"Kim yemləyir yaltaqları?"

quotkim-yemleyir-yaltaqlariquot
Oxunma sayı: 1574



 "Qafqazinfo" Ələkbər Salahzadənin şeirlərini oxuculara təqdim edir:



Bir də gördün beşikdi adam,

Bir də gördün bəbədi,

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.


Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.


Bir də gördün oddu adam

Bir də gördün ot oldu.

Bir də gördün adamdı adam

Bir də gördün ad oldu.


***

Mənim anam öldü, bala.

Sənin nənən, sənin nənən.

Yoxdu anam, vardı axı.

Yanıb, yanıb sönən mənəm.


Adı bir də dil gəlməz

Özü bir də bizə gəlməz.

Gəlməz, gəlməz, gəlməz hətta

Öldüyümü bilsə gəlməz,


Yoxdu axı, yoxdu, bala.

Mənim anam, sənin nənən.

Ta nə atam var, nə anam.

oğul adı ölən mənəm.


***

Özlərini tanıyarlar,

Qınayarlar güzgüləri

Çağırarlar, bağırarlar,

əks olunmaz səs-küyləri


Yox dostları, tanışları

Doğmaları özgələri

Sınamayan, tanımayan 

qınamasın güzgüləri


Qəmi qəmtək göstərəndi

Bir ağlatmaz yüz güləri

Kədəriylə təlxək gələ

Güldürəmməz güzgüləri


İpəyə də çevirəmməz,

Künc-bucaqda əskiləri

Doğrusansa əyri baxma,

Həm də qırma güzgüləri

***

Yaltaqlığın kökü varmı,

Yaltaqlığın layı varmı,

Daş qatında, tunc qatında,

Görən yaltaq tapılarmı,


Yaltaqlar yerdənmi çıxır,

Yaltaqlar göydənmi yağır,

Kim yemləyir yaltaqları,

Başına dənmi yağır?


Ana doğurmu yaltağı,

Yoxsa toxumdur çücərir?

Dayə dayıdan savayı

Kim suvarır, kim becərir&


Yaltağın babası varmı,

Yaltağın  nənəsi varmı,

Yaltağın oğlu varmı,

Nəvəsi, 

nəticəsi,

tökükcəsi olacaqmı?