Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin martın 7-də Lənkəran və Astara rayonlarında toplantısı keçirilib, qəsəbə və kəndlərdə yerli sakinlərlə görüşlər olub.
“Qafqazinfo” xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran şəhərində keçirilən iclasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun hər bir layihəsinin məqsədi xalqa xidmət göstərməkdir. Bu günədək “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 412 yeni məktəb inşa olunub.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, yeni İctimai Birliyin fəaliyyəti ölkənin bütün regionlarını əhatə edəcək, əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilib həlli istiqamətində tədbirlər görüləcək.
Qeyd olunub ki, təşkilatın cənub bölgəsi üzrə fəaliyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edək, regional mərkəz isə Lənkəran şəhərində fəaliyyət göstərəcək.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, “Regional İnkişaf” İctimai Birliyinin yaradılması insanların həyatında mühüm rol oynayacaq. O, rayonun ağsaqqal və gənclərini, bütövlükdə Lənkəran ictimaiyyətini Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər verməyə çağırıb.


Son xəbərlər
Son Xəbərlər