Elvir Nizamoğlu adlı oxucularımızdan biri özünün qələm aldığı “Qadın ətri” adlı hekayəsini redaksiyamıza göndərib. Həmin yazını təqdim edirik.
Qadın ətri
Qaranlıqdan göz gözü görmürdü. Hamı yerdə oturmuş, gözlərinin qaranlığa öyrəşməsi üçün gözləyir, bir yandan isə gənc komandiri dinləyirdi. Artıq hazırlıq təlimləri sona çatmış, cəbhə xəttinə göndərilmişdik. Komandir tez- tez yolda diqqətli olmağımızı, səssiz olmağımızı və bütün əmrlərə mütləq itaət etməyimizi artıq neçənci dəfə idi ki, təkrarlayırdı. Çox təhlükəli gün keçirəcəyimə baxmayaraq komandirin dediklərini tam dinləmirdim. Tez tez xəyala dalır, ürəyimi titrədən ölüm qorxusunu unutmağa, özümü xəyallarla aldatmağa çalışırdım. Bəlkə bir daha xəyal qura bilməyəcəkdim. Ölümün bu qədər yaxında olduğunu bilə - bilə özümü xəyallardan da məhrum edə bilməzdim. Əslində isə bu özümdən asılı deyildi.
Qaranlıq, bir əsgər üçün həm dost, həm də düşməndir. Bu bir qızla oğlanın qaranlıq otaqda sevişməsinə bənzəyir. Qaranlıq, görülmədiyini bilmək, insanı özünə qarşı inamlı hiss etdirir. Qaranlıqda öpüşməklə, aydınlıqda öpüşmək arasında fərq olmadığı kimi gündüz və ya gecə döyüşmək arasında fərq olmadığını döyüşçülər ölüm yaxınlaşanda, qan qoxusu burunlarına gələndə, qışqırtılar eşidəndə anlayırlar.
Burnuma barıt qoxusuna qarışmış torpaq və üstümə geyindiyim hərbi kamuflyaj qoxusu gəlirdi. Bu qoxu nədənsə məni həmişə uzaqlara aparırdı. Əsgərdən başqa heç kim bu qoxunu duya bilmir. Bu qoxu ölümə çox yaxındır. Sadəcə bir şey çatışmır, qan qoxusu...
Yağış damcılamağa başlamışdı. İlk damcını burnumda hissetdim. Gülümsünməyə oxşar bir ifadə əmələ gəldi üzümdə. Burnuma qadın ətri gəlirdi. Deyəsən qadın həsrəti çəkən əsgərlərdən biri qadın ətrindən istifadə edirdi. Ölmədən öncə son nəfəsində qadın qoxusunu duymaq istəyirdi.
Yağış damcıları üzümə düşdükcə gözlərimin qarşısında beynimin dərinliklərində gizlənmiş bir xatirə canlanmağa başladı. Qaranlıqdan istifadə edərək bu anı təkrar canlandırmaq üçün gözlərimi yummağa qərar verdim.
Gözümü qapadıqdan sonra yağışlı bir payız axşamında yağan yağışa fikir vermədən qısa qol köynəkdə yağışın altında altında gəzən, özünü yağmura təslim etmiş bir nəfər canlandı gözümün qarşısında. Bu mən idim. Kirli şəhərlərdən birində, əlim cibimdə gəzirdim... Vaxtını, zamanını xatırlamadığım bir xatirə idimi yoxsa uydurma- bilmirəm...
Güclü yağış yağırdı...
Yağış damcıları mənə çatmamış birləşib -sanki kimsə ovucunda damcıları toplayırmış kimi- üstümə tökülürdü. Kirpiklərimdən üzümə tökülən damcılar isə bəzən görməyimə mane olurdu. Qaranlıqda qaçışan insanlar özlərini islanmaqdan xilas etmək üçün ya yaxınlıqdakı dayancaqlara sığınır ya da əllərində nə varsa başları üstünə qaldırıb qaçaraq uzaqlaşırdılar. Maşınların və insanların səs küyü yağış damcılarının yerlə təmas edərkən çıxardığı səsə uduzurdu. Şəhər tamamilə suya təslim olmuşdu.
Kirpiklərimdən üzümə düşmək üzrə olan yağış damcılarını əlimlə təmizləyərkən ağ rəngli çətirin altında öpüşən iki sevgili diqqətimi çəkdi.
Çətirin üstünə tökülən yağış damcılarının çıxardığı səsin altında bir birlərinə sığınmış, dodaq dodağa isti nəfəsləriylə bir birlərini isidirdilər. Gözlərini yumub, ətrafda qaçışan, qınayıcı nəzərlərlə onlara baxan insanları unutmuşdular. Çətirin altında öpüşən sevgililər mənə soyuq və qaranlıq gecələrdə xəyal qurmağıma mane olan, soyuqdan və qaranlıq qorxusundan xilas olmaq üçün yorğanın altına gizləndiyim uşaqlığımı xatırlatmışdı. Yorğan əvəzinə birbirlərini qucaqlamış, gözlərini yumub romantik bir xəyala dalmışdılar.
Onlar yağış damcıları altında sanki rəqs edərkən mən bütün bədənim suyun içində yerimdə durmuş onları seyr edirdim. Göy gurultusu, yağış damcılarının çıxardığı səslər sanki vaxtı dondurmuş, məni bu aləmdən uzaqlaşdırmışdı.
Maraqla onları seyredərkən başqa bir nəfər diqqətimi çəkdi. Bu cütlüyü seyr edən sadəcə mən deyildim. Yaxınlıqdakı dayanacağın arxasında divara söykənmiş daha əvvəl də tez tez rast gəldiyim bir dilənçi də onlara baxırdı. Dilənçi, təxmini, yaşıd olardı. Onun yağmurdan qaçmaq üçün ayaqları və özünü yağmurdan qorumaq üçün qolları yox idi. Əslində yağışda islanmaqdan elə narazı da görünmürdü. Bəlkə də, nə belə havada suyun içində oturmaqdan narahat idi , nədə ona qismət olmayan sağlam həyatı düşünürdü. Görünür, o da bu andan zövq alırdı. Ən dəyərli varlığı bu mənzərəni seyr etməsinə yarayan gözləri, yağmurun rahatlıtıcı səsini eşidən qulaqları və xəyal dünyası idi. Bəlkə heç dünyanı görməsinə və eşitməsinə kömək etdiyinə görə allaha minnətdar da deyildi. Bu anı yaşadığına görə isə bu iki sevgiliyə minnətdar ola bilərdi.
Öpüşən, qucaqlaşan və həyatı yaşayan bu iki sevgili olsa da, nədənsə bu anı seyr etdiyim üçün mən daha xoşbəxt olduğumu düşünürdüm. Sanki rəsm əsərində yağışlı bir havada çətirin altında öpüşən sevgililər və onları seyr edən bir dilənçi təsvir olunmuşdu. Onlar sadəcə rəssamın əsəri idi. Mən isə rəsm tablosuna baxaraq bundan zövq alırdım.
Üstüm başım palçığın içində göy üzündə üzümə tökülən yağış damcılarına baxıram. Burnumda qadın ətrini hiss edirəm.
Göy guruldayır.. Şimşək çaxır..
Onları xatırlayıram... Onlar üçün o gün, o xatirələr bir gün bəlkə də unudulacaq, bəlkə də ayrılacaq və birbirlərini unudacaqlar.. Amma mənim xatirimdə onlar yağmurlu bir havada, çətirin altında, əlil bir dilənci onları seyredərkən öpüşən sevgililər olaraq qalacaqlar.
...Palçıığa qarışmış barıt qoxusu..
...Üstüm başım palçığın içində göy üzündə üzümə tökülən yağış damcılarına baxıram. Hardansa burnuma qadın ətri gəlir. Ölümü duyuram... İndi bayaq çatışmayan qan qoxusunu da hiss edirəm...