Prezident bütün rəqəmləri açıqladı - Fotolar

prezident-butun-reqemleri-aciqladi-fotolar
Oxunma sayı: 684

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda dövlət basşısı giriş nitqi ilə çıxış edib.

Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilib və bu il görüləcək işlər ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaq: “Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilmişdir və bu il bu proqramın ikinci mərhələsi başa çatacaqdır. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcəkdir.

Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir. Beləliklə, 2012-ci ilin yekunları ilə bağlı, əslində ilin əvvəlində də bizim heç bir şübhəmiz yox idi. Mən keçən ilin əvvəlində qeyd etmişdim ki, əminəm, 2012-ci il də uğurlu olacaqdır. Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu, əslində inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidir. Əlbəttə, templərimiz əvvəlki illərdə daha da yüksək olduğuna görə bizim üçün bu, o qədər də qəbuledilən deyildir. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olmuşdur və sənaye istehsalı, ümumiyyətlə, 2,3 faiz azalmışdır, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir.

Ən sevindirici məsələ ondan ibarətdir ki, biz bu artımı qeyri-neft sektorunun hesabına qazanmışıq. Qeyri-neft sektorumuz keçən il 9,7 faiz artmışdır. Beləliklə, biz ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilmişik.

Qeyri-neft sənayemiz də artır. Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri-neft sənayemiz təxminən 8 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Yəni, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir” .

Dövlət başçısı daha sonra vurğulayıb ki, inflyasiyanı aşağı səviyyədə saxlamaq o qədər də asan məsələ deyil: “Nəzərə almalıyıq ki, keçən il çox böyük sosial proqramlar icra edilmişdir. Onların içində sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsi təşəbbüsü var idi. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verilmişdir. Bu, istər-istəməz makroiqtisadi vəziyyətə əlavə yük olmuşdur. Bununla bərabər, keçən il investisiya xərcləri rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə yuxarı qaldırılır və bu da aparılmış iqtisadi islahatların nəticəsidir.

İqtisadiyyatımız, ümumiyyətlə, digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir. Bax, budur görülmüş işlərin nəticəsi və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda da görürük. Bizim maliyyə imkanlarımız artır. Bu ilin büdcəsi də rekord səviyyədədir, 20 milyard manata yaxın olan vəsait xərclənəcəkdir. Keçən il biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclər də kifayət qədər çox idi. Hazırda bizim ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir. Bəzi hallarda valyuta ehtiyatları ölkələrin ümumi daxili məhsulu ilə müqayisə edilir və hesab edirəm ki, biz bu göstəriciyə görə ən qabaqcıl yerlərdəyik. Bizdə valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Yəni, iqtisadi sabitlik, - təbii ki, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik,- infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətimiz 2012-ci ildə də çox gözəl nəticələrə gətirib çıxarmışdır.
Sosial məsələlərin həllinə gəldikdə, bir daha qeyd etmək istəyirəm ki, keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlamışdır və ilin sonunda mənə verilən məlumata görə, artıq proqramın böyük hissəsi icra edilmişdir. Vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir və əminəm ki, bu proqram yaxın aylarda başa çatacaqdır. Biz elə planlaşdırırdıq ki, bu proqramı bu ilin sonuna qədər artıq başa çatdıracağıq. Bu, çox böyük siyasi addım idi. Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir. Bir də onu göstərir ki, bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.

Keçən il digər sosial proqramlar da icra edilmişdir. Bu il isə bu məqsədlər üçün əlavə vəsait nəzərdə tutulacaq və əminəm ki, sosial siyasətimiz bu il də çox təsirli olacaqdır. Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir.

Bu il də investisiya proqramında bu layihələr nəzərdə tutulur. Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ Dövlət Neft Fondu tərəfindən nəzərdə tutulmuşdur, 300 milyon manat vəsait ayrılmışdır. Bu da tarixdə ən böyük ayrılan vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Bütün bu evlər çox yüksək səviyyədə tikilmişdir, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində şəxsən iştirak etmişəm və görmüşəm ki, doğrudan da, köçkünlər üçün yaradılan şərait ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Köçkünlər buna layiqdirlər. Bu il də Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulub. Bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir. İstisna olunmur ki, il ərzində bu sahəyə biz əlavə vəsait də ayıra bilək. Çünki bizim maliyyə vəziyyətimiz bir daha demək istəyirəm ki, yaxşıdır. Hər il ayrılan 300 milyon manat vəsait də çox böyük rəqəmdir və biz doğrudan da, il ərzində demək olar ki, bir şəhər yaradırıq.

Regional inkişaf Proqramı da uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir.

2012-ci ildə Bakı və onun qəsəbələrinin inkişafı Proqramı da uğurla icra edilmişdir, böyük işlər görülmüşdür. Bu il bu Proqram başa çatmalıdır. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir, yollar salınır, müasir şərait yaradılır. Bu Proqramın icrası daim nəzarət altındadır və əminəm ki, bu ilin sonuna qədər qəsəbələrin əsas infrastruktur və sosial problemləri öz həllini tapacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşmışıq. Proqram çox müfəssəldir, genişdir, dəqiqdir. Hər bir məsələ orada nəzərdə tutulur - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri və digər məsələlər. Bu Proqramın icra edilməsi nəticəsində biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini, demək olar ki, aradan götürəcəyik.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə sakinlərinə, iş adamlarına kreditlərin verilməsi prosesi başlamışdır. Qəsəbələrdə yeni iş yerlərinin açılması istiqamətində də böyük işlər görülmüşdür. Keçən il çoxlu sayda yeni müəssisələr yaradılmışdır. Əlbəttə ki, bu, işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərir.

Keçən il sənayeləşmə istiqamətində çox əlamətdar bir il olmuşdur. Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu, real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür.

Ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll etmişik. Kənd təsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması əlbəttə ki, görülən işlərin nəticəsidir. Biz bu barədə də danışacağıq, 2013-cü il üçün də konkret təkliflərimiz vardır.
2012-ci il xarici siyasətlə bağlı da çox uğurlu olmuşdur. Biz xarici fəaliyyətimizi genişləndirmişik. Beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışıq. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da artıbdır. Biz, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bilmişik. Çox şadam ki, 2011-ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı. Çünki bu mötəbər quruma əlbəttə ki, beynəlxalq birlik tərəfindən bizə olan inamın nəticəsində seçilmişik. Biz il ərzində bu inamı doğrulda bilmişik.

Azərbaycan etibarlı tərəfdaşdır, bütün məsələlərlə bağlı öz mövqeyinə malikdir. Bizim mövqeyimiz ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Hesab edirəm ki, bir il ərzində BMT-də bizi dəstəkləyən ölkələrin sayını artıra bilmişik.
Eyni zamanda, keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini daha da gücləndirir.
Eyni zamanda, keçən il NATO-nun zirvə görüşündə də buna oxşar qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkələrin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. Qoşulmama Hərəkatı və NATO dünyanın əksər ölkələrini birləşdirir və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır.

Eyni zamanda, iqtisadi gücümüz, hərbi gücümüz də yerindədir. Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir.

Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyubdur. Nə qədər ki, bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik.


Keçən il, eyni zamanda, biz enerji sahəsində böyük nailiyyətlərə çatmışıq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft-qaz layihələrimiz, neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çeviribdir.

Keçən il də bu siyasətin davamı olaraq çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir – biz TANAP layihəsinin təməlini qoymuşuq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir.

TANAP layihəsi təşəbbüsünün irəli sürülməsi bizim çox ciddi addımımız idi. Mən çox şadam ki, qısa müddət ərzində TANAP layihəsi dünyada çox böyük dəstəyə malik oldu. Dünyanın aparıcı ölkələri birmənalı şəkildə bizim təşəbbüsümüzü dəstəkləmişlər. Beynəlxalq qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər.

TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır. Əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığımız da artır və bu, gözəl tarixə malikdir. Bu gün maliyyə qurumları Azərbaycana kredit vermək üçün bəlkə də bir-biri ilə rəqabət aparırlar. Biz bu gün istənilən həcmdə və ən məqbul şərtlərlə kreditləri götürürük. Əslində, indi hökumətə göstəriş vermişəm ki, kreditlərin sayını bir az azaldaq, çünki çox da dövlət borcu yaranmasın. Baxmayaraq ki, bizim dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir, bu da dünya miqyasında nadir göstəricidir. Yəni, bizim enerji sahəsindəki fəaliyyətimiz dinamik xarakter daşıyır. Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri-neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq. Ancaq eyni zamanda, enerji məsələlərinin həlli həm neft, həm qaz hasilatı ilə bağlı regional layihələrimiz gündəlik həyatda daim diqqət altındadır.

Çox şadam ki, beynəlxalq enerji ailəsi də Azərbaycanı müsbət tərəfdən tanıyır, bizə etibarlı tərəfdaş kimi inanır. Eyni zamanda, lazım gələndə biz öz ciddi sözümüzü də deyirik. Çünki mən hesab edirəm ki, bütün sahələrdə - siyasətdə də, iqtisadi əməkdaşlıqda da insanlar və dövlətlər səmimi olmalıdırlar, öz mövqeyini bildirməlidirlər. Əgər hər hansı bir narahatedici məqam varsa, biz onu malalamamalıyıq, əksinə üzə çıxarmalı və ölçülər götürməliyik.

Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi işlər çoxdur. “Şahdəniz–2” layihəsinin icrası, neft hasilatının uzun illər bundan sonra sabit səviyyədə saxlanması, regional layihələr, TANAP layihəsi və digər layihələr bizim əməkdaşlığımızı möhkəmləndirir. Bir daha demək istəyirəm ki, biz həm yaxşı tərəfləri, həm də narahat edən tərəfləri açıq şəkildə müzakirə etməliyik və edirik. Əsas məsələlər gündəlik, yəni, gərgin işin nəticəsində öz həllini tapır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki biz tərəfdaşlarımızı qiymətləndirməliyik. Əgər biz onlardan da müsbət cavab görürüksə, əlbəttə bu, bizi sevindirir və əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl şərait yaradır .

Əlbəttə ki, mən bir çıxışda 2012-ci ildə görülmüş bütün işləri əhatə edə bilmərəm. Ancaq çalışdım ki, əsas məqamları bildirim”.