“Qafqazinfo”nun oxucularına - müraciət

qafqazinfonun-oxucularina-muraciet
Oxunma sayı: 2098




“Qafqazinfo” saytının rəhbərliyi portalın oxucularına müraciət edib. Həmin müraciətdə deyilir: “Dəyərli oxucular, “Qafqazinfo” portalı yarandığı gündən indiyədək bu düşüncədə olmuşuq ki, bizi idarə edənlər oxucularımız olacaq. Yəni saytın oxucuları burada külli-ixtiyar sahibi olacaqlar. Biz saytın şərh bölümündə oxuculara istənilən material haqqında sərbəst şəklidə şərh yazmağa şərait yaratmışıq. İstəmişik ki, saytın idarə olunmasında oxucular da iştirak etsinlər. Demək olar ki, bu bir növ uğurlu alınıb. Belə ki, “Qafqazinfo” oxucuları xəbərlərə yazdıqları şərhlərlə həm də ictimai jurnalistika ilə məşğul olublar ki, bu da cəmiyyətin fikir və düşüncələrini bilmək baxımından çox mühümdür.

Dəyərli oxucular, bu gün sutka ərzində portalımızı 20 mindən artıq ziyarətçi daxil olur ki, onların da bir neçə mini xəbərlərə aktiv şərhlər yazırlar. Sizin şərhlərinizi oxumaq və təsdiqləmək bizə zövq versə də, saytın tərəfdaşları, xəbər subyektləri tərəfindən birmənalı qarşılanmır. Onlar bir çox şərhləri özlərinə təhqir kimi qiymətləndirirlər. Bir çox hallarda biz onları tərəfdaş kimi hətta itiririk də.

Dəyərli oxucular, biz apardığımız müzakirə və təhlillərdən sonra Sizə müraciət etmək qərarına gəldik. İstərdik ki, xəbərlərə şərh yazarkən insanları təhqir etmək niyyətindən uzaq olasınız. Mümkünsə mövzuya aid şərh yazasınız. Əks halda biz artıq bu gündən başlayaraq mövzuya aid olmayan, insanları təhqir etmək məqsədi daşıyan, tərəflərin narazılığına səbəb olan şərhləri yerləşdirməkdən imtina edəcəyik. Biz əminik ki, müraciətimiz dəyərli oxucular tərəfindən nəzərə alınacaq və bundan sonra da əməkdaşlığımız davam edəcək” .