“Qərb hər vasitə ilə Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında deyib.
“Hazırda Qarabağda təhlükəsizliyi rusiyalı sülhməramlılar təmin edir. Lakin Qərb hər cür vasitə ilə vəziyyətə müdaxilə etməyə, öz mövcudluğunu genişləndirməyə və Rusiyanın sülhməramlı kontingentini nüfuzdan salmağa çalışır”, - deyə Şoyqu qeyd edib.
Onun sözlərinə görə, Qərb üçün əsas olan məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır: “Buna misal olaraq Avropa İttifaqının hərbçi və xüsusi xidmət orqanlarının əməkdaşlarının da daxil olduğu Ermənistandakı mülki missiyasını göstərmək olar. Düşünürəm ki, onların əslində orada nə ilə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur”.