keçir,
Elə bil işıqdır gecədən keçir.
Onu kim yaradıb, harda yaradıb,
Harda sığallanıb, harda daranıb.
Gözəl, bircə dəfə bax mən tərəfə,
Demə, baxışlarım ötürdü səni,
Gözümün aynası götürdü səni,
Qalacaq aynamda bu göz, bu baxış,
Nə yaxşı bu təzə gözəlliyə də,
Baxmağa gözümün qisməti varmış.
– Uzaqdan baxmaq məsələsi bu şeirdə var.
– Bəli... Adam gözəlliyə uzaqdan baxmağı da böyük xoşbəxtçilik hesab eləyir. Amma Nüsrət o gözəlliyə toxunmasaydı, yaza bilməzdi. Ramiz Rövşənsə xəyal eləyir. Necə ki, “Qara paltarlı qadın”da hələ ölməmişdən, qəbri üstündə ağlayan qadını da təsəvvür eləyir. Və yaxud məktublarda təsəvvür eləyir, üzük necə düşür... Yəni Ramizdə hər şey xəyaldan keçir. Nüsrət Kəsəmənli isə:
Dünən toyun idi, xoşbəxt olasan.
Görünür, bu, bizə qismət deyilmiş,
Unut elə bil ki, getdiyin oğlan,
Sevdiyin oğlanmış, Nüsrət deyilmiş.
– Nə qədər şeirlər bilirsiniz...
– Yenə deyirəm, siz bu gün ədəbiyyata tənqidçi kimi yanaşırsınız, ədəbiyyat adamı kimi yanaşırsınız, əlində qələm olan bir adam kimi baxırsınız. Ona görə də siz öz baxışınızla mənim baxışımı eyniləşdirməyin. Mən bir oxucuyam. Oxucudan başqa bir şey deyiləm.