Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən külli miqdarda rüşvət alıb.
Kapitan Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.
V. Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.
Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sail Ağasəlim