Pasportuma vurulan ilk möhür - Dünyanın ən varlı 6-cı ölkəsi!

pasportuma-vurulan-ilk-mohur
Oxunma sayı: 16979

Elə xarici pasportumu alan gün Mədəniyyət Nazirliyinin Qətərdə təşkil etdiyi Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı işgüzar səfərin olacağını və mənim də orada iştirak edəcəyimi öyrəndim. Həm sevincli, həm də həyəcanlı idim. İlk səfərimin nədənsə həmişə Türkiyəyə olacağını düşünürdüm. Amma elə alındı ki, bu, tamamilə fərqli bir ölkə oldu. Fevralın 20-də səhər saat 6-da böyük komanda ilə cəmi 2 saat 50 dəqiqəyə temperaturun 24 dərəcə olduğu Dohaya eniş etdik. 

Doha Qətərin ən böyük şəhəri və paytaxtıdır. Dünyanın ən təhlükəsiz 10 ölkəsindən biri, ən varlı ölkələr siyahısında isə 6-cı yerdə qərarlaşan Qətər, eyni zamanda ən balaca ölkələrdən də biridir. Azərbaycan vətəndaşları Bakıdan Dohaya birbaşa reyslə, heç bir viza tələbi olmadan səfər edə bilərlər.

Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Sahilboyu sıra ilə ucalan palmalar bura xüsusi gözəllik verir. 

Getməzdən öncə Qətər haqqında məlumatlar oxuyub videoçarxlara baxmışdım. Bir çox səfər materiallarında buradakı Hamad Beynəlxalq Hava Limanının gözəlliyi barədə danışılırdı. Təyyarədə olarkən həmin hava limanını görəcəyim üçün həyəcanlanırdım. Lakin biz şəhərə daha yaxın, Doha Beynəlxalq Hava Limanında eniş etdik. Pəncərə qırağında oturduğum üçün çatana qədər ancaq buludları izlədim, gözümü yuxu tutmadı. 

Musiqiçilər, rəqqaslar və bir çox incəsənət xadiminin yer aldığı 163 nəfərlik heyətimizi buranın jurnalistləri qarşıladı. Daha sonra bizim üçün rezerv edilən “Ezdan” hotelə getdik. Yol boyunca şəhərin içində market, geyim mağazalarının gözə dəyməməsi diqqətimi çəkdi. Burada ancaq əzəmətli göydələnlər göz oxşayır. Mərkəzi yerlərdə heykəllərə yox, heyvan maketləri ilə qarşılaşa bilərsiniz.

Yollarda çox az maşın var. Küçələrdə insanlara da nadir hallarda rast gəlmək olur ki, onların da çoxu turistdir. Dohanın küçələri təmizdir. Zibil qutularının sayı olduqca azdır. Bununla yanaşı burada küçə təmizləyənlərə də rast gəlmək mümkün deyil. 

Avtobus bizi ağ, iki və üç mərtəbədən ibarət olan evlərin arasından keçərək başı buludlara dəyən binaların yanına çatdırır. 

Otaqlarımıza yerləşdikdən sonra nahar etdik. Qətər yeməklərində düyü əsas qidalardan biridir. Burada bizə düyünü fərqli formalarda təqdim etdilər. Sadə suda bişmiş düyü, yerkökü, ət və bol ədviyyatlı formada və sarıkoklü plov... Yeməkləri adətən bol ədviyyatlı olması ilə fərqlənir. Salat olaraq xiyar, pomidor və doğranmış yerkökü təqdim edilir. Kofe və çayla içmək üçün çeşidli şirniyyatlar da var.

Yeməkdən sonra nə qədər yuxusuz və yol yorğunu olsam da, zaman itirmədən şəhəri gəzməyə başlamaq qərarı verdim. Çünki fevralın 21-dən etibarən tədbirlər başlayacaq və bu 24-nə qədər davam edəcəkdi. 25 fevralda qayıdacağımız üçün gözəl Dohanı gəzməyə vaxtım az olacaqdı. 

Burada xanımlar əsasən uzun qara libas geyinib, başlarını sadəcə gözləri açıq qalmaq şərtilə qara şarfla bağlayırlar. Kişilər isə ağ uzun libas geyinirlər. Onların da başında xüsusi örtüklər olur. Bunu nəzərə alaraq biz də uzun ətəklərə üstünlük verdik. Bu zaman anladım ki, çamadan dolusu gətirdiyim bir çox geyimlərim elə oradan çıxmadan geri qayıtmalı olacaq. 

İlk gedəcəyim yer həmkarlarımla birlikdə sahil oldu. 3 milyona yaxın əhalisi olan Doha olduqca sakit şəhərdir. Lakin sahildə çoxlu turistə rast gəlmək mümkündür. Buranın havası ilıq və təmizdir. Küləkli olması isə özümü yad şəhərdə hiss etməməyimə kömək oldu. Sanki Bakıdayam və may ayıdır...

Daha sonra isə yolumuz Qətər Milli Muzeyinə oldu. Bu muzeyi görmək istəsəniz, 50 rial, yəni 23 manat 40 qəpik ödəməlisiniz. 

2019-cu ildə yeni binasının açılışı olan Qətər Milli Muzeyi Pritzker mükafatlı memar Jean Nouvel tərəfindən layihələndirilib. Muzeyin layihəsi “səhra qızılgülləri” adlanan təbii kristal birləşmələrdən ilhamlanıb. Muzeyin içərisində 11 qalereya yer alır və burada müxtəlif arxeoloji eksponatlara, əlyazmalara, fotoşəkillərə, geyim və zərgərlik nümunələrinə rast gəlmək olar. Geniş salonlarında yerləşdirilən böyük ekranlarda nümayiş olunan əşyaların istifadə qaydaları, arxiv görüntülər göstərilir. Burada muzeyə gələnlər üçün oturacaqlar da yerləşdirilib. Muzeyin çıxışında isə müxtəlif suvenir, hədiyyəlik əşyalar və geyimlər satılan mağaza var. Burada kiçik “səhra qızılgülləri”nə də rast gələ bilərsiniz. 

21 fevral və artıq tədbirlərimiz başlayır. 4 gün davam edən konsert və sərgi tədbirlərimiz olduqca maraqlı keçdi. Milli musiqilərimizin səsi Doha səhnələrində ucalır, rəqqaslarımızın səhnədə göstərdiyi performans tamaşaçıları heyrətə salırdı. Dohalılar qonaq gələn azərbaycanlılara qoşulub yallı belə getdilər. Hər bir tədbirimiz tamaşaçılara fərqli təsir bağışlayırdı. 

Maraqlı keçən tədbirlərimizdən geriyə qalan boş zamanlara şəhəri gəzib-görməli yerlərə getməyi sıxışdırırdıq. Belə ki, buranın dillərə dastan olan kitabxanasını görmədən olmazdı. Əslində bura “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərginin məşqinə görə gəldim. Lakin fürsətdən yararlanıb kitabxananı gəzə də bildim. Böyük, işıqlı və müasir avadanlıqlarla təchiz olunmuş Qətər Milli Kitabxanası... Dünyaşöhrətli memar Rem Koolhaasın əsəri olan bu 45 min kvadrat metrlik kompleksin içində avtomatik kitab çeşidləmə sistemi, interaktiv media lövhələri, avtomatik qeydiyyat terminalları, açıq kitab rəfləri, asma oturacaqlar, kafe, oxu zalı, namaz otaqları var. Burada müxtəlif dillərdə kitab, qədim əlyazmalar, elektron kitab mövcuddur. Kitabxanada bizim ədəbiyyatımızdan da kitablar yer alır. Sərgidən sonra da 150-yə yaxın kitab bura hədiyyə olundu. 

Doha təhlükəsizdir. Axşamları rahat küçələri dolaşmaq olur. Bu rahatlıqla biz də dohalıların məşhur bazarın - “Souq Waqif”i görməyə elə gecə saatlarında getdik. Bura şəhərin mərkəzində yerləşir. Adətən sakit olan bu şəhərin bazarına girəndə fərqli ab-hava ilə qarşılaşırıq. Bura sanki ayrı bir dünyadır. Bazarın içində hər addımbaşı xına çəkən qara libaslı xanımlara rast gəlmək mümkündür.

100 ildən artıqdır fəaliyyət göstərən bu bazarın bəzi küçələri ensizdir. Deyilənə görə, vaxtilə “Souq Waqif”in bütün küçələri belə olub. Amma zamanla genişləndirilib. Sonralar hətta yenidən təmir də olunub, lakin köhnə üslubu pozmamaq şərtilə... Ensiz küçələri bir qədər İçərişəhəri də xatırladır.

Yanaşı tikilən mağazalarda müxtəlif şirniyyatlar, ədviyyatlar, aksessuarlar, hədiyyəlik əşyalar satılır. Gümüş və qızıl, quru meyvə və qəhvə satılan mağazalar, müxtəlif sənət emalatxanaları göz oxşayır. Bundan başqa, bazarda restoranlar da var. Açıq və bağlı məkanların hər biri insanla dolu idi. Bazara girən kimi düzülən restoranlardan birinin üzərindən “Naxçıvan”ı görüb içəri də girdik. Burada azərbaycanlılar çalışır. Qonaqlara həm Azərbaycan, həm də Qətər təamlarından təklif olunur.

Restoranın mətbəxində çalışan xanımlar deyirlər ki, qonaqların diqqətini elə ən çox Azərbaycan yeməkləri çəkir. Bazarı bir qədər dolaşdıqdan sonra özümüzə müxtəlif şirniyyatlar və xatirə olaraq suvenir aldıq. 

Dohada gəzmək üçün ən rahat və sərfəli nəqliyyat vasitəsi metrodur. Çünki şəhər eyni zamanda ən müasir dəmir yolu şəbəkəsinə də məxsusdur. Belə ki, metroda platformanın sürüşən qapıları var. Bu da yarana biləcək hər hansı təhlükələrin qarşısını alır. Burada metroya düşərkən ödəniş kartı aldıqda bir neçə seçim verilir, günlük, həftəlik və aylıq. Bunlar da öz növbəsində ailə, standart və gold qatarları üçün nəzərdə tutularaq üç hissəyə ayrılır. Əgər siz standart kart alaraq gold, yaxud ailə vaqonuna minsəniz, cərimələnə bilərsiniz. Cərimə isə təxminən 15 manatdır. Kartdan həm metroya girəndə, həm də çıxanda istifadə edilir. Məsələn, gündəlik kartların qiyməti 3 manatdır və onu gün boyu istənilən qədər istifadə etmək olur. Biz sürücüsü olmayan bu qatarların gold bölməsindən istifadə etdik. Yüksək komforta sahib bu qatarlarda sıxlıq da olmur. 

Metroların yanında balaca avtobuslar gözə dəyir. Bu avtobuslar adətən şəhərin mərkəzindən kənar hissələrinə sərnişin daşıyır və pulsuzdur. 

Taksilərin qiyməti isə 10 rialdan başlayır (4 manat 70 qəpik). Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən fərqli olaraq burada taksi sifarişi edərkən proqramdan “ekonom” seçdikdə avtomobilə sadəcə bir sərnişin minə bilər. 

Qaldığımız hoteldə sürücü olaraq çalışan 33 yaşlı Şarafuddil deyir ki, 12 ildir ki, Dohada yaşayır. Əslən hindistanlı olan sürücü 6 ildir elə öz həmvətəni olan Natuma Farzana adlı xanımla evlənib və iki övladı var. Onunla söhbət zamanı bildirdi ki, ali təhsillidir, bir neçə il əvvəl tərəvəz biznesi olub. Lakin koronavirus yayılan zaman bu biznesi sonlandırıb. Elə bundan sonra da sürücülüyə başlayıb. Şarafuddil burada yaşamağın çətin olmadığını deyir. Ailəsi ilə birlikdə birotaqlı evdə kirayə yaşayır və aylıq 2500 rial ödəyir (1167.42 manat). Geyim və ərzağın qazancına uyğun olduğunu deyən Şarafuddil qeyd edir ki, burada təhsil bahadır. 

Söz düşmüşkən qısaca onu da qeyd edim ki, burada ümumi qiymətlər də ölkəmizlə müqayisədə yüksəkdir. 

Bu aylarda yolunuz Dohaya düşsə, yaz geyimlərinizlə yanaşı gödəkçə götürməyi də unutmayın. Çünki Doha gecələr soyuq olur. 

Qətərdə yerləşən digər görməli muzey isə dünya şöhrətli İslam İncəsənəti Muzeyidir. Tanınmış memar İeoh Ming Pei tərəfindən hazırlanmış bu muzey 5 mərtəbədən ibarətdir.

Dünyanın müxtəlif yerlərindən fərqli eksponat nümunələri kolleksiyasını nümayiş etdirən İslam İncəsənəti Muzeyinin ilk dörd mərtəbəsində sərgilər, hədiyyə mağazası və kafe, beşinci mərtəbəsində isə restoran yerləşir. 2008-ci ildə açılan muzeydə dünyanın müxtəlif guşələrindən 1 400 illik zaman kəsiyini əhatə edən İslam incəsənəti nümunələri toplanıb. Muzeydə həmçinin kitabxana da var. Bura giriş isə çöl hissədən qoyulub. Muzey körfəzin içərisində yerləşir və yanında böyük park var.

Muzeyin qarşısında yol boyu palmalar ucalıb. Eksponatların böyük hissəsi İrana aiddir. Bundan başqa burada Türkiyə, Hindistan, Misir kimi ölkələrin də tarixini özündə əks etdirən zərgərlik nümunələri və digər eksponatlar var. Mənə maraqlı gələni isə təbii ki, bu qədər böyük muzeydə Azərbaycana aid hər hansı bir eksponatın olub-olmaması idi. Və onu tapa bildim. Bu dahi şair Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən bir hissə idi. Lakin təəssüf olsun ki, Nizami Gəncəvi İran şairi olaraq təqdim edilmişdi. 

Muzeyləri gəzib, market və restoranlarına getdikcə müşahidə etdiyim məsələlərdən biri də o oldu ki, burada çalışan şəxslər arasında ərəblərə rast gəlmək mümkün deyil. Adətən burada hindistanlı, pakistanlı, çinli, nepallı, əfqanlar və Şri-Lankadan olan şəxslər işləyirlər. Ərəblərə isə daha çox buranın böyük ticarət mərkəzlərində alış-veriş zamanı rast gəlinir. 

Qətərdə həftənin 5 və 6-cı günləri istirahət günləri hesab olunur. Bazar günü isə onlar üçün həftə başlayır. Burada 5-ci günlər səhər saat 11-dən günorta saat 1-ə qədər heç bir mağaza və digər obyektlər açıq olmur. Buna səbəb insanların cümə namazında iştirak etməsidir.120-dən çox məscidi olan Dohanın ən böyük məscidlərindən biri də İmam Məhəmməd bin Abdel Vahhabdır.

Saat 3-də hava limanında olacağımızı nəzərə alaraq səhər tez durub həmkarımla bura baş çəkmək qərarına gəldik. Dohaya gəlib məscidə getmədən qayıtmaq olmazdı. Burada bizi Abdullah adlı molla qarşıladı və məscidi gəzdirdi. O bildirdi ki, məscid 2000 qadın, 11000 kişi üçün nəzərdə tutulub. Sonda bizi ərəb qəhvəsinə qonaq etdilər və kitablar hədiyyə verdilər. 

Qətərə olan 6 günlük səfərimiz başa çatır. Yola düşürük. Təmiz, sakit, ilıq havası olan Dohadan ayrılırıq. Bu dəfə uçuşumuz Hamad Beynəlxalq Hava Limanından olur. Təyyarə havaya qalxdıqca bu şəhərin işıqlı və hündür binaları da bizdən uzaqlaşır, balacalaşır...

Lamiyə Məmmədova