“Prezidentlərin telefon söhbətindən sonra” - - Hekayə

prezidentlerin-telefon-sohbetinden-sonra-
Oxunma sayı: 2114


Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan öz şefi Barak Obamaya Yaxın və Orta Şərqdəki son operativ durumla bağlı məruzə edirdi. Ümumi girişdən sonra:

- ...Suriyadan aldığımız son məlumatlara...

- Con, Suriyanı axıra saxlayaq. Sən o biri ölkələrdən başla.

- Okey, cənab prezident. Liviyadan aldığımız son məlumatlara əsasən ölkədə operativ durum pisləşməkdədir. Əlcəzairdə mərkəzi yerləşən ”Məğribdə Əl Qaedə” təşkilatı Qəddafi rejimi devrildikdən sonra bu ölkədə öz filiallarını yaratmaq üçün aktiv fəaliyyətə keçiblər. Amma fransızlar Malinin şimalında əl-qaedəçiləri devirdikdən sonra Şimali Afrikadakı terrorçular təşvişə düşüblər. Bu səbəbdən...

- Kristofer Stivensin  işi üzrə vəziyyət necədir?

- Müəyyən uğurlar var, cənab prezident. Artıq bu cinayəti törədən qruplaşmanın izinə düşmüşük. “Məğribdə Əl-Qaedəyə” bağlı qruplaşmadır. 

- Nə zaman əməliyyat həyata keçiriləcək?

- Düzü, cənab prezident, biz hal-hazırda Müdafiə Nazirliyi ilə bəzi məlumatları yoxlayırıq, bəzi hədəfləri dəqiqləşdiririk.

- Aydındı, Con. Bu işi tezləşdirin. Bir də, çox xahiş edirəm, terrorçuların olduqları yerlərin müəyyənləşdirəndə çox diqqətli olun, pilotsuz təyyarələrin hədəfi dinc sakinlər olmasın, istəmirəm səhvlərimizə görə yeni əlqaədəçilər qazanaq. Əfqanıstan?

- Əfqanıstandan qoşunlarımızın çıxarılması üzrə operativ vəziyyət belədir. Qoşunlara hücum oluna bilən nöqtələr tam nəzarət altındadır. Pakistanla sərhəd bölgələrdə bir neçə yüksək ranqlı Taliban komandirlərinin müvəqqəti yaşadıqları kəndlərin... 

- Con, sən mənə de görüm Ayman əl-Zəvahiriylə  bağlı amerikanlar nə vaxt yaxşı xəbər eşidəcək?

Bayaqdan gözlədiyi, amma eşitmək istəmədəyi sualı eşidən Con Brennanın xoşbəxt sifətinə qəfildən kədər çökdü. 

- Cənab prezident, bu istiqamətdə operativ işlər davam edir. Amma təəssüf ki, konkret bir şey deyə bilməyəcəm.

- Okey, sonra?

- İranın nüvə məsələsi, -  MKİ şefi dilləndi.

- Okey, İranı gələn dəfəyə saxlayaq. Con, bilirəm ki, bu məsələ hələ kritik həddə çatmayıb. Xəbərim var, prezident seçkilərinə görə son altı ayda iranlılar uranı zənginləşdirməyi dayandırıblar, düz deyirəm?

- Düzdür, cənab prezident.

- Üstəlik, mənim sabah Natanyahu ilə telefon danışığım olacaq. Ondan sonra İran  məsələsini müzakirə edərik. Hə, indi sən Suriyadakı operativ vəziyyətdən danış.

- Bəşər Əsəd qüvvələri Hizbullahla bir yerdə Əl-Quseyr şəhərini ələ keçirəndən sonra Höms və Hələb ətrafı kəndlərin müxalifətçi döyüşçülərdən geri alınmasında Rusiya Dövlət Kəşfiyyat idarəsinin Əsədə ötürdüyü məlumatların həlledici rolu olub. Üstəlik, bizim Nuri əl-Malikiyə  etdiyimiz təzyiqlərə 

baxmayaraq, İranın İraq hisəssindən Əsədə silah-sursat aparan təyyarələrin sayı nəinki azalıb, əksinə artıb.

Obama narazı halda qaşlarını qaldırdı:

- Sabah Nuri Əl-Malikiylə də telefonla danışacam. Bu dəfə başqa cür danışacam onunla. Analitiklərinə tapşır, İraqa qarşı təzyiq vasitələri haqqında düşünsünlər. Davam et.

- Aldığımız son məlumata görə Rusiya və İran kəşfiyyatı son ayda onlayn rejimində fəaliyyətlərini əlaqələndirir və nəticədə Əsəd ona qarşı vuruşan qruplaşmalar arasında dərinləşən ixtilaflardan vaxtında xəbər tuta bilir. Söhbət Azad Suriya Ordusu və Cəbhət-əl-Nusra arasında olan ziddiyyətlərdən gedir.

- Suriya İsrail sərhədində vəziyyət necədir? Ehud Barak  bizim Çakı  zəngləriylə bezdirib. 

- Aviv Koçavi, AMAN-ın, hərbi kəşfiyyatın rəisi də məni son zamanlar narahat edir.

- Nə deyir ki?

- Suriyanın ümumdünya cihad mərkəzinə çevrildiyini tez-tez deyir.

- Yəhudilər elə bil başlarını itirmiş kimi görünür, Hizbullahla Əsəd Əl-Quseyri alandan elə hey həyəcan təbili çalırlar ki, İran-Suriya cəbhəsi itirilmiş mövqelərini geri alır, İranın mövqeləri yenə güclənir. O biri yandan da, Cəbhət-əl-Nusradan qorxurlar, ümumdünya cihadından dəm vururlar.

- Cənab prezident, yəhudilər həmişəki kimi ağıllıdırlar. Onlar bir tərəfdən Azad Suriya ordusuna, Türkiyə ilə sərhəd ərazilərdə kürdlərə başçılıq edən PKK-ya bağlı Demokratik İttifaq Partiyasına hərbi, kəşfiyyat dəstəyi göstərirlər, təbii ki, balansı qorumaq üçün. İstənilən halda bu əməliyyatlarda Suriya zəifləyir.

- Əslində düz deyirsən, üstəlik, yəhudilərə Hizbullahla Cəbhət-əl-Nusra arasında gedən döyüşlər də sərf edir. Uzanan böhrandan öz maraqları üçün istifadə etmək taktikası.

- Bəli, cənab prezident. Bizim əldə etdiyimiz başqa bir məlumatla görə Tel-Aviv Azad Suriya Ordusu bir yana, hətta hərdən Cəbhət-əl-Nusraya Türkiyə vasitəsilə kəşfiyyat məlumatları ötürür.

Obamanın qaşları yuxarı qalxdı.

- ...Amma biz bilirik ki, - MKİ-nin direktoru sözünə davam etdi. – Əgər Cəbhət-əl-Nusra Dəməşq ətrafı strateji əhəmiyyətli şəhərləri götürsə, İsrail Hizbullaha Livandakı xristianlar vasitəsilə dəstək göstərəcək.

- Hmm. Con, yeri gəlmişkən, türklər bizdən yaman narazıdırlar. Ərdoğan son telefon danışığında xeyli bizi Suriya müxalifətinə az dəstək göstərməyə görə qınadı. Bir də, Ərdoğan Suriyada kürdlərin hər hansı müstəqil formada birliyinin yaranmasına imkan verməyəcəklərini israrla deyir.

- Elədir, cənab prezident. Düz bir həftədir ki, türklər əsasən gecələr sərhəddə kürdlərin Demokratik İttifaq Partiyası ilə vuruşan Cəbhət-əl-Nüsrəyə müasir atıcı silahlar və sursat ötürməkdədir. Türkiyə MİT -i ilə əməkdaşlığa əsasən biz bu məsələdə Türkiyə kəşfiyyatına müəyyən operativ informasiya dəstəyi göstəririk. 

- Yeri gəlmişkən, İsrail-Türkiyə kəşfiyyat münasibətləri necədir?

- İsrail Türkiyəylə gizli danışıqlar aparır, anti-əsədçilərə dəstək istiqamətində. Hələ ki, danışıqların nəticələri barədə operativ məlumat əldə edə bilməmişik. Bir məqamı deyim, cənab prezident. Siz bayaq yəhidilərin təşvişə düşdüyünü dediniz. Amma unutmayın ki, istənilən halda İsrail regionda öz təhlükəsizliyi ilə bağlı son anda Amerikanın gücünə arxalanır. Yəni onlar əmindir ki, kritik durumda bizlər B planını işə salacayıq, uçuşa qadağan zonalarına da gedəcəyik, dəqiq zərbələr taktikasına da.

- Dəmir Gümbəzə  də dəstək veririk, başa düşmürəm, daha nə istəyirlər onlar bizdən? Okey, Con, Suriyada kimyəvi silahlar üzərində nəzarət nə yerdədir?...

Sonra onlar Yəməndə, Misirdə, Pakistanda olan operativ vəziyyəti müzakirə elədilər.

 

  *  *    *

Obamanın təşəbbüsüylə onu Putinlə telefonda calaşdırdılar.

- Sabahın xeyir, Volodya.

- Sabahın xeyir, Barak.

- Necəsən, işlər necə gedir? Nə ilə məşğulsan?

- Işlər yaxşıdır, qaydasında gedir. Son günlər kənd təsərrüfatı məsələlərinə başım qarışıb. Qışa hazırlaşmaq lazımdır.

- Düzdü, qış qorxulu mövsümdür. Koni  neyniyir?

- Koni təzə tryuklar öyrənib. Bir neçə gün əvvəl daçada onun hərəkətlərinə bir xeyli gülmüşəm. Sən də vəziyyət necədi?  Bo  neyniyir?

- O da sənin Konin kimi məni güldürür... Volodya, Suriya məsələsini həll etmək lazımdı. 

- Lazımdı, Barak, lazımdı. Biz də elə bunu istəyirik.

- İstəməyinə bəlkə də istəyirsiz, buna şübhəmiz yoxdur, amma Rusiyanın siyasi iradəsinə ehtiyac var, BMT Təhlükəsizlik Şurasında heç olmasa sizlərin bitərəf səsinizə ehtiyac var, Liviyada olduğu kimi.

- Liviya məsələsində mən Rusiyanın baş naziri idim, onda xarici siyasət sferası mənim yox, prezident Medvedevin səlahiyyətində idi. İkincisi, düşünmürəm ki, Liviya məsələsində BMT-nin məlum qətnaməsi müsbət rol oynamışdı. Hər halda Qəddafi dövründə bu ölkədə nəinki böyük dövlətlərin, heç kiçik dövlətlərin səfirləri, konsullarını belə öldürməyə heç kimin cürəti çatmazdı. 

Oxun hansı istiqamətə atıldığını başa düşən Obama bir qədər susandan sonra:

- Hər halda indi Liviyada Suriyadakı kimi insan itkilərinin şahidi olmuruq, ən azından, vaxtında tədbirlər görüldüyündən Liviyada humanitar böhran yaranmamışdı.

- Barak, nə təklif edirsən?

- Bəşər Əsədə dəstək göstərməyi dayandırmağın zamanı yetişib.

- Bu təklifi çox eşitmişik. Amma sizin administrasiyadan indiyə qədər post-Əsəd dövrünün necə olacağıyla bağlı konkret heç nə eşitməmişəm. Bu gedişlə siz, deyəsən, Əsədi devirib yerinə Cəbhət-əl-Nusranı gətirmək istəyirsiz, - Putinin səsində istehzalı-əsəbi ton hiss edildi. 

- Siz Əsəd rejiminə dəstək verdikcə, Cəbhət-əl-Nusra daha da güclənəcək, sünni əhalisi arasında nüfuzu artacaq, necə ki, biz bunu faktiki olaraq şahidi olmaqdayıq.

- Bizsə başqa cür fikirləşirik, biz Əsəd rejiminə dəstəyimizi azaltdıqca, Cəbhət-əl-Nusra kimi qüvvələr ya hakimiyyətə gələcək, ya da İraqdakı kimi sonu bilinməyən anarxiya, terrorla üzləşməli olacağıq bu ölkədə. İkincisi, Suriya bizim müttəfiqimizdir, onu itirmək fikrində deyilik, təbii ki.

- Oldu, Volodya, ümid edirəm, tezliklə biz ortaq məxrəcə gələ biləcəyik. 

- Barak, mən də buna çox ümid edirəm və bunu çox arzulayıram. 


Daha sonra onlar başqa qlobal məsələləri müzakirə etdilər. Telefonun dəstəyini yerinə qoyan Barak Obama fincandakı son qurtumluq qəhvəni içdi. Sonra CNN kanalından xəbərlərə  qulaq asmağa başladı. “BMT-nin verdiyi məlumata görə Suriyada 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsi nəticəsində ölənlərin sayı 100 mini keçmişdir, onların əksəriyyəti mülki vətəndaşlardır. BMT-nin Ərzaq proqramının verdiyi məlumata görə yaxın iki ay ərzində humanitar yardım göstərilməzsə, iki milyondan çox suriyalı....” Barak Obama xəbərin davamına qulaq asmadan pultla başqa bir kanala keçdi. Şou proqram gedirdi, arvadı Mişel şoumenin xahişiylə səhnəyə çıxaraq mahnının sədaları altında şoumenlə bir yerdə rəqs etməyə başladı. Zaldakılar gördüklərindən vəcdə gəlib əl çaldılar. Kabinetində ayağını ayağının üstünə aşırıb bu səhnəyə baxan Barak  gülə-gülə əlini əlinə vurub arvadını alqışlamağa başladı. Dalınca mobil telefonuyla Mişeli yığdı, gülə-gülə: “Hə, baxırsan?... Okey, sonra danışarıq”.  

İki saatdan sonra milli təhlükəsizlik işləri üzrə müşaviri Syuzan Rays Obamanın iş nömrəsinə zəng edib xəbər verdi ki, az əvvəl Dəməşq ətrafındakı rayonlardan birinə kimyəvi bomba atılıb, ölənlərin sayı minə yaxınlaşır, çoxu da uşaqlar və qadınlardır, amma hələ ki, bunu kimin etdiyi dəqiq deyil. “İndi mən sənə zəng edəcəm, Syuzi” - deyib prezident yenə kanalı CNN-ə çevirdi. Kimyəvi hücum nəticəsində kəfənə bükülmüş ağzıköpüklü azyaşlı uşaq, qadın meyitləri, təcili yardım maşınları, maşınların siqnal səsləri və s... Obama Syuzan Raysa zəng edib tapşırdı ki, ABŞ-ın BMT-dəki nümayəndəsinə zəng etsin, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağrılsın, məsələnin təcili araşdırılmasıyla bağlı qətnamə qəbul olunsun. “Amma Rusiya, Çin də qətnaməyə veto qoya...,” – Rays bunu deyəndə Obama onun sözünü kəsib hirslə “Cəhənnəm olsun Rusiya da, Çin də. Sən dediklərimə əməl et. Üstəlik, çalışmaq lazımdır ki, Ban Ki Mun faciəni pisləyən, BMT inspektorlarının ən qısa zamanda hadisə yerinə getməsini tələb edən bəyanat versin. Bu qədər, Syuzi,” – deyib telefonun dəstəyini yerinə qoydu. Daha sonra prezident MKİ direktoruna zəng edib kimyəvi hücumla bağlı təcili kəşfiyyat məlumatlarının əldə edilməsini tapşırdı.

Ertəsi gün qrafikə uyğun Vaşinqtonda milli təhlükəsizlik şurasının iclasında Obama Putinlə telefon söhbətinin əsas detallarına toxunub məsələni müzakirəyə çıxardı. Ayrıca Dəməşq ətrafına olan kimyəvi hücum məsələsi müzakirə olundu. Obama dövlət katibi Con Kerriyə müttəfiq dövlətlərlə məsləhətləşmələr aparmağı, Çak Hagelə təcili müdafiə nazirliyinin Suriya rejiminə qarşı müxtəlif hərbi əməliyyatlar planlarını hazırlayıb ona təqdim etməyi tapşırdı.

İclasın sonunda Obama elan etdi ki, bu gün iclasda iştirak edən Syuzan Raysın ad günüdür. (O, həm də bununla dünən telefonda onunla bir az hirsli danışmağına görə Syuzinin könlünü almaq istəyirdi) Alqışlar, “Oh good”, təbrik sədaları dairəvi otağı başına bürüdü.

- Son olaraq söz verilir bizim gözəl Syuziyə, - Obama elan etdi.

- Əziz dostlar, xoş sözlərə görə sağ olun. Mən bu sözləri bazar günü Rixos otelinin ziyafət zalında təkrar sizin dilinizdən eşitsəm, şad olardım. Sizləri orda həyat yoldaşımla gözləyəcəyəm.

Yenə alqış səsləri, “Əlbəttə, biz orda olacayıq, Syuzan!” – sözləri.

Putin təhlükəsizlik şurasının iclasında Obamayla son telefon danışdıqlarından danışdı. Sonra müdafiə naziri Şoyqu son bir ayda Suriyaya edilən hərbi yardım, Baş Qərargah rəisi general Makarov Əsəd ordusunun cəbhədəki son uğurları, kimyəvi hücumla bağlı Qərbin atacağı addımlar, Federal Təhlükəsizlik  Xidmətinin sədri Bortnikov isə Suriyada xarici ölkələrin fəallaşan kəşfiyyat əməliyyatlarıyla bağlı məruzə elədi. Suallara cavab verildi, son qərar bu oldu ki, yaxın və orta perspektivdə Əsəd rejiminə yardım Rusiyanın strateji maraqlarına cavab verir, hərbi yardımla bərabər Rusiya eyni zamanda Suriya müxalifətinə dəstək verən region ölkələrinə qarşı əsəb-informasiya müharibəsini daha da gücləndirməlidir. Putin müdafiə naziri və baş qərargah rəisinə tapşırdı ki, Qərbin Suriyaya mümkün hərbi müdaxiləsiylə bağlı təcili əks-tədbirlər planı hazırlansın.

Səhərisi Putin müdafiə naziri Şoyquyla bir yerdə İrkutska uçdu, vilayət rəhbərliyinin iştrak etdiyi iclasda çıxış edib tapşırıqlarını verdi. Sonra həmin bölgənin balaca şəhərlərindən birinə helikopterlə uçub yeni tikilmiş hərbi zavodun qırmızı lentini kəsdi, zavod rəhbərliyi, qabaqcıl fəhlələrlə şampan qədəhlərini bir-birinə vurdu, həvəslə son illər ölkədə gedən inkişafdan danışdı onlara. Üstəlik, İnterfaks jurnalistinin sualına, bir də təhlükəsizlik şurasının dünənki iclasında qəbul edilən qərara uyğun Suriya ilə bağlı ad çəkməsə də “destruktiv mövqe tutan bəzi dövlətlərə” bir-iki hədələyici bəyanat göndərdi. 

Ertəsi gün, bazar günü Putin Şoyquyla bir yerdə helikopterlə Baykal gölünə tərəf getdi, - bir yerdə qarmaq atıb o göldə məşhur Böyük Qolomyanka, Baykal nərə balığından tutdular. Ocaq da qalamışdılar, bir azdan balıqları qızardıb yeyəcəkdilər. Sonra Rusiya prezidenti soyunub üç-dörd dəqiqə əl-qol hərəkətləri edib gölə baş vurdu, suyun hərarəti on iki dərəcəydi. Bir dəqiqədən sonra başını sudan çıxaran Putin sürətlə dovşan texnikasında, sonra dincini almaq üçün yavaş-yavaş arxası üstə üzməyə başladı. Daha sonra sürətli baterflay (kəpənək) texnikasında üzüb, arxası üstə gölün ortasına tərəf hərəkət etməyə başladı. “Əla, Vladimir Vladimiroviç! Göz dəyməsin, tfu-tfu-tfu! - sahildən ona tamaşa edə-edə əliylə ağacı taqqıldadan Şoyqu qışqırdı, - siz həmişəki kimi əla formadasız!” Sinəsi üstə yavaş-yavaş sahilə tərəf üzən Putin təşəkkür əvəzi başını tərpətdi. 


Bütün bunları, xüsusilə, prezidentin əzələli qollarını göldə üzən qayıqdakı fotoqraf və videokameraçı çəkirdi, - mətbuat, bir də Putinin twitterdə təzəcə açdığı profili üçün.  


22 iyul – 26 avqust, 2013

Altıağac (kənd çayxanası) - Bakı