“Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Futbolinfo”ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.
O bildirib ki, Q. Qurbanovun Zaqatalada toyunu da aparıb:
– Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var.
– Bəs niyə ondan incimisiniz?
– Çünki məni xatırlamır, zəng edib hal-əhval soruşmur.
– İşləri çoxdur…
– Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklar da ermənipərəst hakimlər “Qarabağ”ın oyunlarında qərəzli hakimliklə yadda qalır. Onların soyadları “yan”la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda “Bazel”lə oyunda top yarımmetr qapı xəttini keçdi, amma hakimlər bunu görmədi. Bunu cənab prezidentimiz də vurğuladı. Amma nə faydası, düşmən elə düşməndir. Hələ biz Bakıda Marsel “Olimpik”i ilə oyunda “Qarabağ”ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar “Qarabağ”ı tərifləyirlər. Mən Azərbaycanı Türkiyədən ayırmıram. Özüm də “Qalatasaray”lıyam. “Cim-bom”un hər oyununu izləyirəm.
– Mənə çox maraqlıdır, bir qədər əvvəl dediniz ki, Qurbandan incikliyimi Musaya bildirdim, Musa nə dedi bəs?
– Musa mənə dedi ki, “Ağadadaş, sən haqlısan!” Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim…
Son xəbərlər
Son Xəbərlər