Xəzər rayonunda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, tədbirdə Xəzər RPİ-nin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər.
Tədbirdən əvvəl Heydər Əliyevin Xəzər rayonunda ucaldılan abidəsi, daha sonra şəhidlərin məzarlarını ziyarət edilib.
Xəzər RPi-də davam edən tədbirdə Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər RPİ-nin rəisi polis polkovniki Əli İbrahimov iştirakçıları salamlayaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu şəxsi heyətə çatdırıb. Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümünün qeyd edildiyini vurğulayan Ə.İbrahimov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai təhlükəsizliyin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib: "Bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib".
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və digər mükafatlar təqdim olunub.