Rektor yüksək balla BMU-ya qəbul olan tələbələrlə görüşdü - Fotolar

rektor-yuksek-balla-bmu-ya-qebul-olan-telebelerle-gorusdu
Oxunma sayı: 1962

Bakı Mühəndislik Universitetinə (BMU) builki qəbul imtahanlarında yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə BMU-nun rektoru Yaqub Piriyev onları nailiyyətləri münasibətilə təbrik edib. O, bu il Vətən müharibəsində tarixi qələbənin 5 illiyinin qeyd edildiyini, böyük zəfərin müəllifləri olan qəhrəman şəhidlərimiz və qazilərimizin fədakarlığının, xalqımızın birliyinin gənclər üçün əbədi örnək olduğunu deyib.

Y. Piriyev universitetdə tələbələrin rəqabətədavamlı mütəxəssis kimi formalaşmaları üçün yaradılan hərtərəfli imkanları, Çin və Cənubi Koreya universitetləri ilə icra olunan ikili diplom proqramlarını, nəzərdə tutulan bir sıra tələbəyönümlü yenilikləri diqqətə çatdırıb. Həmçinin BMU-nu seçən yüksəkballı abituriyentlərin sayında bu il də iki dəfəyə yaxın artımın qeydə alınmasını, 395 nəfərin 500-dən yuxarı, 53 nəfərin isə 600-700 bal arasında nəticə göstərməsini son zamanlarda aparılan islahatların, ali təhsil ocağının qazandığı uğurların nəticəsi kimi qiymətləndirib.

“Universitetimizdəki müasir tədris prosesi bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minliyə daxil olan Bakı Mühəndislik Universitetini seçməkdə yanılmadığınızı göstərəcək”, - deyə rektor əminliyini ifadə edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən müxtəlif proqramlar, habelə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”ndan danışan Yaqub Piriyev hər il bu proqramlardan yüzlərlə gəncin  yararlandığını, dünyanın tanınmış universitetlərində oxumaq imkanı  qazandığını önə çəkib. Eyni zamanda, onların arasında BMU məzunlarının olduğunu bildirərək, tələbələrə bu müsbət nümunəni özlərinə örnək seçmələrini tövsiyə edib.    

Səmimi söhbət şəraitində keçən görüşdə tələbələr təhsil planları, arzuları və hədəfləri barədə fikirlərini bölüşüb. Onlara universitetdə yaradılan imkanlar, tələbə təşkilat və klubları, o cümlədən beynəlxalq mübadilə proqramlarında iştirak şansı, BMU Texnoparkında olan startap və innovasiya mərkəzləri barədə ətraflı məlumat verilib.