Prezident Oljas Süleymenovu qəbul etdi - Fotolar

prezident-oljas-suleymenovu-qebul-etdi
Oxunma sayı: 3720

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlət başçısı bildirib ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini deyib.

Ulu öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlət başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirib, Ümummilli Liderin Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd edib.

Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.

Dövlət başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirib və ordeni görkəmli qazax şairinə təqdim edib.

Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlət başçısına minnətdarlığını bildirib. 

İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.