Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycana əvvəlki səfərini məmnunluqla xatırlayan Məhəmməd Yunus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını qeyd edərək, Mərkəzin tədbirlərində yaxından iştirakını vurğulayıb.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən qonaq COP29-un qısa müddətdə uğurla təşkil edilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. O, Banqladeşdən olan tələbələrə Azərbaycanda təhsil imkanı, ölkəmizlə təcrübə mübadiləsinin aparılması, 4-cü sənaye inqilabı və rəqəmsal sahədə əməkdaşlıq məsələlərini qeyd edib.
Məhəmməd Yunus Azərbaycan Prezidentini Banqladeşə rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Azərbaycanın COP29-u qısa müddətdə təşkil etdiyini deyərək COP-a sədrliklə bağlı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına toxunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın ASAN və DOST təcrübəsinin Banqladeş ilə bölüşməsi məsələsi qeyd edilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.
BMT-nin Azərbaycan ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğulayıb.
COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinin cəmi 11 ay çəkdiyini vurğulayıb.
Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd edib.
Qonaq BMT Baş Assambleyasının gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini deyib.
Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq deyi ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək əzmini göstərir.
COP prosesində artıq ilkin irəlliləyişlərin olduğunu qeyd edən dövlət başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirib.
Azərbaycan Prezidenti ölkəmizə və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını deyib.
Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirib.
Dövlət başçısı Qlobal Cənub ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayaraq, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməlisinin və ədalətin təmin olunmasının zəruriliyini bildirib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib. O vurğulayıb ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini deyib və bildirib ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğulayıb ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğulayıb.
Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlət başçısı deyib ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırladıb.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlət başçısı qeyd edib ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Monteneqro Prezidenti dövlət başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirib.
Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğulayıb.
Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
COP29-a dəvətə görə dövlət başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.
Dövlət başçısı deyib ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.
Alen Berse vurğulayıb ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.
Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını deyib.
Dövlət başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd edib.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
Jeraldu Alkmin Braziliya Prezidentinin salamlarını dövlət başçısına çatdırıb, Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini qeyd edib.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Braziliya Prezidentinə çatdırmağı xahiş edib, Luiz İnasio Lula da Silvanın tezliklə sağalmasını arzulayıb. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib.
Bakının gözəlliyinin onlarda xoş təəssürat hissi yaratdığını deyən qonaq COP29-un yüksək səviyyədə təşkil edilməsi və uğurlu təşkilatçılıq münasibətilə təbriklərini çatdırıb.
Jeraldu Alkmin Azərbaycanın və Braziliyanın “Troyka” çərçivəsində COP və iqlim dəyişmələri ilə bağlı əməkdaşlığına toxunub. O, ölkəmizlə ikitərəfli münasibətlərin, həmçinin iqtisadi-ticari, kənd təsərrüfatı, sərmayələr sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini deyib.
Söhbət zamanı iqtisadi-ticari məsələlər üzrə işçi qrupun yaradılması, sərmayələr, birgə istehsal müəssisələri, turizm, birbaşa hava əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
Taye Atske Sellasiye Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş edib.
COP29-a dəvətə görə dövlət başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu deyib. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirib.
Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını deyib. O, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğulayıb, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxunub, böyük perspektivlərin olduğunu deyib.
İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
“ASAN xidmət” təcrübəsinə toxunan dövlət başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu deyib.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulanıb.
Efiopiya Prezidenti dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd edib. O, ümidvar olduğunu bildirib ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxunub.
Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın deyib. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğulayıb, turizm və hidroenergetika sahələrinin önəminə toxunub.
Ramçandra Paudel bildirib ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər.
Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlət başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirib.
Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxunub.
Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nepal Prezidenti dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Nepal Prezidenti dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.
Yəmənnin vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırıb. Yəmənin vitse-prezidenti vurğulayıb ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirib, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğulayıb.
Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini deyib.
Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş edib.
Dövlət başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirib, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu deyib.
Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxladıqlayaraq təhqirlərə məruz qoyduğunu bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.
Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunulub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundub, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
Məhəmməd Muizzu COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Dövlət başçısı bu tədbirdə iştirakla bağlı dəvəti qəbul etdiyinə görə Maldiv Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Maldivin də ada dövləti olaraq iqlim dəyişmələrinin təsirlərinə məruz qaldığını deyib.
Azərbaycan Prezidenti Maldiv Prezidenti Məhəmməd Muizzunun ölkəmizə səfəri çərçivəsində aparılan müzakirələrin ikitərəfli əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirib.
Qonaq da öz növbəsində ölkəsinin iqlim dəyişmələrinə məruz qaldığını təsdiqləyib. O, bu yaxınlarda Maldiv-Bakı birbaşa uçuşlarının açılmasının ölkələrimiz arasında turizm və insanlararası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.