Rus-tatar qəbiristanlığındakı məzarları kim dağıdır? - Fotolar

rus-tatar-qebiristanligindaki-mezarlari-kim-dagidir
Oxunma sayı: 4613

Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında bəzi məzarlar dağıdılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, qohumunun qəbrini ziyarət edən vətəndaşlardan biri belə bir mənzərə ilə qarşılaşdığını bildirib. O qeyd edib ki, qəbirlərin başdaşları yararsız hala salınıb, xaçlar və hasarlar məhv edilib.

Məsələ ilə bağlı Əmircan qəsəbə bələdiyyəsinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən qəbiristanlıqda mütəmadi olaraq abadlıq işləri aparılır:

“Bu qəbiristanlıqdakı məzarlar yiyəsiz qəbirlərdir. Burada 30-40 ilin qəbirləri var. Qəbirlər rus, tatar və ermənilərə məxsusdur. Buna görə də mütəmadi olaraq gəlib ziyarət edən də yoxdur. Bura nəzarət edən şəxs də elə rus-tatar əsillidir.

Qəbirlərin bəziləri uzun müddət öncə dağıdılandır. Amma biz mütəmadi olaraq burada təmizlik işləri aparırıq və dağılan qəbirlərin bərbasını edirik. Baş verən hadisə ilə bağlı ötən gün məlumat almışıq. Bundan sonra məsələnin araşdırılması və qəbirlərin kim tərəfindən yararsız hala salınmasını öyrənmək üçün polisə müraciət etmişik. Yaxın zamanda onların bələdiyyə tərəfindən bərpası işləri aparılacaq”. 

Lamiyə Məmmədova