Parlamentlər Şəbəkəsinin təsis iclasını Sahibə Qafarova açdı

parlamentler-sebekesinin-tesis-iclasini-sahibe-qafarova-acdi
Oxunma sayı: 971

İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova açıb. S.Qafarova, qeyd edib ki, 60 il ərzində araşdırılmamış qalan bir ölçünün – üzv ölkələr arasında əməkdaşlığın parlament ölçüsünün əsası qoyulur: “Hazırda bəşəriyyət son dərəcə çətin günlərdən keçir. Ayrı-seçkiliyin, irqçiliyin və ksenofobiyanın, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması, hələ də davam edən COVİD-19 pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı çağırışlar bütün dünyada səylərin multikulturalizm, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər olunmasını zəruri edir. Cari ilin 17 noyabrında Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assambleyasının üçüncü komitəsi səs çoxluğu ilə COVİD-19-a qarşı vaksinlərin ədalətsiz paylanmasına dair qətnaməni qəbul edib".

S. Qafarova tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, təşkilatın 2019-cu ilin 25-26 oktyabr tarixində Bakıda keçirilmiş Zirvə toplantısında dövlət və hökumət başçıları Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarları ilə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarların mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. 

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, bu gün təsis edilən Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək: "Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində bəyannamə sənədlərinə uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşdirilməsinə parlament dəstəyi verəcək".

Qeyd olunub ki, Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək.