Qərbin Bakıda sızlayan “vicdanı”

qerbin-bakida-sizlayan-vicdani
Oxunma sayı: 5285

Qərbin nəzarətində olan anti-Azərbaycan şəbəkə son vaxtlar ciddi zərbə alıb. Avropa və ABŞ-dən maliyyələşən internet televiziyaları və onların rəhbərləri, eləcə də beynəlxalq təşkilatlarla qaranlıq əməkdaşlıqda şübhəli bilinən şəxslərlə bağlı keçirilən əməliyyatlar bu şəbəkənin iç üzünü açıb ortaya qoydu.

“Qafqazinfo” Globalinfo.az-a istinadən xəbər verir ki, özlərini toxunulmaz və Qərb dairələri tərəfindən xüsusi siyasi mühafizə altında hesab edən bu dəstənin təbliğat zirehi, necə deyərlər, deşildi. Özləri haqda yaratdıqları məlum obraz, beynəlxalq immunitetləri haqda təsəvvürlər darmadağın edildi. İstintaqın yaydığı məlumatlardan və ölkə mediasındakı araşdırma yazılardan aydın olur ki, bu dəstə ali dəyərləri özlərinə alət edib. İllərdir müəyyən təbəqənin – əsasən də təcrübəsiz gənclərin hisslərini, emosiyalarını, inamlarını istismar ediblər. Arxa planda isə qrant dəllallığı, qaçaqmalçılığı ilə məşğul olublar. Budur, artıq həqiqət üzə çıxır: şəbəkə üzvlərinin nəzarətində olan maddi vəsaitlərin ümumi məbləği qaranlıq məqamlara işıq tutur.

“Abzas Media”, Toplum TV və digər anti-Azərbaycan mövqeyində dayanan resursların, təşkilatların saxlanılan üzvlərinin əzabkeş obrazları yaradılır. Bu adamları demokratiya uğrunda mübariz, fədakar jurnalist, insan haqları müdafiəçiləri kimi yerli və beynəlxalq ictimaiyyətə təqdim edirlər. Amma istintaqın ortaya qoyduğu faktlar başqa mətləblərdən xəbər verir.

20 noyabr, 2023-cü il. “Abzas Media”nın ofisindən 40 min avro aşkarlanıb

Ortada ciddi suallar var. Onlara cavab vermək lazımdır. Məsələn, şəffaflıqdan, dürüstlükdən danışan şəxslər bu qədər maddi imkana necə, hansı vasitələrlə çatıblar? Nə üçün ölkəyə qeyri-leqal yollarla bu qədər vəsait gətiriblər? Saytlarının, təşkilatlarının fəaliyyət göstərməsi üçün ayrılan yüz minlərlə dollar-avronun hesabatını dürüst şəkildə verə bilərlərmi?

Bu şəbəkəyə daxil olan şəxslərdən biri də Qubad İbadoğludur.

Qərb dairələri Qubad İbadoğlunu “vicdan məhbusu” kimi sırımağa çalışır və beynəlxalq ictimai rəydə Azərbaycan haqqında “siyasi məhbusların” olduğu, azadlıqların boğulduğu bir ölkə imici formalaşdırmağa çalışır. Halbuki Q.İbadoğlu və onun kimilərinin bəlli missiyası var. Bu adamlar öz ölkələrinə qarşı xəyanətkar mövqe tutublar. Onlar Qərb dairələrinin Azərbaycanda ictimai rəyi çaşdırmaq və vəziyyəti gərginləşdirmək üçün istifadə edildiyi vasitədirlər. 44 günlük Vətən müharibəsində Qubad İbadoğlu beynəlxalq əlaqələrindən istifadə edərək, Azərbaycanın haqlı mövqeyinin dünyada müdafiəsi üçün nə edib? Dinc şəhərlərimiz Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalanda, Azərbaycan xalqına qarşı müharibə cinayəti baş verəndə hansı fədakarlığı göstərib? Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasətə qarşı etiraz səsini qaldırıbmı? Bu suallar xaricə sığınıb,  Azərbaycana qarşı fəaliyyət göstərən digərlərinə də aiddir. Əksinə, Qubad İbadoğlu və onun kimilər ölkənin ən həlledici vaxtında dövlətin mövqeyinə zərbə vurmağa çalışıblar. Bəzi hallarda bunu bacarıblar. Q.İbadoğlu xaricdəki təmaslarda, eləcə də internet üzərindən çıxışlarında Azərbaycanı korrupsioner, qanunların işləmədiyi ölkə kimi təqdim edib. Hətta o və onun kimilər erməni separatçılarının, işğalçılarının mövqeyini müdafiə etməkdən belə çəkinməyiblər. 2020-ci ilin 27 sentyabr tarixindən anti-Azərbaycan fəaliyyətlərini daha da intensivləşdiriblər.

Ümumiyyətlə Q.İbadoğlunun təmsil olunduğu məlum düşərgə – inkarçı və radikal müxalifət bütün fəaliyyəti dövründə ölkə və xalq adına olan pozitiv məqamları qaralamaqla məşğul olub. Eləcə də Azərbaycanın əleyhinə açıq fəaliyyət göstərməkdən çəkinməyib. Son 20 ildə bu düşərgənin fəaliyyətinə diqqət etmək kifayətdir. Onlar hər zaman hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə meylli olublar. Bunun üçün Qərbin bəlli dairələrinə nökərçilik etməkdən çəkinməyiblər. Zaman-zaman bəzi səfirliklərdən, xarici təşkilatların Bakıdakı ofislərindən aldıqları təlimatları və pulluları reallaşdırmağa, leqallaşdırmağa çalışıblar. Bunun üçün ölkədə müxtəlif aksiyalar keçiriblər.

2003-cü ilin prezident seçkisindən dərhal sonra Bakıdakı iğtişaşları çoxları xatırlayır. Seçkinin nəticələri açıqlanmadan ölkədə etiraz aksiyalarına start verildi. Hakimiyyəti zorakı yollarla ələ keçirməyə təşəbbüs göstərildi.

2005-ci ilin parlament seçkiləri ərəfəsində “narıncı inqilabçıllar” qeyri-leqal yollarla hökuməti devirməyi planlaşdırırdılar. Üzdə seçkiyə, arxada isə inqilaba hazırlaşırdılar. O vaxtlar Ukraynada Qərbin dəstəyi və birbaşa iştirakı ilə baş vermiş narıncı inqilabdan ruhlanan müxalifət eyni ssenarinin Azərbaycanda təkrarlamaq istəyirdi. Buna görə hətta hakimiyyətdəki narazı qrupla gizli əməkdaşlığa gedildi.

O vaxt dövlətin ali iradəsi ilə darmadağın edilən bu gizli-aşkar ittifaq bir də özünə 8 il sonra – 2013-cü ildə gəlməyə başladı. Həmin il keçirilən prezident seçkisində yenə də xaricdən alınan təlimatla Azərbaycanı xaosa sürükləmək yolu seçildi. Amma Azərbaycan xalqı öz seçiminə sadiq qaldı. Bu küçə hərəkatçılarının dövlətə qarşı qurmaq istədikləri barrikadalarda tərəfə  çevrilmədi.

1988-ci ildə şübhəli yollarla meydanda təşəbbüsü ələ alan bu dəstənin fəaliyyəti hər zaman böyük faciələrlə müşayiət olunub. Bir faktı deməklə, bu bəhsi yekunlkaşdıraq: 1992-ci ildə Ayaz Mütəllimovu devirib, hakimiyyəti ələ alan AXC cəbhədə serail məğlubiyyətin əsasını qoydu. Şuşanın müdafiəsini üzərinə götürən AXC-yə bağlı batalyonlar bu şəhəri “məharətlə” düşmənə təslim etdilər. 1992-ci ilin may ayında A.Mütəllibovu ikinci dəfə devirib, hakimiyyəti götürən AXC Laçının işğalına bilərəkdən, yaxud bilməyərəkdən dəstək verdi.

1993-cü ildə – hakimiyyətdə olduğu dövrdə Kəlbəcər kimi işğalı mümkün olmayan rayonu ermənilərə təslim etdi. Həmin ilin yayında 6 rayonun ard-arda işğalına səbəb olan hərəkətlərə yol verildi və s.

Bu adamların əksəriyyətinin mahiyyəti anti-Azərbaycandır. Sözügedən düşərgənin şinelindən çıxmış Qubad İbadoğlunun son illərdəki fəaliyyətini araşdırdıqda bu amil nəzərə alınmalıdır.

Uzun müddət xarici ölkələrdə anti-Azərbaycan fəaliyyəti göstərərək ciddi cəhdlə ölkəmizə qarşı yaradılan təhdidlərdə fəal iştirak edən Qubad İbadoğlu xüsusi tapşırıq əsasında Azərbaycana gələrək öz əməllərini burada davam etdirməyə çalışıb. Guya o, müxalif qrupların konsolidasiyasına və vahid cəbhə formasında fəaliyyətə başlamasına nail olmalı idi. Qərbdən ötürülən qrantlar əsasında dağıdıcı şəbəkə qurulması, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, bu günə kimi əldə olunmuş uğurların itirilməsi üçün planlı fəaliyyət göstərilməli idi.

Qubad İbadoğlunun FETÖ və Qərb institutları ilə əlaqələri, onların tapşırıqlarını icra etməsi haqda təkzibolunmaz faktlar var. O, həm də qardaş Türkiyənin dövlət maraqlarına qarşı açıq fəaliyyət göstərib. Türkiyəni içdən dağıtmağa təşəbbüs göstərmiş, hərbi qiyama cəhd etmiş beynəlxalq cinayətkar şəbəkənin – FETÖ-nün əmrlərini icra edib. Bu kimi faktlar, qanunsuz əməllər onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas yaratdı. Buna görə də bu gün Qərb dairələri onun arxasında durub Azərbaycana təzyiq göstərmək istəyirlər.

Globalinfo.az-da Qubad İbadoğlunun qanunsuz fəaliyyəti haqda bundan öncə dərc olunan məqalədə olduqca maraqlı, diqqət yetirilməli məqamlar var. Onun qrant layihələrindən əldə etdiyi vəsaitlər haqda ətraflı yazılıb. Eləcə də xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən dairələrlə, şəxslərlə əlaqələri barədə detallı məlumatlar verilib.

Bu şəbəkənin fəaliyyəti yalnız dövlətimizə qarşı qara PR-la yekunlaşmır. Qərb bu dönük və xəyanətkar dəstə vasitəsi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağı, hakimiyyət dəyişikliyinə qədər getməyi planlaşdırıb. Məqsəd bəllidir: öz suverenliyini bərpa edən, işğal faktına son qoyan, separatizmin kökünü qazıyan, paraleldə güclənən, beynəlxalq aktora çevrilən, Cənubi Qafqazda əmin-amanlıq yaradan, regionun lideri kimi mövqeyini hər ötən gün daha da möhkəmlədən Azərbaycan Qərb üçün arzuolunan deyil. Sapı özümüzdən olan baltaları üstümüzə göndərib, əldə etdiyimiz bütün nailiyyətləri alt-üst etmək istəyirlər. Ona görə də Qubad İbadoğlu kimi “alimləri” təlimatlandırıb Azərbaycana qarşı fikir və ideya terrorçuluğuna cəlb edirlər.

Belə layihələr sonda böyük bəlalara yol açır. Son 10-12 ildə baş verənlər buna sübutdur. “Ərəb baharı” adı ilə Yaxın Şərqin bir neçə ölkəsi az qalsın yer üzündən silinib. Eləcə də ortada bu gün Ukrayna kimi acı nümunə var. Qərbin təlimatı ilə təşkilatlanan qüvvələr Ukraynanın bugünkü acınacaqlı taleyinə görə məsuliyyət daşıyırlar.

Azərbaycanın da bu aqibətlə üzləşməməsi üçün Qərbin nəzarətində və istifadəsində olan şəbəkəyə qarşı dövlət ən sərt üzünü göstərməlidir. Mövzu Azərbaycandırsa, dövlətin mənafeyidirsə, heç kimə güzəşt edilə bilməz.