Qobuda ağır qəza, 3 nəfər öldü - Anbaan görüntülər-Yenilənib

qobuda-agir-qeza-3-nefer-oldu
Oxunma sayı: 3018

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “MAN” markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Qurum bu hadisə fonunda sürücülərə bir daha müraciət vurğulayıb: “Təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur.

Yağışlı və sürüşkən yol şəraitində sürücülər:

- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;

- kəskin və riskli manevrlərdən çəkinməli;

- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır”.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, Hökməli-Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı üçə çatıb.

Qeyd edilib ki, dekabrın 8-də saat 09:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı, bir nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.