Prezidenti cərimə elədilər

prezidenti-cerime-elediler
Oxunma sayı: 718

Əslində elə Praqa () adını da ona səfalı iqliminə, gözəl havasına görə veriblər. Şəhərin bağrını yararaq, tən ortasından keçən Voltava çayı orta əsr mədəniyyətinin tamamını özündə daşıyan bu şəhərə ayrı bir gözəllik verir. Çay 5 təpə üzərində yerləşən şəhəri 8 adaya bölür. Çox maraqlı idi. Şəhər haqqında tarixdə ilkin məlumatlar eradan əvvəl 200-cü illərə təsadüf edir. Böyük Vətən müharibəsi illərində tarixi memarlıq abidələri bombalanmasın deyə Hitler Almaniyasına təslim edilən şəhər orta əsrlərin yapısını qoruyub saxlaya bilmişdi.

Əziz dost

Əziz dostum Zamiq Məmmədli mən aeroportda qarşılayıb, şəhəri gəzməyə aparanda fikrimi heç cürə toplaya bilmirdim. Ölkəmizdən didərgin düşən Zamiq kimi onlarla gənci düşünürdüm. Onlar bu Vətənə, bu millətə nə qədər xeyir verə bilərdilər. Zamiq savadlı, siyasi biliyi və mübadilə bacarığı olan, səviyyəsi ilə fəxr edə biləcəyimiz bir insandır. Azərbaycan üçün o qədər yanır ki, danışanda səsi titrəyir. Nə isə... Bugünkü Praqa səfərimdə bizim məlumat qaynağımız o olacağına görə həssas (Vətən qürbətdə yaşayan hər bir insan üçün həssas mövzudur-bunu etiraf etməsə belə) mövzulara girmədən başlayıram suallara.

Prajskiy Qrad

İlk öncə Praqada Prezident Sarayına gedirik. Saraya giriş sərbəstdir. Prezidentin kabineti və dəftərxanadan başqa bütün otaqlar turistlərə açıqdır. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Çexiyanı ayda 7-8 milyon turist ziyarət edir. Biz Sarayda ziyarətdə olarkən Zamiq anlatdı ki, bu günlərdə prezident maşınını düzgün park etmədiyinə görə cərimə edilib. Demokratiyanın bu dərəcəsi bizim üçün ağlasığmazdır. Bir millət vəkili də mənim səfərim ərəfəsində ondan sənəd tələb edən polisə millət vəkilliyi vəsiqəsini göstərdiyi üçün bütün medianın hədəfinə çevrilmişdi. Allah bizə də belə bir demokratik rejim nəsib etsin deməkdən başqa çarə yox idi....Çünki ümid ancaq allaha qalmışdı.

Söz arasında onu da qeyd edim ki, Praqada bütün tarixi abidələr qapqaradır. Biz zarafatla Hacıbala Abutalıbovu yada salsaq da, səbəbi məni çox maraqlandırdı. Aydın oldu ki, bu şəhərdə əsrlərlə yanacaq vasitəsi olaraq daş kömür yandırıldığı üçün bütün binalar onun hisindən qaralıb. Hökumət tarixi yapıya zərər verməmək adına onu təmizləməyə cəhd etmir. Prezidentin Sarayı yerləşən “Prajskiy Qrad” deyilən ərazidə, bir də çox möhtəşəm bir kilsə var idi. Həmin kilsə uzun illər Vatikanla Çexiya hökumətinin arasında mübahisə səbəbi olub. Belə ki, kilsədə Çexiyada taxta çıxan bütün kralların və onların ailələrinin qəbri var. Çox əsrarəngiz görkəmi olan kilsə din ocağı olduğundan Vatikan oranı yumşaq desək ələ keçirməyə çalışırmış. Amma Çexiya hökuməti ölkənin siyasi tarixinin yaradanların hamısının orda əbədi məkan tutduğunu bəhanə gətirərək kilsəni öz mülkiyyətində saxlaya bilib.
Prezident Sarayının həyətində xalqa müraciət üçün bir ərazi də var. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama məlum məşhur çıxışını burda edib. Oranı da gəzdik. Bildiyiniz kimi ABŞ Çexiyanı ilk tanıyan ölkə olub. Və bütün Amerika prezidentləri bir qayda olaraq ilk xarici səfərlərini bu ölkəyə edirlər. Azərbaycanla-Türkiyə kimi...

Körpülər

Praqa həm də körpüləri ilə məşhur bir şəhərdir. Voltava çayının üzərində saysız-hesabsız körpülər göz oxşayır. Sayı 18 imiş, hamısı gözəl olsa da, ən sayılıb seçiləni Karlov körpüsü hesab edilir. Rəvayətə görə keşiş Karlov məhz bu körpünün altında dəfn edilib, adını da ordan alıb. Körpünün üzərində çox maraqlı heykəllər, simvollar var, burda insanlar rəsm əsərlərini, əl işlərini nümayiş etdirirlər. Hətta kiçik musiqi qruplarının konsertlərinə də səhnəlik edir bu körpü... Körpünün üzərində əks olunan rəsmlər biri – itlə qadının rəsmidir. Rəvayətə görə ora əlini vurub nə dilək diləsən tutarmış. Amma əvəzində mütləq bu körpünü birdə ziyarətə gəlməlisən, yoxsa uğur pozular.

Qaraçı siyasəti

Qeyd edim ki, bir neçə il öncəyə qədər Çexiyada hər bir vətəndaş evlə təmin olunurmuş. Sonradan münbit şəraitdən yaralanmaq istəyən qaraçıların sözün əsl mənasında buraya hücumundan sonra bu qayda aradan götürülüb. Qaraçılarla bağlı gülməli bir fakt da öyrəndim. Belə ki, ölkəsini qaraçı istilasından xilas etmək istəyən Çexiya hökuməti onlara birtərəfli qaydada bilet alaraq arasında viza rejimi olmayan ölkələrdən olan Kanadaya yola salırmış. Bu səbəbdəndir ki, Kanada da artıq bu ölkəyə viza tətbiq etməyə başlayıb.

Ardı var...

Aynur İmranova