27 sentyabr-Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt (Qazax) yolunun 30-cu kilometrliyində ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, deputatlar Aydın Hüseynov, Səbinə Xasıyeva, Zaur Şükürov, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayonun fəal sakinləri iştirak ediblər.
Daha sonra Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın müavini və şöbə müdirləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
S.Mikayılov qeyd edib ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycana qarşı növbəti təcavüzə başlayıblar. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verib.
Müharibə başlanandan Zəfər Gününə qədər Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Şuşa əraziləri işğaldan azad edilib. 44 günlük Vətən müharibəsindən sonra – Ağdam, Kəlbəcər, Laçın rayonları üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılıb. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bu qələbədə Ali Baş Komandanın, xalqın və Ordunun birliyi əsas rol oynayıb.
Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfalar, iştirakçılara can sağlığı və uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər