“Qeyrətsizlər əlində bu gün çaşan millətim...”

qeyretsizler-elinde-bu-gun-casan-milletim
Oxunma sayı: 4366


Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun «Vicdan», «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad», «Özümüzü kəsən qılınc», «Cəzasız günah», «Dar ağacı» pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. 

Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu il tarixində vəfat edib.

“Qafqazinfo” bu münasibətlə B. Vahabzadənin bir neçə şeirini “Kitab evi”nin oxucularına təqdim edir:


“Allah”

İdrakda yol açmış gecədən gündüzə Allah, 

Güldürməsən öz könlünü, gülməz üzə Allah. 

Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş, 

Qəlbin gözü yanmazsa, görünməz gözə Allah. 


Allah! Bilirik cisim deyil, bəs nədir Allah? 

Ən yüksək olan haqda, həqiqətdədir Allah. 

Dondunsa təkamül və gözəllik qabağında, 

Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah. 


Bildik, bilirik, gizlidir insandakı qüdrət, 

Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət. 

İnsanın əzəl borcudur insanlığa hörmət, 

İnsanlığa hörmətdə, ləyaqətdədir Allah. 


Gerçək də budur: gizlidir hər zərrədə vəhdət. 

Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət. 

Gördüklərimiz zahirdir, bətnə nüfuz et! 

Bətndəki, cövhərdəki fitrətdədir Allah. 


Fitrət də yatır sözdə, sözün öz yükü fikrim. 

Seçmiş, seçəcək daima tükdən tükü fikrim. 

Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim, 

Sözlərdə deyil, sözdəki hikmətdədir Allah. 


İnsan! Təpədən dırnağa sən arzu, diləksən, 

Nəfsində doyumsuz, fəqət eşqində mələksən. 

Zülmün üzünə haqq deyilən şilləni çəksən, 

Şilləndə möhürlənmiş o qeyrətdədir Allah. 


Cahil enər alçaqlığa, öz qəlbinə yenməz, 

Vicdandan əgər dönsə də, xeyrindən o dönməz. 

Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz, 

İlqarda, sədaqətdə, məhəbbətdədir Allah. 


“Dünyaya gəlməmiş”

Yolum dar dalana dirənib artıq, 

Sağ-solum dağ-dərə, qarşım qaranlıq.

Çaşmışam, ağlım da çatmır dadıma,

Özüm hay verirəm öz fəryadıma.

Düşdüyüm dalanın yoxmudur sonu?

Dünyaya gəlməmiş hardan biləydim

Dünyanın bu qədər puç olduğunu?


“Belə getə...”

Bir sirdaş istəyirik 

Qəlbimizi duyacaq;

Təmizsə - qəlbimizi

Gəlin özümüz açaq.


Acgöz yedikcə açar,

Dilənçiyə əl açar,

Zənn etmə ki, tamahkar

Axır bir gün doyacaq.


Ucaldıqca biz endik,

Düz yoldan geri döndük;

Özümüzü düşündük,

Özümüzü biz ancaq.


Qana həris zəlilər

Sorduğunu az bilər;

Belə getsə, ölülər

Mürdəşiri yuyacaq.


“Millətim”

Niyə bu günə düşdün 

Ay mənim məmləkətim?

Özümə düşmən olub

Aşıb-daşan sərvətim.


Bir vaxt sən də xan idin,

Vaxta hökmüran idin,

Dövlətlər quran idin,

İndi sənə nə oldu

A qullaşan millətim?


Daşından da zər bitər,

Yeddi arxana yetər.

Dilənçidən beşbetər

Yoxsullaşan millətim.


Namusuyla, arıyla,

Keçdiyi yollarıyla,

Böyük oğullarıyla

Oğullaşan millətim.


Savaş hünərləriylə,

Qəhrəman ərləriylə,

Böyük zəfərləriylə

Nağıllaşan millətim.


Dəmir qıran dişiylə,

İgidlik vərdişiylə,

Öz şanlı keçmişiylə

"Sağollaşan" millətim.


Bu xalqın öz övladı

Öz-özünü ovladı.

Səbrini buxovladı

Səbri daşan millətim.


Necə dözdün bir belə

Müsibətə, müşkülə?

Çəkdiyi sitəm ilə

A yollaşan millətim?


Nə gündəsən, nə gündə?

Qor qalmayıb külündə.

Qeyrətsizlər əlində

Bu gün çaşan millətim.


İstəyirəm çaşmaya,

Dərdiylə yollaşmaya,

Bir daha qullaşmaya

Xan oğlu, xan millətim.