“Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar”​ - Yenilənib

prezident-seckilerini-zefer-seckileri-de-adlandirmaq-olar
Oxunma sayı: 1346

“Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar”​.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr xatırladıb ki, dünən Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb: “Keçiriləcək seçkilər yaranan yeni reallıqların təzahürüdür. Ümummilli liderimizin ən böyük arzusu həyata keçirilib. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək. Ulu öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyası yeni çağırışlarla davam etdirilir”.

Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması ilə bağlı həyata keçirdiyi tədbirlər Azərbaycanın ən qüdrətli dövrünü yaşamasına səbəb olub: “Seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycanın Seçki Məcəlləsinə əsasən növbədənkənar seçki ilə növbəti prezident seçkilərinin keçirilməsi üçün hər hansı prosedura ehtiyac yoxdur. Əminəm ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərini dəstəkləyəcək. Əminliklə söyləmək olar ki, gələn il fevralın 7-də şəffaf şəkildə keçiriləcək prezident seçkilərində xalqımız öz qərarını verəcək”.

Spiker xatırladıb ki, 105 il bundan əvvəl - 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətinə başlayıb: “Son dərəcə mürəkkəb şəraitdə bu günün parlamentarizminə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi, xalqımızın demokratik düşüncələrə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərən tarixi bir hadisə olub. Bu tarixi gün münasibətilə hər birinizi təbrik edirəm”.

***

O əlavə edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh danışıqları aparılmaqdadır: “Artıq bu gün söyləmək olar ki, bu danışıqların müsbət nəticələri vardır. Dünən Prezident Administrasiyasının və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı dərc edilib. Hər iki tərəf belə bir fikrə şərik olduğunu bildirib ki, regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkan yaranıb. Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyəti təsdiq edilib. Bəyanatda sülh sazişini yaxınlaşdıran bir sıra addımlar nəzərdə tutulub. Bu addımların davamını biz yaxın zamanda müşahidə edəcəyik”.

Zaur Mirzə