“Qışın bu soyuğunda ağcaqanad əlindən dayanmaq olmur” - Foto

qisin-bu-soyugunda-agcaqanad-elinden-dayanmaq-olmur
Oxunma sayı: 2452

“Binaya üfunət iyindən yaxınlaşmaq mümkün deyil. Zirzəmiyə dolan çirkab sular burada yaşayanlar üçün xəstəlik mənbəyidir”.

Bu şikayətlə “Qafqazinfo”ya Mingəçevir şəhərindəki Nizami Gəncəvi küçəsi 13-də yaşayan bir qrup sakin müraciət edib.

5 mərtəbəli binada yaşayan sakinlər deyirlər ki, bu problem 3 ildən çoxdur ki, var: “Çirkab suların iyindən dayanmaq olmur. Hələ indi qışdır. Yayda, ümumiyyətlə, dözülməzdir. Qışın bu soyuq günlərində burada ağcaqanad əlindən dayanmaq olmur. Bütün bunlar xəstəlikdir. Dəfələrlə müraciətlər də etmişik. Lakin gəlib heç baxan da yoxdur. Məsələ ondadır ki, bu problem təkcə bizim binada da deyil. Şəhərin bir çox yerlərində vəziyyət eynilə belədir. Buna səbəb kanalizasiya borularında yaranan nasazlıqdır. Xətlər yenilənmədiyindən çirkab sular zirzəmiyə axır”. 

Məsələ ilə bağlı Mingəçevir Sukanal idarəsinin rəsisi Samir Əliyevlə əlaqə saxladıq. O bildirdi ki, Mingəçevir şəhərinin kanalizasiya sistemləri ötən əsrin 60-cı illərində 70 min əhali üçün inşaa olunub. Bu gün isə şəhərdə 130 min əhali var. Bu da xətlərin istismar müddətinin və ötürücülük qabiliyyətinin itirliməsinə gətirib çıxarıb: “Hazırda Mingəçevir şəhərində 84 faiz işlər icra olunub və 2024-cü ilin iş planı hazırlanır. Yaxın günlərdə bu plana uyğun olaraq xətlərin yenilənməsi işləri davam edəcək. 

Adıçəkilən məsələ ilə bağlı isə onu deyərdim ki, Nərimanov 32, Nizami 15 və Nizami 13 ünvanlarında yeni şəbəkə çəkilib. Xətt birləşmələri zirzəmiyə qədər verilib. Bu gündən etibarən isə Nərimanov 32 ünvanında yeni şəbəkəyə qoşulma işləri başlanılıb. Təxminən gələn həftənin sonuna kimi bu üç ünvanda yeni şəbəkəyə qoşulma işləri tamamlanacaq və zirzəmidəki çirkab sular kənarlaşdırılacaq. Bununla da həmin ünvandakı problem köklü həllini tapacaq”. 

Lamiyə Məmmədova