“İyulun 5-6 tarixlərində dünyanın diqqəti növbəti dəfə Qarabağın tacı Şuşaya yönəldi. Türk dövlətlərinin birliyinə, həmrəyliyinə şahidlik edən Şuşadan dünyaya çağırışlar edildi. Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüsçüsü dövlət başçısı İlham Əliyevdir. Bu təşəbbüsün bütün türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın göstəricisidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Türk Dövlətlərinin qeyri-rəsmi Zirvə görüşündə çıxışına “Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!” çağırışı ilə başlaması hər birimizdə böyük qürur hissi yaradıb.
Malik Həsənov qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrildi: “Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Bu dəstək Azərbaycana güc verdi, 44 gündə tarixi Zəfərə imza atmasında əhəmiyyətli rol oynadı”.
Millət vəkili qeyd edilənlərin fonunda Azərbaycanın türk dünyasının birliyinə, dəstəyinə nə qədər böyük önəm verdiyini açıqlayıb. “Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması Azərbaycanın əsas hədəfləri sırasındadır. Şuşa Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanması da bu məqsədə xidmət edir.
Belə ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd edən dövlətimizin başçısı buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürdüyünü bildirdi. Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.
M. Həsənov onu da bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi, həmçinin fəxri qonaq qismində qatıldığı tədbirlər beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
Son xəbərlər
Son Xəbərlər