“Polis oğlumun şəklini aldı” – Əsgər atası

polis-oglumun-seklini-aldi-esger-atasi
Oxunma sayı: 1250

“Əsgər ölümlərinə son” aksiyasından sonra bütün sosial şəbəkələrdə müzakirə olunan və saytlarda günün fotosuna çevrilən oğlunun şəklini qucaqlayan atanın kimliyi sizin kimi bizə də maraqlı idi.


“Mən hələ də yaşayıram, necədə üzsüzəm”


Əslində bu mövzu elə həmin gün bağlanmışdı. Heç kimə tanış olmayan o ata öz baxışları ilə şərhsiz oğul itkisini ifadə edirdi. Oğlu ilə baş-başa idi, onu qucaqlayıb hər kəsdən uzaq bir oturacağa sığınmışdı. Lakin “facebook”da bir dostum aksiyada iştirak edən sözügedən əsgər atası Bəyalı Əzizovun dediyi bir sözü paylaşmışdı. Oğlu ilə eyni ölüm taleyini paylaşan digər əsgərin atasının ölümünə toxunan Bəyalı ata “mən hələ də yaşayıram, necədə üzsüzəm” cavabını verib...

Bu dəhşətli cavabdan sonra hiss etdiklərimi ifadə belə edə bilmirəm. Ona görə də Bəyalı atanın hazırkı vəziyyəti ilə maraqlandıq.

Altı hərbçinin ölümündə və iki zabitin yaralanmasında ittiham olunan əsgərin atası olmaq

Yəqin düz 3 il əvvəl 2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciəvi hadisəni xatırlayırsız. Belə ki, 2010-cu il yanvarın 28-də baş verən qanlı hadisədə 4 zabit və 2 əsgər güllə yarasından həlak olmuşdu, 2 hərbçi isə yaralanmışdı. İstintaqın qənaətinə görə, zabitləri əsgərlər (Elxan Bəyalı oğlu Əzizov və Sadiq Etibar oğlu Məmmədov) öldürüb və onlar 6 hərbçini avtomat silahdan atəşə tutandan sonra üz-üzə durub bir-birinə eyni anda atəş açmaqla intihar ediblər.

Bəyalı Əzizov 6 hərbçinin ölümündə və iki zabitin yaralanmasında ittiham olunan iki əsgərdən biri çavuş Elxan Əzizovun atasıdır. Lakin Bəyalı ata 6 nəfəri gülləyəndən sonra oğlu ilə digər əsgər Sadiq Məmmədovun bir-birinin güllədiyinə inanmır: “Oğlumu düz ürəyindən vurublar. Birinci elə bilidim oğlum bir güllə yarasından öldürülüb, sonra məlum oldu ki, o, iki güllə yarası alıb. İstintaq bildirir ki, guya Elxanla Sadiq Məmmədov zabitləri və kiçik çavuşu gülləyə tutandan sonra qaçıb zibillik adlanan yerdə qarşı-qarşıya dayanıb bir-birilərini güllələyiblər. Mən bu yalana əvvəlcə inansam da, Sadiq Məmmədovun meyitinin şəkillərini görəndən sonra əmin oldum ki, Elxan da, Sadiq də öldürülüblər. Burda üçüncü bir şəxs var. İstintaq zamanı bizə oğlum Elxan Əzizovun intizamlı əsgər, lakin bir ayın əsgəri olan Sadiq Məmmədovun onu yoldan çıxardığını dedilər. Mən artıq gördüm ki, burda mən və Sadiq Məmmədovun atası Etibar Məmmədovu qarşı-qarşıya gətirmək istəyirlər. Axı oğlumun nəyinə lazımdır bir ayın əsgərinin sözünə assın”.

Hadisədən 45 dəqiqə sonra əmisi oğlunun mobil telefonuna zəng vurub

Bəyalı ata Sadiq Məmmədovun atası Etibar Məmmədovun istintaq qurtarmamış oğlunun itkisinə dözməyərək vəfat etdiyini qeyd edib: “İstintaq zamanı Elxan Əzizovla Sadiq Məmmədovun silahları ekspertizadan keçirilib. Onların oğurluq yolu ilə 44 güllə götürdükləri, 22 güllənin isə atıldığı qeyd olunub. Rəydə bildirilir ki, təqdim edilmiş 22 ədəd patronun səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilməyib. Guya ki, ərazi çox soyuqdur və qar onların əl izini avtomatdan silib. Heç qan qrupu da düzgün yazılmamışdı.Necə olur ki, Elxan hadisədən 45 dəqiqə sonra, əmisi oğlunun mobil telefonuna zəng vurub? Əvvəlcə salamlaşıb, sonra da deyib ki, halallıq ver, bütün qohum-əqrəbadan mənim əvəzimə halallıq al, kim nə əziyyət çəkibsə. Sonra da telefonu söndürüb… Əgər Elxan cinayəti törədib sonra əmisi oğlu əlaqə saxlayıbsa, necə telefonda rahat danışıb hal-əhval tuta bilib? Mən belə başa düşürəm ki, onu bu işə vadar ediblər. Yoxsa o belə bir işə əl atmazdı. Onun nəyi qalmışdı ki, 13 ayın əsgəri idi, cəmi 5 ayı qalmışdı…”.

“Oğlumu tapşırdığım mayor öz əsgərini tanımadı”

Əsgər atası oğlunu hərbi xidmət zamanı həmin hadisədə yaralanan mayor Vazeh Babayevə tapşırıbmış: “Elxana Vazeh Babayev nəzarət edirdi. Atışmada yaralanan Vazeh Babayev məhkəmədə ifadə verəndə bildirdi ki, ona atəş açanı görməyib. Necə ola bilər ki, o, üç addımlıqda öz əsgərini, ona tapşırılmış bir əsgəri tanımayıb?”.

Qeyd edək ki, İttiham olunan hərbçilərə 2010-cu ilin dekabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hökm oxunub. Mayor Vələd Qüdrət oğlu Qurbanov 12 il, baş leytenant Rüstəm Əhmədiyyə oğlu Əhmədov 12 il, mayor Vazeh Məhəmməd oğlu Babayev 9 il, kapitan Fuad Tahir oğlu Mütəllimov 4 il, kiçik çavuş Əli Namaz oğlu İmanov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Cinayət işinə xitam verilib.

Qayıdırıq yenə də o günə - 12 yanvara...

Aksiya haqqında məlumatı internetdə oxuduğunu söyləyən Bəyalı ata belə aksiyalarda tez-tez iştirak etdiyini deyir və səhhətinə görə axıra qədər aksiyada qala bilmədiyini deyir. O, internet məkanda barəsində gedən bütün müzakirələrdən də xəbərdar olduğunu, lakin həmin gündən sonra mediadan başqa heç kimin diqqətini çəkmədiyini də deyir.

“Polis oğlumun şəklini məndən aldı”

Həmin gün bütün medianın diqqətini çəkən oğlunun fotosunu isə polis Bəyalı atanın əlindən alıb və ona zəng edəcəklərini bildirib: “Mən polisə dedim ki, bu şəkil ilə nə etmək olar ki? Əgər nəsə öyrənmək istəyirsizsə, məni aparın sizə məlumat verim. O isə mənə zəng vuracaqlarını dedi. Mən də o gündən zəng gözləyirəm. Düşündüm ki, dünən bazar günüdür. Bu gün məni bu məsələ ilə bağlı çağıracaqlar”.

Bəyalı ata sonda Ceyhun Qubatovun ailəsini ziyarət etdiyini də bildirdi. Yəqin Ceyhunun anasını Bəyalı ata daha yaxşı anlayar. Onların acıları eynidir...

Günel Əbilova