"Qazamata günəş doğar..." - - Tofiq Yaqubluya

quotqazamata-gunes-dogarquot-
Oxunma sayı: 1737






Uşaqlar

Uşaqlara baxıb

halını öyrənirik dünyanın

dünyanı uşaqlarla tanıdır bizə

böyüklər

məsələn

bilirik ki bir tərəfdə iqtisadi böhrandı

acından arıqlayıb çöpə dönür

yara-xora içində

ishaldan can verir uşaqlar

digər tərəfdə

qətlə yetirilir

göyərib şişmiş üzlərində

xalqın azadlıq sevgisinin donu açılır

qanlarından inqilab qoxusu gəlir...

dünya yupyumrudu

top kimi

alma kimi

şar kimi..

fırlanır

karusel kimi

bizim balaca Tunar

qlobusla futbol

oynamaq istəmişdi bir dəfə...

27. 08. 2013


Elə bir yerə ki...

Gör neçə zamandı ayrı düşmüşük,

Səni uzaqlara tale göndərib...

Yanından bir addım uzaq da qürbət-

Gör neçə zamandı qəribik, qərib.


Gəl, gedək elə bir uzaq yerə ki...

Üşüsən, saçlarım örtsün üstünü.

Gözlərim günəşin, nəfəsim havan

olsun... Mən də görüm bir Allah günü.


Adamlar içində necə yorulub

danışmaqdan gözün, susmaqdan dilin.

Gəl gedək elə bir uzaq yerə ki,

Bizi izləməsin “töhməti” elin.


Elə bir şəhərə köçüb gedək ki,

Mənə adamların arasında da

“Gözümün işığı”, “anam”, “nəfəsim”

deyəsən. Gözlərin dincələ bir az.

Elə sözlər var ki, qulaq duymasa

Olmaz, həyatım, olmaz,

Olmaz, nəfəsim, olmaz!..

31.08.2013


Nankor

Yağmadı

bitmədi

ayrıldıq...

sən

sevgisi dizinin üstdə olan

nankor birisi

mənsə sənin

tapdayıb əzdiyin çiçəklərdən

şirə çəkən

bal arısı...


*** 

Gəl bir az da özümüz olaq

dənizə dərdimizi danışmayaq,

məsələn

axmaq olmayaq bir günlük

qağayılara çörək atmayaq

sol tərəfdəki dilənçi qıza bax

burnunu koftasının qoluna silir,

gözlərini sahilə...


*** 

Dəniz ol

sahilin olum

toxun mənə

səndən başqa kim olar ki

yaxın mənə?


Qazamata günəş doğar...  

Tofiq Yaqubluya


Səhər yuxudan oyananda

daş divarlardan

qara paltarlı dustaqlardan

qapqara qazamatdan 

qaramatdan

gözlərini çək

bax pəncərədən

işıqlı adamlar gözlərinin nurundan

pay göndərir sənə

günəş

saçından ayırdığı bir tellə

otağını nurlandıran zaman

gözlərin parlasın

üzün gülsün

o gözlərdəki ümidlə

inan günəşin nuruna

inan sabaha

gələcəyə inan!


Karvanlar keçər

susuz səhralardan

mənzil başına doğru

savaşlar gedər illərlə

sonunda qələbə var

bir körpə uzun yol gələr ana bətnində

qocaman adam olmaq üçün

ağaclardakı tumurcuqlar

bar olacaq sonda...

qazamatlar tikilər

insanlara azadlıq bəxş etmək üçün...


Qazamata günəş doğar

sabahı gətirər sənə...

23.05.13


Gəl

Sevməkdən yorulmadım səni

sən

sevilməkdən yoruldun

qopdun evimin divarlarından

ruhun bədənimdən çıxdı

əllərinin istisini unutmuşam

soyuğu qalıb

səndən mənə heç nə qalmadı

bilirsənmi

yaddaşım korlanır

xatirələrin uzaqlaşır

sən unudulursan

güldanda 

qurumuş

güllərini xatırlayıram təkcə

otağımda olduqları üçün

pəncərəmin ağzında yollara baxır

bu güllər

uzanır yollar

uzaqlaşır xəyalın...

qayıt...

bu boyda şəhərdə

bir arzunun gözü yoldadı

tər güllər olsun pəncərəmdə

xatirələr əl çəksin yaxamdan

sən ol yanımda

gəl

evimlə

küçəmlə

başımın üstündəki buludlarla

günəşlə

ayla

qarşılayacam səni

pəncərəmin gözü yolda

qalmasın

gəl

gözlərimi yığ yollardan

səp buludlara

sən gələndə

toz olmasın...

21.08.13